Paytaxt klubunda 2 milyonluq yeni qapıçı
İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Spetsiya”nın qapıçısı İvan Provedeli heyətinə qatıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. İtaliyadan olan 28 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb. “Latsio” bu transferə görə “Spetsiya”ya 2 milyon avro ödəyib.
İvan Provedel 2020-ci ildən “Spetsiya”da çıxış edirdi. O, daha öncə “Piza”, “Peruca”, “Modena”, “Pro Verçelli” və “Yuve Stabia” klublarının da formasını geyinib.
“Latsio” öz futbolçularından Qonsalo Eskalante ilə Mattia Novellanı da icarəyə göndərib. Paytaxt klubu Eskalanteni “Kremoneze”yə, Novellanı isə “Piçerno”ya icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq. Eskalantenin müqaviləsində satınalma şərti də var.
Argentinadan olan Qonsalo Eskalante 2020-ci ildən “Latsio”da çıxış edirdi. 29 yaşlı yarımmüdafiəçi daha öncə “Boka Xuniors”, “Kataniya” və “Eybar”da da forma geyinib. Bu ilin əvvəlində isə o, “Alaves”ə icarəyə verilmişdi. Sağ cinah müdafiəçisi olan Mattia Novella isə “Latsio”nun öz yetirməsidir. 21 yaşlı futbolçu hələ əsas komandada debüt etməyib.
İvan Provedeli “Latsio”ya satan “Spetsiya” da heyətinə yeni qapıçı cəlb edib. Sözügedən klub “Fiorentina”dan Bartolomey Draqovskini transfer edib. Bu transfer də 2 milyon avroya başa gəlib. Polşadan olan qolkiperlə 3 illik müqavilə imzalanıb.
Bartolomey Draqovski 2016-cı ildən “Fiorentina”da çıxış edirdi. O, 2019-cu ildə “Empoli”də icarədə də oynayıb. Polşa yığmasının da üzvü olan qapıçı Florensiya təmsilçisində 125 oyun keçirib. O, bu görüşlərdə qapısından 125 top buraxıb, 20 oyunda isə toxunulmaz saxlayıb. Millidə 2 oyun keçirmiş qolkiper, daha öncə ölkəsində “Yagelloniya”nın uğurları üçün çalışıb.
Bizi Facebook-da izləyin