“Onun meydanda olmaması itkidir, amma…” – “Liverpul”un futbolçusu
“Liverpul”un yarımmüdafiəçisi Fabinyo UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atletiko” ilə oyunda (0:1) zədələnən Cordan Hendersonla bağlı açıqlama verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, “qırmızılar”ın kapitanının yoxluğu ilə bağlı bunları deyib:
“Şübhəsiz ki, Henderson bu mövsümdə komandanın ən yaxşı futbolçularından biridir. O, həqiqətən əla çıxış edir və meydanda təkcə oyunu ilə deyil, həm də münasibəti ilə bizə kömək edir. İndi o olmadığı üçün bu cür liderlik göstərməklə komandaya kömək etməliyəm. Onunla fərqli xarakterlərimiz var, amma ümid edirəm ki, bu baxımdan komandaya köməyim dəyər. Onun meydanda olmaması itkidir, amma komandamız göstərib ki, vacib oyunçular olmasa da, yüksək standartlarımızı saxlaya bilirik. Bu baxımdan biz güclü və istedadlı komandayıq. Bu dəfə Henderson zədələndi, amma bu, digər futbolçuların oynamağa hazır olduqlarını, meydanda fərqlənə biləcəklərini göstərmək üçün fürsətdir”.
Hendersonun zədə səbəbiylə üç həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı.
Bizi Facebook-da izləyin