“…onu futbolçu edən “Qarabağ”a tüpürüb, “Astana”ya yollandı”

Azərbaycan millisinin də formasını geyinən braziliyalı yarımmüdafiəçi Riçard Almeydanın “Qarabağ”dan ayrılmaq istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Almeydanın “köhlən atlar”la yoluna davam etmək istəməməsi sosial şəbəkədə də müzakirə mövzusuna çevrilib. “Xəzər” TV-nin əməkdaşı Ceyhun Rzayev braziliyalı futbolçunu yalan danışmaqda ittiham edib:

“Riçard Almeyda ”Qarbağ”dan getdiyini bəyan edib. Mən bilən komandanın ən ödənişli 2-3 futbolçusundan biri, bəlkə də, birincisiydi. 3-4 il əvvəl formasının pik vaxtında indikinin təxminən yarısını qazanırdı. Çempionlar Liqasının qrupunda oynadıqdan sonra onu futbolçu edən “Qarabağ”a tüpürüb, “Astana”ya yollandı. Əlbəttə, belə də olmalıdır. Peşəkar futbolçu maddiyatı, gələcəyi düşünməlidir. Amma yalan danışma, ikiüzlülük eləmə də, Riçard. Hər fürsətdə “Qarabağ”ı ailən qədər sevdiyini, Qurban Qurbanova hədsiz hörmət bəslədiyini bildirirdin axı. Bəs nə oldu? Anladığım qədər “Qarabağ” rəhbərliyi Almeydaya son müqaviləsindən az pul təklif edib, futbolçu da razılaşmayıb. Təklif olunan məbləğdən xəbərim yoxdur, mənlik olsa, ona 300 min dollardan artıq verməzdim. Oyununda çox ciddi eniş var. Bu da fiziki durumuyla əlaqədardır. 30 yaşlı futbolçu bu qədər düşə bilməz. 99 faiz “lipa” olduğuna əminəm. Minimum 3, bəlkə də 4 il yaşını düzəldib. Onun indiki bəyanatı da “Qarabağ”a xox gəlməkdən başqa bir şey deyil. Yəni ya mən deyəni verəcəksiz, ya da başqa kluba gedəcəm. Hara gedəcək? Braziliya və Portuqaliyada vergilər çıxandan sonra uzağı 150 min qazanar. Qazaxıstanda özünü göstərə bilmədi, qazaxlar da 400 mindən çox təklif eləməzlər. Qalır “Neftçi”. “Neftçi” də 300 mindən yuxarı qalxmaz”.

2019-cu ilin yanvarında “Qarabağ”a keçən Almeydanın müqaviləsi dekabrın 31-nə qədərdir. Braziliyalı yarımmüdafiəçi yanvarın 1-dən azad agent olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button