“Oyundan əvvəl qol vuracağımı hiss edirdim”
“Neftçi”nin müdafiəçisi Mamadu Mbodj Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt” üzərində qələbədən (2:1) sonra klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, oyundan əvvəl bu gün qol vuracağını hiss etdiyini bildirən seneqallı futbolçu dəstəyə görə azarkeşlərə təşəkkür edib:
– Oyunla bağlı fikirləriniz?
– Vacib üç xal qazandıq. Çox çətin oyun oldu, amma əlimizdən gələni elədik ki, qalib gələk.
– Buraxdığımız qol epizodunu necə xatırlayırsınız?
– Topu qapıçımıza ötürmək istəyirdim, amma ötürməm zəif alındı deyə, rəqib topa birinci çatıb hesabı açdı. Təbii ki, mənim səhvim idi.
– Ondan sonra bu oyunda qol vurmaq prinsip idi?
– Mənim üçün ən əsası komandanın qələbəsidir. Amma etiraf edim ki, oyundan əvvəl bu gün qol vuracağımı hiss edirdim. Elə də oldu. Eminin ötürməsi də ideal idi, məndən ancaq işi bitirmək tələb olunurdu.
– Azarkeşlərə sözünüz olacaqmı?
– Çox sağ olsunlar! Onlar həmişə bizim arxamızdadır. Onların dəstəyini hiss edirik. Azarkeşlərimiz üçün meydanda hər şeyi etməyə hazırıq.
Bizi Facebook-da izləyin