“Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq – Qurban Qurbanov
“Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde”yə qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu ilə bağlı mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis sabah qarşılaşma öncəsi son məşqə çıxacaqlarını bildirib: “Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı çıxış edəcəyik. Rəqibin özünəməxsus oyun sistemi var və bunu yaxşı icra edirlər. Həm bunu, həm də meydança amilini düşünməliyik. Futbolçularım sabah bugünə qədərki xarakterdən daha artığını etməlidirlər. Onlara güvənirəm. İstənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.
Baş məşqçi əvvəllər də soyuq hava şəraitində çıxış etdiklərini söyləyib: “Hər iki komanda üçün şərait eynidir. Sadəcə, rəqib bu şəraitə daha çox alışıb ki, üstünlükləri budur. Belə havada oynadığımız matçlar olub. Bunları futbolçularımıza bildiririk. İlk dəfə deyil ki, belə vəziyyətdə çıxış edəcəyik. Buna baxmayaraq, uğurlu çıxış üçün hər şeyi edəcəyik”.
O, sabahkı qarşılaşmada mümkün heç-heçənin uğurlu sayılacağını düşünür: “Niyə də yox? Futbol elə oyundur ki, hətta bəzən minimalhesablı məğlubiyyət də sonda işinə yarayır. Bizim istəyimiz daha yaxşı nəticə qazanmaqdır. Qarşılaşmanın ardından ümumi nəticəni analiz edəcəyik”.
Qurban Qurbanov UEFA-nın keçirdiyi sorğuda azarkeşlərin 78 faizinin “Qarabağ”ın qalib gələcəyini düşünməsinə də münasibət bildirib: “İnandıqlarına görə təşəkkür edirəm. Ancaq bunu düşünərək meydançaya çıxmayacağıq. Hər bir şəraiti, oyunun gedişatını nəzərə alacağıq. İnam varsa, bu, bizə verilən böyük dəyərdir. Həmişəki kimi, sabah da daha yaxşı nəticə üçün çalışacağıq”.
“Qarabağ”ın çalışdırıcısı Almaniyanın “Bayer” klubuna qarşı hər iki matçda açıq futbol oynadıqlarını xatırladaraq, rəqibdən asılı olmayaraq, öz oyun fəlsəfələrindən əl çəkməyəcəklərini vurğulayıb: “Bəzən rəqib buna mane olur. Sabah da bunu futbolçulardan tələb etməyə çalışacağıq. Ən vacibi tapşırığı düzgün yerinə yetirməkdir. “Molde” öz sistemindən əl çəkməyən təcrübəli rəqibdir. Hər iki komandanın düşüncəsi qalib gəlməkdir. Rəqibin də bir nömrəli oyunu var və bunu yerinə yetirməyə çalışır. İnanıram ki, sabah iki keyfiyyətli komandanın ifasında maraqlı görüş olacaq”.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Eyni xala malik Norveç təmsilçisi üçüncü sıradadır.
Bizi Facebook-da izləyin