“Onun ürəyi “Liverpul”dadır” – Koutinyonun meneceri
“Barselona”dan ayrılacağı iddia edilən və adı “Mançester Yunayted”, “Liverpul” kimi klublarla yanaşı çəkilən Filippe Koutinyo ilə bağlı açıqlama verilib.
Komanda.az “TalkSport”a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin meneceri Kia Yoorabşian, futbolçunun İngiltərədə “Liverpul”dan başqa komandada çıxış etməyəcəyini deyib:
“Mançester Yunayted” böyük klubdur, mənim orda futbolçularım var və hamısına hörmət edirəm. Amma Filippenin bu kluba transferi çox çətindir. Onun “Liverpul”un rəqiblərindən hansısa birinə transferi çətin görünür. Çünki onun ürəyi “Liverpul”dadır, o, bu klubla yaxınlığa malikdir.
“Liverpul” böyük bir heyət qurub, baş məşqçi orda tarazlıq yaradıb və onlar artıq ölkənin ən yaxşı klublarından biridir. Şübhəsiz, Koutinyo Premyer Liqaya qayıtsa, bu klub “Liverpul” olacaq. Amma hazırda bu, çətin görünür”.
Menecer, futbolçunun “Barselona”dan ayrılacağı iddiası ilə bağlı məsələyə də toxunub:
“Onun “Barselona”dan ayrılacağı ilə bağlı söhbətlərdən xəbərsizəm. Klub prezidenti Xosep Maria Bartomeu mənimlə danışdı və Koutinyonun “Barsa”da qalmasını istədiyini dedi. Bəzən futbolçular oynadıqları klubda narahat hiss edirlər və ya bu klub onlara uyğun olmur. Filippe ilə bağlı belə bir hal yaranarsa, biz onun üçün ən yaxşısına qərar verəcəyik. Amma hazırda hər şey yaxşıdır”.
Bizi Facebook-da izləyin