“Orda elə bilirdilər ki, “Qarabağ” ermənilərin komandasıdır” – Müsahibə
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə cavab qarşılaşmasına çıxacaq. Ağdam komandası ilk dəfə deyil ki, Bakıda Fransa klubunu qəbul edir. 23 il əvvəl ağdamlılar İntertoto kuboku çərçivəsində dönəmin güclü klublarından sayılan “Monpelye” (0:3, 0:6) ilə üz-üzə gəlmişdi.
“Qarabağ”ı həmin oyunlara baş məşqçi kimi çıxarmış Böyükağa Ağayev Komanda.az saytına müsahibəsində həm “Monpelye” ilə oyunları xatırladı, həm də, “köhlən atlar”ın bu gün “Marsel”ə qarşı keçirəcəyi oyundakı şanslarını dəyərləndirdi.
– “Qarabağ” bu gün “Marsel”lə vacib oyuna çıxacaq. İlk oyunu yəqin ki, izləmisiz. Fransadakı matçda Ağdam komandasının oyunu sizdə necə təəssürat yaratdı?
– İlk növbədə “Qarabağ”a uğurlar arzu edirəm. “Qarabağ” indi pley-off mərhələsində “Marsel”ə qarşı oynayacaq. Hamımız inanırıq ki, mərhələ keçmək üçün şans var. Halbuki, bir vaxtlar “Monpelye” ilə İntertoto kubokunda qarşılaşmışdıq və evdə 0:3 hesabı ilə uduzmuşduq. Düzdür, o vaxt imkanlarımız aşağı səviyyədə idi. Həmin vaxt Azərbaycan klublarının imkanı da yüksək deyildi. Klublarımız çətinlik çəkirdi. İlk turda “Makkabi”ni (Hayfa) keçib “Monpelye” ilə düşmüşdük. Onlarla fərqimiz böyük idi, rəqibin oyunçuları da səviyyəcə üstün idilər. Qaçqın komanda idik, imkan nə gəzirdi? Bakıdan Sumqayıta gedib, məşq edib, qayıdırdıq. Yəni bütün bunları deyirəm ki, görün, o vaxtdan bu dönəmə gəlib çıxdı “Qarabağ”. “Marsel”ə qarşı Fransada “Qarabağ”ın necə oynadığını hamı gördü. Həqiqətən də, komandanın özünəməxsus futbolu var və rəqibdən asılı olmayaraq, bu oyunu tətbiq edir. Qurban Qurbanovun komandası oyunu yaxşı səviyyədə keçirmişdi, gözəl oyun alındı. Üçüncü qolu buraxmasaydı, “Qarabağ”ın “Marsel”i keçmək üçün böyük şansları yaranardı.
– İllər əvvələ qayıtsaq, “Monpelye” ilə oyunlarda yadınızda qalanlardan nə danışa bilərsiz?
– Təbii ki, oyun da yadımdadır. Amma sizə başqa hadisəni danışım. Fransaya gedəndə orda bizi Ağdaşdan olan bir nəfər axtarırdı, sonda bizi tapdı, xanımı ilə stadiona gəlmişdi. Məşq zamanı gəldi bizi ziyarət etdi. Özü uzun illər idi ki, Fransada yaşayırdı. Bizə də öz bağından bir qutu ərik gətirmişdi. Hamı ilə söhbətləşdi, hələ bir az kövrəldi, dedi “çoxdandır Azərbaycandan çıxmışam, darıxıram vətən üçün”. Yaxşı xatirə idi. Digər məsələ isə o idi ki, “Monpelye” ilə oyuna çıxanda orda elə bilirdilər ki, “Qarabağ” ermənilərin komandasıdır. Amma biz elə olmadığını göstərdik. Həmin matçdan sonra oradakılar bildilər ki, “Qarabağ” Azərbaycanın komandasıdır.
– Bəs oyun? Bakıdakı 0:3 hesablı məğlubiyyətdən sonra yəqin ki, Fransadakı oyuna ümidsiz çıxmışdız.
