PFL-də dəyişikliyə niyə sevinirik? – İylənmiş o başa baxın!
Peşəkar Futbol Liqasında arda-arda edilən kadr islahatı hamını sevindirir. Hər kəs Aslan Şahgəldiyevin, Elgiz Abbasovun daha yüksək vəzifəyə təyin olunmasına, Sənan Abdullayevin quruma gətirilməsinə “alqış” deyir.
Çoxu isə elə düşünür ki, bu təyinatlar futbol təsərrüfatında canlanma yaradacaq, bərbad idarəçilikdə dönüş olacaq. Doğrudanmı belədir? Biz boşuna sevinirik, yoxsa…
Əvvəlcə ondan başlayaq ki, Peşəkar Futbol Liqasının hansı səlahiyyətləri var. PFL ölkə futbolunun inkişafını təmin edəcək qərarların qəbulunda heç bir səlahiyyətə sahib deyil. Yəni bu qurum qanunverici yox, icraedicidir. Özü də, futbolun inkişafı ilə bağlı qəbul edilən qərarların da icrasından uzaqdır. Peşəkar Futbol Liqasının işi çempionatın təşkilidir, vəssalam. Ramin Musayevin vaxtında formalaşan bu komanda işinin öhdəsindən gəlib. Düzdür, səhvlər də olub, amma iş varsa, səhv də olmalıdır. Bundan sonra da bu uşaqlar eyni işi görəcəklər.
Azərbaycan futbolunun inkişafını təmin edəcək qərarları isə AFFA verir. Daha doğrusu, İcraiyyə Komitəsi.
Bəh, indi dönün o İcraiyyə Komitəsinə, onun tərkibinə baxın. Uğursuz kadrlar, orta səviyyədən də aşağı futbolçu karyerası olan veteranlar, amansız korrupsionerlər…
İcraiyyə Komitəsində kimlərin olduğunu bir daha xatırladaq:
14 ildir AFFA prezidenti olan Rövnəq Abdullayev – bu illər ərzində feyr-pleylə pley-offun fərqini ayırd edə bilməyən korrupsioner-oliqarx.
Azərbaycanda futbolun əsas “qatillər”indən biri – Elxan Məmmədov. Həbs olunmamaq üçün Fransaya qaçsa da, hələ də qurumu Strasburqdan idarə edir.
Kazbek Tuayev – Həmişə Azərbaycanda futbolun səfasını çəkmiş adam. Futbolun inkişafı ilə bağlı bircə təklifi də olmayıb. Amma AFFA rəhbərliyini tərifləməkdə pərgardır.
İsgəndər Cavadov – Kazbek Tuayevin tayı.
Elşad Nəsirov – Bu sirli adamın ümumiyyətlə, futbol təsərrüfatına hansı məqsədlə pərçim edildiyini heç fələk də bilmir.
Fərid Mansurov – Olimpiya çempionu özünü nüfuzdan salmaq üçün futbol təsərrüfatına gəlməkdən yaxşı variant fikirləşə bilməzdi.
Rauf Əliyev – Berlində futbol məktəbi “yaradıb”, Azərbaycan üçün futbolçu “yetişdirən”, milyonlar qazanan unikal millət vəkili.
Vaqif Sadıqov – AFFA rəhbərlərini şövqlə mədh edən daha bir veteran.
Zauq Axundov – Odda yanmaz, suda batmaz adam. Futzalımızı bərbad günə qoyan, “Keşlə”ni xeyli borcla şamaxılılara soxuşduran istedadlı alverçi.
Firudin Qurbanov – Bərbad gündə olan təhsilimizin nümayəndəsi. Futbol elə onun yeridir.
Mahir Məmmədov – Şahmat təsərrüfatında amansız intriqaların banisi. Futboldan da yaxşı qazanc götürür.
Elmar Məmmədyarov – Gülək, gülək, yenə də gülək.
Könül Mehdiyeva – şərhsiz.
Vəssalam. Azərbaycanda futbolun bəlası bunlardır. Futbolun başı olanlar – İcraiyyə Komitəsi. Bu baş iylənir. Azərbaycan futbolunda inkişaf olması üçün ilk növbədə bu “iylənmiş baş” kəsilməlidir. Başqa yolumuz yoxdur. PFL-də olan kadr islahatı isə nəyisə dəyişməyəcək. O uşaqlar dünən də öz işlərini vicdanla, peşəkarcasına görürdülər, sabah da görəcəklər. Sevinirik. Amma nahaq. Bir o iy verən başa baxın!
Natiq Muxtarlı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin