Özünü erməni kimi hiss edən nigeriyalı Udo və “bizim” Əli – Yazı+Fotolar
Cənubi Qafqaz ölkələrinin futbol üzrə milli komandaları içərisində ən çox perspektivsiz əcnəbi futbolçuların üzünə bəh-bəhlə, təmtəraqla qapılarını taybatay açan Azərbaycan yığmasıdır. AFFA-nın yüksək hədəfləri fəth etmək naminə həyata keçirdiyi səmərəsiz naturalizasiya islahatlarının kəmiyyətinin artmasına, coğrafiyasının rəngarəngliyinə baxmayaraq, keyfiyyət daim sıfırda qaldı.
DÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi öz qrupundakı son üç oyununda da yaşıl meydanda növbəti dəfə bataqlığa qərq oldu, yalnız başının bataqlıqda itməsini güclə xilas edərək, bir xal qazana bildi. Yığmanın ən böyük faciəsi üç oyunda göstərdiyi fiaskolu çıxışından da çox onun futbolçularının, özü də etnik azərbaycanlı-türk olan cənublu soydaşlarımız – Höccət Haqverdi ilə Əli Qurbaninin azərbaycanca bilmələrinə rəğmən, dövlət himnini nəinki ifa etmək, heç dodaqlarını da tərpətməmələrindədir. Hər zaman arzum o olub ki, nə qan, nə dil, nə də mentalitet baxımından bizə bir qram da olsun bağlılığı olmayan rus, ukraynalı, braziliyalı, ispan, nigeriyalı, dağıstanlı, xorvat və digərlərinə Azərbaycan pastortunu paylamaqdansa, İraqda, Suriyada yaşayan, özlərini azərbaycanlı hesab edən türkmənlər və Arazın o tayında ömürlərini “sürdürən” soydaşlarımız millimizə cəlb edilsin. Amma görünür, bu, xam xəyaldan başqa bir şey deyil…
Bizimlə eyni qanı daşıyan, eyni dildə danışan yuxarıda adlarını çəkdiyim “soydaşlarımız” himnə hörmətsizlik edəndə, etnik rus olan Maksim Medvedev, ukraynalı Anton Krivotsyuk Üzeyir Hacıbəyovun bəstələdiyi musiqini hamıdan ucadan oxuyurdular.
Əli Qurbani nə az, nə çox, düz 30 yaşında Azərbaycan vətəndaşlığına qəbul edilən zaman İranın “varseh3.com” saytına müsahibəsində bunları demişdi:
“Mənə Azərbaycan pasportu veriblər. Hazırda ikili vətəndaşlığım var və bu yığmada oynaya bilərəm. Bu, mənim İranı tərk etməyim demək deyil. İran mənim ilk və son evimdir. İran millisinə dəvət almağı çox istədim, amma təəssüf ki, bu, olmadı. Bu, həyatımın ən böyük peşmançılığı olaraq qalır”.
Adı çəkilən futbolçu 2020-ci ilin oktyabrında səsləndirdiyi ifadəsindən də bir qədər irəli gedib, bu yaxınlarda şəxsi “instaqram” hesabında özünü peşəkar iranlı futbolçu kimi təqdim etməkdən də çəkinmədi.
AFFA rəhbərliyi bizim mədəniyyətə, dəyərlərə hörmət, ehtiram göstərməyib, naturalizasiya olunmaq istəməyən, qanı azərbaycanlı, ruhu rəngarəng, beyni yad ünsürlə dolu olanlara milli pasportu sırıyaraq Azərbaycanı yaşıl meydanlarda rüsvay edəndə, digər ölkələr milliləşdirmə siyasətindən maksimum az istifadə edərək, daha çox özünün uşaq futboluna milyonlarla yatırımlar edir, gənc futbolçularını top liqalara daşıyır. Milliləşdirməyə ehtiyac duyan zaman da son dərəcə perspektivli futbolçuları özününküləşdirirlər, təbii ki, naturalizasiya prosesini uğurla keçdikdən sonra.
Misallar çəkməklə bəzi faktları diqqətinizə çatdırım. Başlayaq vahid etnosu olmayan, əhalisi miqrantlardan formalaşan ABŞ-dan.
Amerikada doğulmayan və bu ölkə ilə heç bir bağları olmayan, Niderlandın Almere şəhərində dünyaya göz açan Serjinyo Dest Niderland millisində oynamaq şansı ola-ola okeanın o tayını üstün tutdu. “Almere Siti” klubunun yetirməsi olan Dest sonralar “Ayaks” kimi klubda top qovdu, 19 yaşında isə “Barselona”ya keçdi, hazırda da kataloniyalıların formasını daşımaqdadır. O, həmçinin “Barselona” klubunda top qovan ilk amerikalı futbolçu kimi də tarixə düşdü. Amerikalı olmasa da, Dest ABŞ millisini seçərkən belə demişdi:
“Biz hamımız 2026-cı ildə dünya çempionu olmaq istəyirik, yalnız şəxsim üçün deyil, ABŞ komandası olaraq böyük uğurlar əldə etmək istəyirik“.
“Fənərbaxça”da top qovaraq təkcə oyunu ilə deyil, həm də Türkiyə sevərliyi ilə məşhurlaşan Marko Aurelio “ay-ulduzlular”ın millisində oynamaq istədiyini bildirdikdə, Türkiyə Futbol Federasiyası onu milliləşdirməklə kifayətlənmədi, adını türkləşdirib Mehmət Aurelio etdi, türk dilini öyrətdi və himni də oxutdurdu. Sonralar braziliyalı deyəcəkdi:
“Hansı ölkədə futbol oynayıramsa oynayım, milli komandaya xidmət edəcəm. Çünki milli komandanı və Türkiyəni çox sevirəm“.
Rusiya çoxmillətli dövlət olduğundan, onun milli komandasında azərbaycanlı Aleksandr Səmədov da daxil olmaqla, bir çox etnik rus olmayanlar top qovub. Amma buna baxmayaraq, futbol ictimaiyyəti və azarkeşlərin mütləq əksəriyyəti əcnəbilərin Rusiya millisində oynamasını daim etirazla qarşılayıb. Hətta rusiyalı veteran futbolçu Dmitri Kombarov çıxışlarının birində qətiyyətlə bildirmişdi:
“Rusiya millisində rus futbolçular oynamalıdır, əcnəbilər isə getsin öz millilərində oynasınlar!”
Lakin buna rəğmən, şimal qonşumuzun futbol federasiyası perspektiv vəd edən yarımrusları və qeyri-rusları naturalizasiya mərhələsini uğurla keçdikdən sonra milli komandaya cəlb edib. Onların içərisində Rusiyaya və ruslara zərrə qədər bağlılığı olmayanlar da var. Gəlin onların Rusiya millisini seçmələri ilə bağlı fikirlərinə nəzər yetirək.
1988-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində dünyaya gələn Roman Noyştedterin atası alman, anası rusdur. Uşaqlığını isə Qırğızıstanda, rus mənşəli nənə-babasının yanında keçirib. 90-cı illərdə ata yurdu olan Almaniyaya köç edərək “Maynts” klubunun uşaq komandalarında futbola başlayıb. Karyerası ərzində “Maynts”, “Borussiya” (Münhenqladbax), “Şalke-04”, “Fənərbaxça”, “Dinamo” (Moskva) kimi klublarda oynayıb. Noyştedter Almaniyanın U-20, U-21, hətta əsas milli komandasında iki yoxlama oyununda iştirak etsə də, 2016-cı ildə Rusiya millisini seçdi. Futbolçu bir neçə dildə, o cümlədən rus dilində də sərbəst danışır. Hətta jurnalistlər ona Dmitri Kombarovun yuxarıdakı ifadəsini xatırlatdıqda Noyştedter belə cavab vermişdi:
“Mən heç də özümü əcnəbi hesab etmirəm, çünki mənim rus köklərim var. Mən amerikan deyiləm”.
Noyştedterdən fərqli olaraq, Konstantin Rauş yarımrus belə deyil, xalis almandır. O, 1990-cı ildə, Tombov əyalətinin Kojevnikovo kəndində, alman ailəsində dünyaya gəlib. 6 yaşından ailəsi ilə birgə Almaniyaya köçür və “Lahendorf” klubunda futbolun sirlərini öyrənməyə başlayır. Peşəkar karyerası ərzində “Hanover-96”, “Ştutqart”, “Darmştadt-98”, “Köln”, “Dinamo” (Moskva) klublarında oynayıb, hazırda karyerasını “Nürnberq” klubunda davam etdirir. Rauş Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, 2015-ci ildə Rusiya millisini seçdi. Rusiyalı jurnalistin ona ünvanladığı “siz özünüzü rus hiss edirsizmi” sualına “bəli”deyə, cavab vermişdi. Başqa bir müsahibəsində jurnalistin ona “Almaniya ilə Rusiya millisi arasında seçim etmək çətin olmadı” sualına cavab olaraq Rauş bildirmişdi :
“Mən uşaqlıqdan Almaniyada yaşayıram, amma Rusiyanı heç vaxt unutmamışam və çoxdan Rusiya millisində oynamaq istəyirdim”.
Rusiyanı sevən, özünü rus hesab edən, onun əsas milli komandasına can atanların heç də hamısı yarırus, rus kökənli, Rusiyada dünyada gələn qeyri-ruslar deyil, həmçinin okeanın o tayından – Braziliyadan Rusiyaya gəlib top qovan legionerlər də var.
2010-cu ildən Rusiyada legioner həyatı yaşayan, “Spartak” (Moskva), “Krasnodar”, “Lokomotiv” (Moskva kimi klublarda oynamış Ariklenes da Silva Fereyra və ya qısaca Ari kimi çağırılan braziliyalı futbolçu, 2018-ci ildə Rusiya vətəndaşlığını qəbul edərək, cəmi iki oyunda yeni “vətən”inin milli komandasında forma geyinməsinə baxmayaraq, müsahibəsində bunları vurğulamışdı:
“Karyeramın yarısını Rusiyada keçirmişəm, özümü rus hesab edirəm. Bunu meydanda da göstərməyə hazıram. Bütün dostlarım və yaxınlarım bilirlər ki, Rusiya millisinin heyətinə düşməyi uzun müddətdir arzu edirəm”.
2007-ci ildən “Lokomotiv” (Moskva) klubunun çərçivəsini qoruyan braziyalı Marinato Gilyerme 2015-ci ildə Rusiya vətəndaşı olur, 2016-cı ildən Rusiya millisinə dəvət alır. Gilyermenin Rusiya millisinə dəvət olunması və bir çox oyunlarda, o cümlədən AÇ-2020-nin seçmə mərhələ matçlarında qapıda dayanması futbol ictimaiyyəti və azarkeşlərin kəskin etirazına səbəb olmuşdu. Braziliyalı qolkiperin “sportrbc.ru” saytında jurnalistin ona ünvanladığı “milliləşdirilmiş bir əcnəbinin Braziliya millisində çıxış etməsi milli faciə hesab olunardımı” sualına cavabı belə olmuşdu:
“Braziliyada vətənpərvərlik zəif olduğu halda, Rusiyada vətənpərvərlik olduqca güclü bir hissdir. Bu, ölkənin tarixi, əsas da Böyük Vətən Müharibəsi tarixi ilə bağlıdır. Braziliyanın Rusiya kimi möhtəşəm tarixi yoxdur və bu cür tarixi beyindən silib atmaq çox çətindir”.
Onu da qeyd edim ki, adı çəkilən hər iki “sambaçı” rus dilində təmiz danışır.
Ermənistan dünyada yalnız separatçı, türkəfob, vandalizmi ilə deyil, həm də monoetnik dövlət kimi tanınır. Ermənilər belə, hər yoldan keçəni, öz ölkələrində həvəskar səviyyəli əcnəbi futbolçuları gətirib milliləşdirmir. Hər hansı bir əcnəbi Ermənistan millisində oynamaq üçün erməni dilini öyrənməli, ölkənin milli dəyərlərinə hörmət etməli, beş il ölkədə yaşamalı və tam naturalizasiya prosesini keçdikdən sonra bu şərəfə nail ola bilər. Ermənistanın milliləşdirdiyi bəzi futbolçuları diqqətinizə çatdıraq.
Vbeymar Anqulo – kolumbiyalı futbolçu 2015-ci ildən Ermənistanda legioner həyatı yaşayır. Beş il “Qandzasar” klubunda oynadıqdan sonra “Ararat-Armeniya”ya transfer olundu, hazırda da bu komandada karyerasını davam etdirir. 2020-ci ildə kolumbiyalı futbolçu könüllü olaraq Ermənistan vətəndaşlığına qəbul olunmaqla bağlı müraciət etdi və müsbət cavab aldı. Bununla, o, həm də Ermənistan milli komandasında oynamaq şansı qazandı və müntəzəm olaraq da milliyə dəvət alır. Anqulo Ermənistan vətəndaşı olması və milli komandaya cəlb edilməsi ilə bağlı müsahibəsində belə demişdi:
“Mən artıq beş ildir Ermənistanda futbol oynayıram. İndi mənim arzum reallaşdı. Tanrıya minnətdaram ki, mənə bu imkanı yaratdı. Ermənistan mənim ikinci vətənimdir. Meydanda özüm və Ermənistanım üçün əlimdən gələni edəcəm”.
2015-ci ildən Ermənistanda legioner həyatı yaşayaraq bir neçə yerli klubda oynayan nigeriyalı Solomon Udo ötən il milliləşdirilərək, son seçmə mərhələnin oyunlarında ermənilərin millisinin heyətində çıxış etdi. Bu o Solomon Udodur ki, hazırda Qazaxıstanın “Şaxtyor” klubunda oynamasına baxmayaraq, özünü erməni adlandırır. O, ötən ay verdiyi müsahibəsində belə demişdi: “Özümü erməni kimi hiss edirəm”.
Ardınca isə başqa bir sayta açıqlamasında belə söyləmişdi:
“Hər dəfə məndən soruşanda “hardansan”, cavab verirəm ki, Gümrüdənəm. Ermənistana köç etməyim həyatımı son dərəcə dəyişdi və mənə yeni imkanlar açdı”.
“Pünik” və “Ararat” kimi klublarda top qovan braziliyalı Markos Pizelli 2008-ci ildə könüllü şəkildə Ermənitan vətəndaşlığına qəbul olunmaq və Ermənistan millisində oynamaq istəyini bildirdi. “Sambaçı” Ermənistan millisində keçirdiyi 66 oyunda 11 dəfə rəqib qapıçıları məyus edib. Pizelli 2007, 2008, 2010-cu illərdə Ermənistan çempionatının bombardiri, 2018-ci ildə isə həm Qazaxıstanda, həm də Ermənistanda ilin futbolçusu seçilib.
Futbolçu karyerasının sonlarında jurnalistin ona ünvanladığı “Erməni dili asan olmayan dillərdəndir, amma indi bu dildə sərbəst danışırsız. Erməni dilini necə öyrənə bildiz” sualına cavab olaraq belə demişdi:
“Mən Ermənistanda oynayırdım və bu dili öyrənməmək ayıb olardı. …Mən Ermənistanı çox sevirəm”.
Futbolçu 2019-cu ildə karyerasını başa vuraraq Braziliyaya qayıtsa da, ikinci vətəni ilə əlaqələrini kəsmədi. 2021-ci ilin martında isə Ermənistan Futbol Federasiyası Pizelliyə Cənubi Amerikada rəsmi nümayəndəsi kimi vəzifə verdi. Bundan sonra veteran futbolçu Cənubi Amerika ölkələrində top qovan erməni əsilli futbolçuları Ermənistan millisinə qazandırmaq üçün seleksiyaçılıq edəcək. Pizelli özünün yeni təyinatı ilə bağlı bunları vurğulamışdı:
“İlk öncə, onun xoşbəxtliyini duyuram ki, yenidən Ermənistan futbolunun bir parçası oldum. Ermənistanın yaxşı olması naminə əlimdən gələn bütün mümkün olan şeyləri əsirgəməyəcəm. Necə ki, bu ölkə mənim üçün hər şeyin yaxşısını etdi. Ermənistan millisinin heyətini gücləndirəcək futbolçuları üzə çıxaracam”.
Bölgələrdə futbol akademiyalarını batıran, uşaq futbolunu iflic vəziyyətə gətirən, gözdən pərdə asmaq üçün regionlara səfər edib uşaqlara pulsuz futbol topları paylayaraq şəkillər çəkdirən, vaxtaşırı ictimaiyyət qarşısında populist vədlər verən, gülünc islahatlarla ölkənin əsas komandasını yaşıl meydanlarda rüsvay edən, bir-birinin ardınca klubların fəaliyyətini sonlandıran, ölkənin dəyərlərinə hörmət-ehtiram göstərməyən əcnəbiləri milliləşdirərək Everest zirvəsini fəth etmək avantürasına düşən Elxan Məmmədov hərdən başını qaldırıb sağa-sola baxaraq, “acından ölən ölkələr”in, o cümlədən Ermənistanın üzə çıxardığı yerli futbolçulara, etnik erməni olmayanları necə naturalizasiya edərək milliləşdirməsinə və göstərdikləri oyunlara diqqətlə baxıb, papağını qarşısına qoysa, pis olmaz.
P.S. Daldakı millətlər keçib də getdi,
“Əkə” də, “təkə” də, “keçi” də getdi.
Abdulla İsmayıloğlu
Bizi Facebook-da izləyin