– Bizdə heyətlə bağlı da çox böyük problemlər var idi. “Monpelye” bütün qolları demək olar ki, bizə standart vəziyyətlərdən vururdu. Fiziki cəhətdən bizdən üstün idilər. İndi də baxırsan, bizə hələ də standart vəziyyətdən qollar vururlar. Elə Marseldəki oyunda da “Qarabağ” künc zərbəsindən sonra qol buraxdı. Azərbaycan futbolunda isə özünüz bilirsiz, çox da hündürboy oyunçular yoxdur. Standart vəziyyətlər bizim üçün çox böyük təhlükədir həmişə.
– Bugünkü matçda “Qarabağ”ın hansısa taktiki gedişlərə getməsinə ehtiyac var, yoxsa Marseldəki oyunun təkrarı olmalıdır?
– Məncə, ilk matçda “Marsel” “Qarabağ”a çox da ciddi yanaşmadı. Amma bizimkilər çox ciddi və cəsarətli oynadı, gözəl futbol nümayiş etdirdi. “Qarabağ” rəqibindən üstün oynayırdı, xüsusilə də, ikinci yarıda. Qol imkanları az deyildi, “Qarabağ”ın futbolçuları həmin imkanlardan yararlansaydı, hesab da fərqli olardı. Ancaq belə alındı. “Qarabağ”ın mərhələ keçmək məsələsi bir az çətinləşib. Amma istənilən halda, şans yenə də var. “Qarabağ” Fransadakı oyunu, istəyi Bakıdakı oyunda da nümayiş etdirsə, hər şey mümkündür. “Qarabağ”ın futbolçularında istək olsa, hər şey alına bilər.
– Qurban Qurbanov dünən oyunöncəsi mətbuat konfransında “Marsel”ə qarşı hücum futbolu oynayacaqlarını bildirdi. Bu, bir növ “Qarabağ” kollektivinin özünün də “Marsel” səddini keçə biləcəyinə inandığının göstəricisidir?
– Başqa cür ola da bilməz. Bilirsiz, bu mərhələ iki oyundan ibarətdir. Cavab oyununda öz meydançanda üstünlüyü rəqibə vermək və fərqli taktika ilə oynamaq da düzgün olmazdı. Əsas odur ki, “Qarabağ” meydana qələbə ruhunda çıxsın, oynasın. Birinci hissədə qol vursaq və qol buraxmasaq, fasilədən sonra daha inamlı oynayıb, xoşbəxtliyi axtarmaq olar rəqib qapısında. Bizə lazımdır ki, hesab 2:0 olsun və əlavə vaxta getsin oyun. Çətin olsa da, şans var.
– Azərbaycan Premyer Liqasının səviyyəsi məlumdur. “Qarabağ”ın Fransada çempionluğa oynayan, Avropanın top-klubuna qarşı səfərdə rahat oynamasının sirri nədədir? “Qarabağ”ın şəxsi təcrübəsidir, yoxsa başqa amillər var?
– “Qarabağ” beynəlxalq arenada böyük təcrübə yığıb. Azərbaycan çempionatında “Qarabağ”la mübarizə apara biləcək komanda azdır. Bu komanda artıq formalaşıb, futbolçular təcrübəlidir, çoxu yığma üzvləridir. Gələn legionerlərin də səviyyəsi yaxşıdır. “Qarabağ” lazım olanda yığılıb, çox yaxşı futbol oynaya bilir.
– Vaxtilə “Monpelye”yə evdə 0:3, səfərdə 0:6 uduzmuşdu “Qarabağ”. Həmin illərdən bu yana nə dəyişib ki, artıq əksəriyyət “Qarabağ”ın “Marsel” səddini keçə biləcəyinə inanacaq duruma gəlib?
– Çox şey dəyişib. Əsas da maliyyə dəyişib. Futbol maliyyə ilə birlikdə olan məsələdir. Ola bilməz ki, maliyyə zəif olsun, amma sənin klubun da yaxşı olsun. Klublarımızda futbolçular indi daha yaxşı pullar alır. Əvvəl bizim heç yerimiz yox idi ki, hardasa oturaq. İndi isə şükür Allaha, “Qarabağ”ın öz bazası, stadionu var, futbolçuları bazada qalır, öz meydançasında məşq edir, oynayır. Onda isə bizim heç nəyimiz yox idi, qaçqın komanda idik. Oyuna yığılanda uşaqlar deyirdi, pulumuz yoxdur ki, yemək yeyək, peraşki yeyib oyuna gəlirdilər. İndi isə vəziyyət dəyişib.
