“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Araz-Naxçıvan”a uğurlar arzulayıram. Elmar Baxşıyev yaxşı komanda formalaşdırıb. Futbolçularıma təşəkkür edirəm ki, intizamı pozmadılar. Səhvsiz oynadıq. Çətin matç idi. Futbol baxımından yox, psixoloji baxımdan. Futbolçuların üzərində böyük təzyiq var idi. Neçə tur idi ki, qələbə qazana bilmirdik. Avrokuboklar mübarizəsindən düşmə zonasındaydıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər. Gərginlik var idi. Yolumuza davam edirik. Çətin oyunlar bizi gözləyir. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Uğurlu nəticələr qazanmaq istəyirik. Yeddi ayın komandasıyıq. İnid iddialıyıq, məni çox sevindirir.
Bizim ən çox rotasiya etdiyimiz mövqe müdafiənin mərkəzidir. Səhvləri minimuma endirmək istəyirik. Futbolçuları son həftədəki məşqlərə görə seçdim. 49 qol buraxmışıqsa, 30-a yaxını fərdi səhvlərə görədir. Yeni komandayıq, bunlar da olacaq. “Səbail” funksional hazırlığı yaxşı olan komandalardandır. Komandanın gücünə, potensialına inanıram. Komandam pik nöqtədə olmasa da, yaxşıdır. Ağabala Ramazanovu da geri qayıtdığı üçün təbrik etmək istəyirəm. Onun meydana daxil olması futboldan çox, insani yanaşma idi. Düzdür, hazır deyildi. Amma Ağabala ölümlə həyat arasında çarpışan biri idi. Onu futbola qaytardıq. Heyətimiz yetərlidir ki, sona qədər mübarizə aparaq”.
Bizi Facebook-da izləyin