
Adil Şükürov, get, bir də dönmə geri
Fəxri Rüstəmli
“Kəpəz” Azərbaycan futbolunun simalarındandır. Gəncə böyüklüyünə görə Bakıdan sonra ikinci yerdə durur. Azərbaycan kimi kiçik bir ölkə üçün metropol sayılan şəhərin komandası bu durumda olmamalıdır, yolverilməzdir.
Bu komandanın adı futbolsevərlərdə hər zaman nostalji, bölgə futboluna bağlılıq və inam hissi oyadıb. Ancaq son illərdə Gəncə təmsilçisinin yaşadıqları, xüsusən də, mövsümün startında ardıcıl beş oyunda məğlub olması artıq ciddi siqnaldır.
Ən acınacaqlısı isə məğlubiyyətlərin özü yox, baş məşqçi Adil Şükürovun bu durum qarşısında sərgilədiyi davranışdır. Oyunları izləyən hər kəs görür ki, “Kəpəz” meydanda aciz, ideyasız və mübarizəsiz təsir bağışlayır. Sıradan, qeyri-peşəkar kimi görünürlər. Zatən peşəkarlıqları da şübhə doğurur artıq. Transferlər uğursuz, komanda isə həm fiziki, həm də psixoloji baxımdan tamamilə dağınıqdır. Transferləri həyata keçirən adamı yalan-doğru, klubdan uzaqlaşdırıblar. Amma bütün bunların əsas məsuliyyətini daşımalı olan adam baş məşqçi postunda oturan Adil Şükürovdur.
Ancaq o, meydandakı fiaskoya görə günahını qəbul etmək, səhvlərini etiraf etmək əvəzinə, nə edir? Azarkeşin üzərinə hücum çəkir, onları “razborka”ya dəvət edir! Belə görünür ki, Şükürov özünü hansısa “lotular”ın, narkotacirlərin, “baronlar”ın ölkəsindəki kimi hiss edir. Bircə tapançası çatışmır ki, qayışından çıxarıb azarkeşi silahla hədələsin.
Çox məşqçi görmüşük, amma ardıcıl beş turda uduzan baş məşqçinin azarkeşi təhdid etməsi, onları günahlandırması, mətbuat qarşısında “sudan quru” çıxmağa çalışması həm gülünc, həm də biabırçı mənzərədir. Üstəlik, peşəkarlıqdan uzaq, bir kluba yaraşmayan hərəkətlərdir.
Azarkeş futbolun canıdır. “Kəpəz” tərəfdarları isə Azərbaycan futbolunun ən sədaqətli azarkeşlərindəndir. Onlar illərlə komandalarının arxasında durublar – qələbədə də, məğlubiyyətdə də. İndi isə nəticə tələb etmək onların ən təbii haqqıdır. Məşqçi azarkeşlə “razborka” etmək, onları hədəfə almaq əvəzinə, onlarla bir olmalıdır.
Şükürov isə sanki başqa aləmdədir. Ard-arda uduzur, amma yenə də özünü haqlı çıxarmağa çalışır. Belə yanaşma ilə “Kəpəz”in dirçəlişini gözləmək, sadəcə, absurd olardı. Baş məşqçi meydanda rəqiblə yox, tribunadakı azarkeşlə mübarizə aparırsa, deməli, artıq futbol adına danışmağa söz qalmayıb.
Şükürov anlamalıdır ki, bu post şəxsi iddia, eqo nümayiş etdirmək üçün deyil. “Kəpəz” tarixi və böyük adı olan bir klubdur, onun hesabına kiminsə özünü sınaqdan keçirmək haqqı yoxdur. Nəticə vermirsənsə, azarkeşin qarşısında borclu olduğunu qəbul etməlisən. Beş turda sıfır xal yığan baş məşqçinin azarkeşi “razborka”ya çağırmağa deyil, yalnız istefa ərizəsi yazmağa haqqı var. Nə qədər ki, gec deyil, Şükürovun getməsi daha məqsədəuyğundur hazırkı durumda. Özü də elə-belə yox e, bir də “Kəpəz”in adını tutmamaq şərti ilə. Ona görə “Kəpəz”in adını tutmamaq şərti ilə ki, bu komandanı sənə ikinci dəfə tapşırdılar və hər ikisində yarıtmadın.
Hə, geciksəniz də, getmək lazımdır, Adil Şükürov. Bir daha “Kəpəz”ə yolunuz düşməmək şərti ilə.
Bizi Facebook-da izləyin