– Maraqlıdır, Monpelyeyə bəs necə gedib çıxmışdız?
– Sponsorumuz var idi, onlar aparmışdı. Üstəlik, UEFA da avrokuboklara vəsiqə qazandığımıza görə pullar verirdi. Düzdür, böyük deyildi, amma gedib-gəlməyimiz üçün yetərli olurdu. İndi isə UEFA böyük pullar ayırır komandalara.
– Yəqin razılaşarsız ki, bu oyunda psixoloji hazırlıq da öz sözünü deyəcək. Futbolçuları ayrı-ayrılıqda oyuna psixoloji hazırlamaq lazımdır?
– Bilirsiz, bu səviyyədə oyunlar elədir ki, futbolçular özləri də hazırlaşa bilir oyunlara. Çünki matçın və rəqibin ciddiliyini, vacibliyini onsuz da bilirlər, dərk edirlər. Yəni bu oyunun motivasiyasının yüksək olması üçün çox məsələ var. Ona görə də, “Marsel”lə oyuna futbolçuları psixoloji cəhətdən hazırlaşdırmağa çox da ehtiyac yoxdur. Tribunalar icazə verildiyi qədər dolu olacaq. Bu da komanda üçün böyük stimuldur. Bu, “Qarabağ”a əsl üstünlük qazandıracaq. Qurban Qurbanov özü də təcrübəli məşqçidir, komandanı bu oyuna necə hazırlaşdırmalı və çıxarmalı olduğunu əla bilir. Şansımız var, sona qədər vuruşacaq uşaqlar.
– “Qarabağ” “Marsel” səddini keçərsə, Konfrans Liqasında çempionluğa iddialı ola bilər? Hər halda, “Marsel”i keçmək artıq “Qarabağ”ın iddiasından xəbər verəcək…
– Bu haqda danışmaq tezdir. Gəlin, öncə “Marsel”lə oyunu gözləyək. “Qarabağ” Allah qoysa, əvvəlcə “Marsel”i keçsin, sonra danışaq. Şans varsa, istifadə etmək lazımdır. “Qarabağ”ın “Marsel”ə qarşı səfərdə göstərdiyi oyun onların mərhələ keçə biləcəklərinə ümid verir.
– Sizcə, nəyə görə digər klublarımız “Qarabağ” kimi daim avrokuboklarda çıxış edə bilmir, Avropa arenasında uğurlu nəticələri yoxdur? “Neftçi” və “Qəbələ” qruplara düşdü, ardı gəlmədi. “Qarabağ”da olan nə var ki, digər klublarda yoxdur?
– “Qarabağ” artıq təcrübəli klubdur. Orda işləyəndə görmüşəm, prezidentdən tutmuş son işçiyə qədər, gözəl kollektiv var. Tahir Gözəl futbolçularla daim ünsiyyətdədir, onlarla oyundan qabaq danışmağı var, daim onlara dəstəkdir, köməklik göstərir. Bu da futbolçular üçün stimuldur. Bundan əlavə, kollektivdə həmişə inam var, futbolçuların təcrübəsi də burda rol oynayır. Bunların hamısı önəmli faktorlardır. “Qarabağ” özünəinamlı komandadır. Azarkeşlər “Qarabağ”ı sevir, bütün oyunlarına gəlib dəstək olurlar.
– Azərbaycan futbolunun üzünü ağ edən təkcə “Qarabağ”dır?
– Bəli, bəli, “Qarabağ”dır. Bu komanda hazırda ölkənin lideridir. İnanıram ki, “Qarabağ” “Marsel”i keçmək üçün əlindən gələni edəcək, bütün azarkeşləri sevindirəcək. Dediyim kimi, Fransada göstərdiyi oyun bunu edə biləcəklərinə inanmağa sövq edir adamı. Ümidvaram ki, hər şey “Qarabağ” üçün yaxşı bitəcək.
Məhəmməd
Bizi Facebook-da izləyin