Paralimpiya Komitəsindən qran-pridə iştirak etməyən cüdoçularla bağlı açıqlama

Azərbaycan Milli Paralimpiya Komitəsi Türkiyənin Antalya şəhərindəki qran-pridə iştirak etməyən 5 paracüdoçu ilə bağlı məsələyə münasibət bildirib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi “feysbuk” hesabında paylaşım olunub.

“Bu gün bəzi mətbuat orqanlarında Türkiyənin Antalya şəhərindəki qran-pridə iştirak etməyəcək 5 paracüdoçumuz ilə bağlı xəbər yayılıb. Qeyd olunan paracüdoçular – Dürsədəf Kərimova, Sevda Vəliyeva, Şahanə Hacıyeva, Xanım Hüseynova ilə Kənan Abdullaxanlı bundan əvvəlki yarışlarda qaydalara uyğun olaraq tibbi təsnifatdan keçiblər və mübarizə aparıblar.

Antalyadakı yarışdan əvvəl adıçəkilən idmançılara ilkin tibbi təsnifat zamanı “CNC’ (Classification not confirmed, yəni təsnifat təsdiqlənməyib) statusu müəyyən edilib və növbəti yarışlar üçün yenidən tibbi baxışdan keçmələri nəzərdə tutulub. Paracüdoçularımız üçün “NE” (non eligible, yəni uyğun gəlməyən) statusu müəyyənləşdirilməyib. Tibbi komissiya tərəfindən əlavə sənəd tələb olunub. Tələb olunan sənəd Bakıda aradan qaldırılaraq yenidən sistemə yüklənəcək.

Həmçinin idmançılarımız tibbi təsnifata komitənin oftalmoloqunun müşayiəti ilə yollanıblar və onun tərəfindən sənəd çatışmazlığının növbəti yarışda iştirak üçün aradan qaldırılması ilə bağlı lazımi qeydlər götürülüb. Tokio-2020 Paralimpiya Oyunlarından sonra dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır.

Qeyd edək ki, idmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb. Paracüdoçularımız Paris Paralimpiadasına hazırlığı yüksək əhval-ruhiyyədə davam etdirirlər.

Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və idmançılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik.

Mətbuat nümayəndələrindən bu cür xəbərlərin yayılmasından əvvəl komitənin mövqeyini öyrənmələrini xahiş edirik”, – deyə açıqlamada bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button