“Onun özünü məşqlərdə göstərməsindən çox şey asılı olacaq” – Aftandil Hacıyev

“Akademiyanı hər zaman yaxından izləyirik. 19 yaşlıların məşqçisi Ruslan Qafitulin bu il maraqlı komanda formalaşdırıb. Onların içindən Şamili bəyənib, əsas komandaya cəlb etdik”.

Komanda.az xəbər verir ki, bu fikirləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun saytına açıqlamasında 18 yaşlı futbolçu Şamil Cəfərovla peşəkar müqavilə imzalanmasına münasibət bildirərkən deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, müdafiəçinin əsas komanda ilə məşq etməsi, təcrübə qazanması üçün şansdır: “Gələcəkdə özünü məşqlərdə göstərməsindən çox şey asılı olacaq. Biz məşqçilər olaraq, çalışırıq hər zaman belə gənc oyunçulara dəstək olaq. Bundan sonra əsas komanda ilə məşqlərdə iştirak etməsinin gələcək inkişafına müsbət təsir etməsi üçün çox çalışmalıdır. Şamil, potensialı olan futbolçudur. İnanırıq ki, gələcəkdə həm “Səbail”in əsas komandasında, həm də milli komandamızda möhkəmlənə biləcək”.

Paytaxt təmsilçisinin U-19 komandasının məşqçisi Ruslan Qafitulin 2.5 il Şamil Cəfərovla birlikdə işlədiyini xatırladıb: “Onun haqqında ancaq müsbət sözlər deyə bilərəm. Cəfərovun əsas keyfiyyətləri həm meydanda, həm də meydandan kənarda olan tərbiyəsi və intizamıdır. Mənim komandamda kapitan sarğısını daşıyırdı. Buna səbəb isə onun liderlik xüsusiyyətləridir. Məğlub olmağa nifrət edir, heç bir epizodda məğlub olmaq istəmir. Müdafiəçi üçün bu çox vacib məqamdır. Özünün həm müsbət, həm də mənfi keyfiyyətlərini əla bilir. Biz mənfilər üzərində işləmişik. Əminəm ki, o bunlara diqqət etsə, daha da inkişaf edəcək. Çox mübariz və soyuqqanlı futbolçudur, oyunu da əla anlayır. Futbola gec gəlməsinə baxmayaraq, peşəkar olmaq və inkişaf etmək istəyi ona çox kömək etdi. Mən onun üçün çox sevinirəm. Şadam ki, komandamızın baş məşqçisi Aftandil Hacıyev onun istedadını dəyərləndirərək peşəkar müqavilə imzaladı. “Səbail”də akademiyada yetişən futbolçuların, əsas komandaya kömək etmələri üçün böyük işlər görülür”.

Şamil Cəfərov isə Ruslan Qafitulin və klub rəhbərliyinə təşəkkür edib: “Artıq peşəkar futbolçu olaraq söyləmək istəyirəm ki, bu mənim üçün çox gözəl hissdir. İnsanın arzu etdiyi uğura çatması üçün kiçik hədəfləri olmalıdır. Bu da mənim hədəflərimdən biri idi. İnanıram ki, daha çox əziyyət çəkib, böyük uğurlara imza atmağa çalışacam. Hazırki məqsədim bu qərarına görə, komandanı və baş məşqçimizi məyus etməməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button