
Özünə yox, müqaviləsinə hörmət edən Santuş
Fəxri Rüstəmli
Azərbaycan millisi dünən futbol tariximizə daha bir acınacaqlı nəticə ilə düşdü. Milli komanda səfərdə heç yarım milyon əhalisi olmayan İslandiyanın yığması qarşısında 0:5 hesabı ilə darmadağın oldu. Bəli, bəli, yarım milyon. Yarım milyona yaxın əhalisi olan islandlar 11 nəfərlik heyət formalaşdıra bilir, amma az qala sayı 11 milyon olacaq Azərbaycandan ortalığa düz-əməlli 11 futbolçu çıxmır.
Nədir bunun səbəbləri, kimdir günahkar?
Oyunda demək olar ki, meydanda yalnız bir komanda var idi – İslandiya. Azərbaycan millisinin müdafiə xətti dünən çox “səxavətli” görünürdü, hücum isə tamamilə yoxa çıxmışdı. Futbolçuların ruhsuz oyunu, mübarizəsiz davranışı… Nəriman Axundzadə ilə Mahir Emrelinin ümidinə qalan hücum xətti qeyri-adi heç nə ilə yadda qalmadı.
Bu oyun bir daha göstərdi ki, Azərbaycan futbolu yerində sayır.
Bu nəticə bir daha göstərdi ki, Azərbaycan futbolu çoxdan “haqqın dərgahı”na qovuşub, sadəcə qəbullanmaq istəmirik.
Və nəhayət, bu nəticəyə, oyuna dözməyən AFFA-nın baş katibi Cahangir Fərəcullayev baş məşqçi Fernandu Santuşun istefa verməli olduğunu bildirdi. Bu qərarı dəstəkləmək olar: Santuşun gəlişi əvvəldən səhv idi və komandanın potensialını üzə çıxarmaq əvəzinə, məğlubiyyətlərin davamlılığını təmin etdi.
Bunun qarşılığında isə İslandiyadan Portuqaliyaya birbaşa reysin olub-olmaması ilə bağlı suala qısaca “bilmirəm” cavabını verən Santuş müəllim, “niyə istefa verməliyəm ki?” deyir.
Özünə hörmət edən məşqçi dünənki oyundan, nəticədən sonra istefa verər. Axı, siz Avropa çempionusuz, cənab Santuş!
Amma çox güman ki, Santuş “AFFA ilə müqaviləm var. Müqaviləmə hörmətlə yanaşım, pulumu qazanım” düşüncəsindədir. Özünə hörmətlə yanaşmasa da, müqaviləsinə hörmət edir, maşallah!
Mətbuat, futbol ictimaiyyəti Santuşu, onunla müqavilə bağlayan AFFA-nı tənqid edir. Xub! Amma əksəriyyətin unutduğu və bəzilərinin bilmədiyi bir şey var: Fernandu Santuşun Azərbaycan millisinə təyinatı “yuxarı”dan məsləhət görülüb, razılıq verilib. Bu, Santuş milli komandaya yeni gələndə zatən məlum idi, amma zamanla “unuduldu”. Portuqaliyalı mütəxəssis “yuxarı səviyyə”də Azərbaycan millisinin baş məşqçi postuna xeyir-dua alıbsa, elə onlar da getməsinə “yaşıl işıq” yandırmalıdır. Ümid edirik ki, dünən İslandiyada baş verən biabırçılığı Santuşu Azərbaycan millisi üçün uyğun və uğurlu namizəd kimi görənlər də izləyib.
Bizi Facebook-da izləyin



