“Neftçi” ilə oyunları həmişə səbirsizliklə gözləyirəm” – MÜSAHİBƏ
“Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikelsin Komanda.az saytına müsahibəsi:
- Azərbaycan Premyer Liqasında üçuncü mövsümünü keçirirsən. Bununla bağlı fikirlərin necədir?
- Bəli, artıq Azərbaycanda üçuncü mövsümümü keçirirəm. Burada olmaqdan şadam. Özümü Azərbaycanda çox rahat hiss edirəm və bundan sonra da bir neçə il burada qalmaq istərdim.
- Ötən mövsümü Səudiyyə Ərəbistanı klubunda keçirib yenidən “Sabah”a qayıtdın. Səudiyyə Ərəbistanı çempionatı ilə Azərbaycan Premyer Liqasını necə müqayisə edərdin?
- Bəli, ötən mövsümü Səudiyyə Ərəbistanında keçirdim. Amma bayaq da qeyd etdiyim kimi, buranı çox sevirəm, buna görə də, doğma klubuma qayıtmaq qərarına gəldim. O ki qaldı çempionatların müqayisəsinə, müqayisə aparmaq bir qədər çətindir. Məsələn, Səudiyyə Ərəbistanında çıxış etdiyim liqada 18 komanda yarışırdı. Bu da o deməkdir ki, qış fasiləsinə kimi 17 fərqli rəqiblə qarşılaşırsan. Buna görə, komandaya tez bir müddətdə uyğunlaşmalı və rəqibləri yaxından tanımalısan. Burada isə eyni rəqiblə mövsüm ərzində bir neçə dəfə qarşılaşdığından, komandalar bir-birini çox yaxşı tanıyırlar.
- Son turda “Zirə” ilə heç-heçədən sonra (1:1) rəqib komandanın çalışdırıcısı Rəşad Sadıqov oyunun çox hissəsində üstünlüyün onlarda olduğunu bildirsə də, sizin baş məşqçiniz əksini iddia etmişdi. Sən bu barədə nə düşünürsən?
- Fərqli fikirlərin olması normaldır. Futbol tamamilə fərqli fikirlərə və perspektivlərə əsaslanır. O ki qaldı oyuna, matça yaxşı başladıq və erkən qol vurduq. Bundan sonra 90 dəqiqə müdafiə xəttində çox səliqəli oynadıq və rəqibə şans vermədik. “Zirə”nin 90 dəqiqə ərzində demək olar, heç bir təhlükəli epizodu olmadı. Amma bizim də elə çox imkanımız olmadı. Hər iki məşqçinin fikirləri ilə razıyam.
- Qardaşın Leroy Mikelsin “Şamaxı”ya keçidində nə dərəcədə rolun olub və onun çıxışını necə dəyərləndirirsən?
- Əslində, qardaşımın transferində heç bir rolum olmayıb. Amma o, mənim Azərbaycan çempionatındakı oyunlarımı daim izləyirdi və bura gələndə onu nə gözlədiyini bilirdi. “Şamaxı” çempionata yaxşı başladı və çoxlu xallar topladı. Qardaşım adına sevinirəm. Ümid edirəm ki, onun karyerası bundan sonra da yaxşı istiqamətdə davam edər.
- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsız və Samir Abasovun gəlişindən sonra heç də asan oyun olmayacaq. Bununla bağlı nə düşünürsən?
- Əvvəla, onu deyim ki, liqada heç bir oyun asan olmur. “Neftçi” ilə oyunları həmişə səbirsizliklə gözləyirəm. Bu komanda ilə oyunlarda meydanda gərginliyi sözün həqiqi mənasında hiss edə bilirsən. O ki qaldı “Neftçi”də baş məşqçi dəyişikliyinə, Samir Abasov yaxşı məşqçidir, düşünürəm ki, komanda onun rəhbərliyi altında daha yaxşı çıxış edəcək. Amma inanıram ki, bazar günü meydandan qalib ayrılan tərəf biz olacağıq.
- Cesse Sekidika cari mövsümdə bombardirlər cədvəlində bir top fərqlə səni qabaqlayır. Bombardirlər yarışında komanda yoldaşınla mübarizə aparmaq necə hissdir?
- Bu sualı tez-tez eşidirəm. Amma burada qeyri-adi heç nə yoxdur. “Sabah”da öncə çıxış etdiyim, mövsümdə mənimlə birlikdə çoxlu qollar vuran dostum – Aleksey Kaşuk var idi. Ümid edək ki, biz qollar vurmağa və məhsuldar ötürmələrlə bir-birimizə kömək etməyə davam edəcəyik. Yeri gəlmişkən, Pavol Şafranko da qol sayında bizdən uzaqda deyil. Amma diqqət etmisizsə, biz qol sevinclərini adətən bir yerdə qeyd edirik. Bu da komandamızdakı birliyin nümunəsidir. İnanıram ki, bu bizim komanda olaraq daha da irəliləməyimizə kömək edəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin