“Ordakı stadionda süni işıqlandırma yoxdur” – Riad Rəfiyev
AFFA Klublar Komitəsinin bugünkü iclasında ilk olaraq, 2019-2020 mövsümündə Azərbaycan Premyer Liqasında gənc futbolçular üçün limit məsələsi müzakirə edilib.
Komanda.az xəbər verir ki, bu barədə komitə sədri Riad Rəfiyev toplantıdan sonra keçirdiyi brifinqdə deyib. O bildirib ki, müzakirələrə Peşəkar Futbol Liqası rəsmiləri və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç də qatılıb. İclasda həm klublar, həm də Obradoviçin fikirləri dinlənilib. Serbiyalı mütəxəssis 1998-1999 təvəllüdlü iki futbolçunun start heyətdə yer almasını təklif edib. Klublar isə buna fərqli yanaşıblar. Yəni, bununla razılaşanlar da, razılaşmayanlar da olub.
Rəfiyev gündəlikdəki daha bir məsələnin oyunların vaxtı ilə əlaqədar olduğunu diqqətə çatdırıb:
“Artıq havalar istiləşməyə doğru gedir. Aprelin 13-də “Zirə” – “Sumqayıt” matçı saat 16:00-da başladı. Azərbaycan kubokunda bu iki komanda arasındakı ilk yarımfinal görüşü isə saat 16:30-da start götürəcək. Fikrimizcə, artıq oyunların saatlarını dəyişsək və bir qədər gec saatlara təyin etsək, daha yaxşı olar”.
Komitə sədri Azərbaycan kubokunun final matçının süni işıqlandırma sistemi olmayan stadionda təşkilindən narahatlığını da ifadə edib:
“Əslində, finalın regionda keçirilməsi gözəl fikirdir. Biz də bu ideyanı dəstəkləyirik. Sadəcə, bəzi nüanslar var ki, onunla əlaqədar müzakirə aparılır. Məsələn, Azərbaycan kubokunun finalının Naxçıvanda keçiriləcəyi deyilir. Amma ordakı stadionda süni işıqlandırma yoxdur. May ayının 19-da havalar isti olacaq. Bununla əlaqədar hansı tədbirlər görüləcək? Belə şeylər müzakirə olundu. Növbəti iclas mayın 14-nə təyin olunub. Ümidvarıq ki, hansısa dəyişiklik olsa, o vaxtadək bizə Peşəkar Futbol Liqasından xəbər gələcək”.
Komitə sədri toplantıda İntizam Kodeksindəki bəzi bəndlərə yenidən baxılmasının təklif olunduğunu da diqqətə çatdırıb:
“Klubların fikrincə, həmin bəndlərə baxılsa, daha yaxşı olar”. (Report)
Nəhayət, UEFA-nın uşaq futbolu üçün klublara ayırdığı vəsaitin hara xərclənməsi də müzakirə olunub. Rəfiyevin sözlərinə görə, klublar gələn ay AFFA-ya bununla bağlı hesabatlarını təqdim etməlidirlər.
Növbəti iclas isə mayın 14-nə təyin olunub.
Bizi Facebook-da izləyin