Özünə hörməti olmayan Kadi

Kürşad

Kadi Borgesin “Qarabağ”dan ayrılıb, Rusiyanın “Krasnodar” klubuna keçəcəyi xəbəri bir neçə gündür ki, idman mediasının gündəmidir.

“Qarabağ” Kadini itirməklə çox şey itirəcəkmi? Şübhəsiz. Son illərin “Qarabağ”ında braziliyalı futbolçu ən əsas fiqurlardan biri olub. Onun vurduğu qollar, verdiyi ötürmələr, apardığı mübarizə “köhlən atlar”ın avrokuboklarda mərhələlər adlamasında və Azərbaycan çempionu olub, kuboka yiyələnməsində az rol oynamayıb. Kadi Ağdam komandası üçün vacib fiqurdur. Amma…

Əminəm ki, Qurban Qurbanov Borgesi əvəzləyəcək yeni futbolçu tapacaq. “Qarabağ”da hər zaman belə olub. Həm də, Qurbanovun komandası elə bir komandadır ki, fərdlər çox önəmli olsa da, onların gedişi oyun sistemini, nəticələri dəyişmir. Patrik Andrade gedəndə də belə oldu, İbrahima Vadji gedəndə də.

Məncə, Kadi Borges məsələsinə görə “Qarabağ”ı suçlamaq o qədər də məntiqli deyil. İstənilən Azərbaycan klubu 5 milyon dollara futbolçu satmaq fürsəti əldə edibsə, bundan imtina etməməlidir. Üstəlik, o futbolçunun müqaviləsində “5 milyon dollarlıq təklif olarsa, klub onu sərbəst buraxacaq” bəndi varsa.

İşin şəxsən mənə görə maraqlı olan tərəfi Kadinin özünün seçimidir. “Krasnodar” Rusiyanın ortabab klublarından biridir. Yəni “Qarabağ” Azərbaycan üçün nədirsə, bu komanda Rusiya üçün o deyil, heç yaxın da düşmür. Məsələnin bir az mənəvi, bir az da peşəkarlıq yönündən yanaşma tələb edən tərəfi də var. Rusiya işğalçı dövlətdir, Ukraynaya hücum edib, torpaqlarını ələ keçirib, günahsız qadınları, uşaqları, qocaları öldürüb, öldürməyə davam edir. Fevralın 24-dən başlayan bu işğalçı, qanlı hücumlardan sonra özünə hörmət edən xeyli sayda əcnəbi futbolçu, məşqçi Rusiyanı tərk etdi. Belə görünür ki, Kadinin özünə hörməti yoxdur… Bu, məsələnin mənəvi tərəfi.

Beynəlxalq futbol təşkilatları – FİFA və UEFA Rusiyanın bütün milli komandalarını, klublarını beynəlxalq yarışlardan uzaqlaşdırıb. Bu ölkənin klubları avrokoboklarda yoxdur və nə zaman buraxılacaqları da böyük sual altındadır. Hətta rusların Avropa futbol ailəsindən üz çevirib, Asiya futboluna qoşulmaq ehtimalı da var. “Qarabağ”la il ərzində 30 mindən çox azarkeş önündə, avrokubok matçlarında oynayan Kadi Borgesin Rusiyada bunu etmək imkanı nə qədər çox olacaq? Zövq alıb, feyziyab olacaqmı? Görəcəyik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button