“Orxan israrla “Turan Tovuz”da olmağı seçdi” – MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Azər Bağırovun Komanda.az saytına müsahibəsi:

  • Qış hazırlığınız necə keçdi? Bununla bağlı fikirlərinizi bilmək istərdik.
  • Qış hazırlığımız yaxşı keçdi. Komanda ayın 3-dən yığışdı. Yanvarın 4-dən bütün futbolçularımız artıq komandada idi. 5-6 günlük məşqlərdən sonra “Qarabağ”la oyunumuz oldu. Həmin oyunda da uşaqların hər biri hərəyə bir hissə oynadı. Sevinirəm ki, zədəsiz, ağrısız geri döndülər. Ayın 13-də komanda daxilində ikitərəfli oyun keçirdik və qış hazırlığını yekunlaşdırdıq. Sonrakı 6 günü də həftəlik məşqlərə başlayıb “Turan Tovuz”la matça hazırlaşdıq.
  • “Kəpəz”ə sponsor tapıldığı haqda söz-söhbətlər var. Bu nə dərəcədə doğrudur?
  • “Sponsor tapıldı” məsələsi çoxdandır yazılır, mediada da gündəmdədir. Yəqin ki, hər şey dəqiqləşdikdən sonra klubun rəsmi saytında məlumat yayılacaq. Bu gün məndə bu barədə informasiya demək olar ki, yoxdur.
  • Yeni transferlərlə bağlı durumunuz necədir, daha çox hansı mövqelərə oyunçu axtarırsız?
  • Əsasən vingerlər və orta xəttə oyunçu axtarırıq. İstədiklərimiz reallaşsa, bu yaxınlarda həmin oyunçular bizə qoşulacaq. Düşünürəm ki, 2-3 turdan sonra artıq bütün komanda demək olar ki, formalaşacaq.
  • Əsas hücumçularınızdan Orxan Əliyev komandadan ayrılıb. Bununla bağlı nə düşünürsüz?
  • Orxan üçün “Turan Tovuz”dan təklif gəldi və o, ayrılmaq istədiyini bildirdi. Klublar arasında danışıqlar oldu və hətta Orxana bildirildi ki, komandaya lazımlı futbolçudur, biz onun qalmasını istəyirik. Ancaq o, israrla Tovuz komandasında olmağı seçdi. Bundan sonra klub tərəfindən razılığa gəlindi ki, oyunçunun azad transferini verək.
  • Bu tur qarşılaşacağınız “Turan Tovuz”la matçdan gözləntiləriniz nədir?
  • “Kəpəz” olaraq bütün oyunlara qələbə üçün çıxmağa çalışırıq. Hər bir xal bizim üçün qənimətdir. Düşünürəm ki, hər şey bizim xeyirimizə olar, futbolçularım azarkeşlərin də dəstəyi ilə oyunu yaxşı şəkildə keçirər.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button