“Sağ olsun, komandamıza “Mercedes” markalı mikroavtobus, forma, toplar alıb” – Müsahibə
Bir müddət əvvəl Ceyranbatan qəsəbəsini təmsil edən “Mübarizlər” komandasının yaradıldığını xəbər vermişdik. Komandanın yaradıcılarından olan Samir Musayevlə “Mübarizlər”in yaranması, gələcək hədəfləri haqda söhbət etdik. Musayev, Region Liqasında mübarizə aparmaq istədiklərindən, Ceyranbatan qəsəbəsində insanların futbola marağından və qəsəbə stadionunun hazırkı durumundan danışdı:
- Əvvəlcə “Mübarizlər” komandasının yaradılması haqda danışardız. Necə oldu ki, belə bir komanda yaratmaq qərarına gəldiz?
- İyun ayında qəsəbəmizdə çempionat təşkil etdik, 8 komandadan ibarət. Bizim dostumuz bu yaxınlarda dünyasını dəyişdi. Çempionatı Qarabağ müharibəsinin iştirakcısı Arif Qasimovun adına keçirdik. Ondan sonra ikinci çempionatın adını da uşaqlarla razılaşdıq və ümumi Azərbaycan şəhidlərinin adına olmasını istədik. Bu, qəsəbəmizdə futbola olan yüksək həvəs, istəkdən irəli gəldi. Komandanın adını da şəhid Mübariz İbrahimovun xatirəsinə görə belə adlandırdıq. Və Bakı kəndləri çempionatına qoşulduq. Birinci çempionatın finalına veteran futbolçular – Nazim Süleymanov, Novruz Əzimov, Səmədağa Şıxlarov, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstemli təşrif buyurmuşdu. İkinci finalda isə Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov qonaq qismində gəldi. O, bizi çempionata dəvət etdi.
- Komandanın heyəti neçə nəfərdən ibarətdir?
- Komandamız 25 futbolçu, 2 məşqçi, 1 həkim, 3 nəfər də idarə heyətindən ibarətdir. Keçmiş futbolçu Bəhruz Zeynalovu da baş məşqçi təyin etmişik. Futbolçularin əksəri qəsəbə uşaqlarıdır. Üç nəfər Sumqayıtdan gələn uşaq da var.
- Bəhruz Zeynalovun komandaya gətirilməsində Nazim Süleymanov və digər veteranlardan hansınınsa rolu varmı?
- Düzü, yoxdur. Özümüz təklif etdik və sağ olsun, qəbul etdi. Bəhruzun Türkiyədə işləri vardı. Qardaşını ora yolladı və hazırda komandamızdadır.
- Komandanı öz hesabınıza yaratmısız?
- Komandamızın sponsoru var – Murad Alxasov. “EME” parfüm şəbəkələrinin rəhbəridir. O bizə sponsorluq edir. Sağ olsun, komandamıza “Mercedes” markalı mikroavtobus, forma, toplar alıb. Maddi köməklik göstərir.
- Futbolçular pulsuz oynayacaq?
- Məvacib verilməsə də, bəzi oyunçulara köməklik məqsədi ilə yolpulu kimi maddi kömək olunur.
- Komanda məşqlərini harda edir?
- Məşqlərimiz həftədə iki dəfə, Abşeron Olimpiya kompleksində olur, ev oyunlarımızı da burda keçirəcəyik. Əlavə olaraq, Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında məşq etmək üçün razılıq almışıq.
- Bakı kəndləri çempionatı nə zaman başlayır və neçə komandadan ibarət olacaq?
- Püşk atılıb, 11 komandadan ibarət olacaq. Oktyabrın 27-dən start götürməlidir, sadəcə bir az yubanıb. Baş katib Elxan Məmmədov və Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov qol çəkməlidir. Onlar da hələ qol çəkməyib deyə, yubanır. İstəyirik ki, heç olmasa 1-ci turu bu bazar keçirəcək. O birilər də növbəti həftənin 3-cü günü olmalıdır. Bildiyim qədəriylə oyunlar üçün bizə stadion və hakimlər pulsuz veriləcək. Onlar da gözləyirlər ki, Region Liqası və Həvəskar Liqası başlasın, sonra biz başlayaq. Bakı kəndləri çempionatında iştirak edən 4-5 komanda ilə yoxlama oyununda qarşılaşmışıq və sadəcə bir dəfə məğlub olmuşuq.
- Heyətinizdəki futbolçular hamısı həvəskardır, yoxsa daha əvvəl peşəkar səviyyədə futbol oynayan var?
- Əvvəl oynayan uşaqlarımız var. “Sumqayıt”ın aşağı yaş qruplarında, keçmiş “Bakı”da, “Neftçi”də oynamış uşaqlar var.
- Bakı kəndləri çempionatının qalibini hans mükafatlar gözləyir?
- Qalib komandaya kubok və medallar veriləcək və Həvəskarlar Liqasına çıxış olmalıdır. Bir də, Vaqif Davudov İrana 10 günlük səfər olacağını deyib.
- Komanda olaraq məqsədiniz nədir? Bilirsiz ki, bizdə klublar çox yaşaya bilmir, bunu “Xəzər Lənkəran”, “Rəvan”, “Bakı” və digərlərindən görmək olar…
- Məqsədimiz çempionluqdur. Mümkün qədər irəli getmək istəyirik. İnşallah, bəzi problemlərimiz var, onları yoluna qoya bilsək, daha sonra Region Liqasında çıxış etmək istəyirik. Əsas, qəsəbəmizdə stadionumuzun bərpa olunmasını istəyirik.
- Hazırda Ceyranbatan qəsəbəsində olan stadionun durumu nə yerdədir?
- Stadionun paltardəyişmə otağı və duşu düzəlməlidir. Azarkeşlərimizi narahat etmək istəmirik, ev oyunlarımızı öz qəsəbə stadionumuzda keçirmək istəyirik. Qəsəbəmizdə son final oyununa 400-500 adam toplaşmışdı. Ceyranbatanda uşaqdan-böyüyə, futbola böyük həvəs var. Ötən il oyunlarımızı məktəbin stadionunda oynayırdıq. Oranın da torpaq örtüyü bərbad vəziyyətdədir. Ot, işıqlandırma, paltardəyişmə otağı yoxdur. Bununla belə, heç kim həvəsdən düşmür.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin