Paralimpiya Komitəsində baş katib vəzifəsi ləğv olundu

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

MPK-nın Mətbuat Xidmətindən Komanda.az-a verilən məlumata görə, toplantıda qurumun prezidenti İlqar Rəhimov çıxış edərək komitənin strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resursların qənaət edilməsi və təşkilatın nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifəsinin ləğv olunmasının məqsədəuyğun olduğunu hesab etdiyini bildirib.

Rəhimov daha sonra komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu qeyd edib. Komitə prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Babayev Eldar İbrəhim oğlunun təyin olunmasına razılıq verilməsini İcraiyyə Komitəsinin üzvlərindən xahiş edib.

Daha sonra gündəlikdə olan məsələlər müzakirə edilib və İK-nın bir sıra qərarları qəbul edilib:

1. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin icraçı direktor vəzifəsi təsis olunsun.

3. Babayev Eldar İbrəhim oğlunun Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsinə təyin olunmasına razılıq verilsin.

4. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin nizamnaməsində müəyyən dəyişiklik edilsin və nizamnamə yeni redaksiyada növbəti ümumi yığıncaqda təsdiq olunsun.

Komitənin yeni təsis olunmuş icraçı direktor vəzifəsində çalışacaq Eldar Babayev bundan öncə UNICEF-in layihələri əsasında Uşaq Paralimpiya Komitəsində idman növləri üzrə təlimatçı, daha sonra isə komitə prezidentinin köməkçisi vəzifələrində çalışmışdır. Eyni zamanda, Babayev 2019 və 2021-ci illərdə Bakıda keçirilmiş “IBSA JUDO GRAND PRIX” yarışlarında təşkilat komitəsinin üzvü olub.

İcraiyyə Komitəsinin iclası bitdikdən sonra İlqar Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilib. O, idman şöbəsinin müdiri vəzifəsinin icrasını da davam etdirəcək. Mürsəlov Tokio-2020 Yay Paralimpiya Oyunlarında və Pekin-2022 Qış Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının şef-de-missionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button