Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb
Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, himnin sözləri Cavid Şahbazbəyova, musiqisi İsa Məlikova aiddir.
Milyonlarla ürəyə yol tapmış futbolu, ona sevgini özündə ehtiva edən himndə azarkeşlərin hiss və həyəcanı, futbolda azarkeş-oyunçu vəhdəti kimi ideyalar ifadə olunub.
Himnin bəstəkarı İsa Məlikov təəssüratlarını bölüşüb:
“PFL-in himnini yazmaq kimi məsuliyyətli bir işin mənə həvalə olunmasına sevindim və fəxr etdim. Belə etimada görə PFL rəhbərliyinə və onun bütün komandasına təşəkkür edirəm. Bu layihə üzərində işləmək həqiqətən gözəl idi. Əminəm ki, bu himnin sədaları altında futbolçularımız parlaq qələbələr nümayiş etdirəcəklər”.
Himnin sözlərinin müəllifi Cavid Şahbazbəyov futbol azarkeşi olmasının ona əlavə ruh verdiyini, yeni əsərinin yeni uğurlara çağırış olacağına ümidini ifadə edib:
“Himndə vermək istədiyim əsas ideya futbolun azarkeşlər üçün oynanılmağı, bu səbəbdən də oyunçu və fanatların matç ərzində nəbzinin bir vurmağıdır. Əsas istək azarkeşlərin tribunada komandasını dəstəkləməsi, futbolçuların isə meydançada qələbə üçün can qoymasıdır.
İnanıram ki, Azərbaycan futboluna maraq artmağa davam edəcək, insanlarımız asudə vaxtlarını stadionda keçirəcək.
Bu layihədə iştirakla bağlı təklif alanda çox sevindim, çünki futbolu sevirəm. Uşaqlıqdan futbolla məşğul olmuşam, oynamışam, azarkeşi olmuşam. Buna görə də futbol azarkeşləri, camiəsi üçün bu sevgini şeiriyyata tökmək çox həyəcanverici, eyni zamanda məsuliyyətli vəzifə idi. Layihəni şair kimi yaradıcılığıma böyük bir çağırış olaraq gördüyüm üçün çox böyük məmnuniyyətlə təklifi qəbul etdim.
Bir azarkeş, futbolu sevən şəxs, Azərbaycan vətəndaşı olaraq çox xoşbəxtəm ki, bu işdə az da olsa mənim də əziyyətim var. Himni hər dəfə stadionda eşitmək mənim üçün qürurverici, eyni zamanda ikiqat bayram olacaq”.
Bizi Facebook-da izləyin