Rəşad Sadıqov: “Yaxşı nəticə qazanıb, səfərə əlverişli hesabla yollanmaq istəyirik”
“Zirə” sabah Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Slovakiyanın “Dunayska Streda” klubu ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, bu gün Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
Sadıqov sabahkı matçda yaxşı komandaya qarşı mübarizə aparacaqlarını bildirib:
“Düşünürəm ki, azarkeşlərimizi maraqlı oyun gözləyir. Sərfəli nəticə qazanmağa çalışacağıq. Uşaqlar matça yaxşı hazırlaşıb. Oyunun taleyi ikinci matçda həll olunacaq. Biz də sabahkı oyunda yaxşı nəticə qazanıb, səfərə əlverişli hesabla yollanmaq istəyirik. Rəqibin yaxşı futbolçuları var, komanda şəklində çıxış edirlər. Rəqibi daim təziyq altında saxlayırlar. Yaxşı komandadırlar, amma bu, məni düşündürmür. Məni öz komandamın oyunu maraqlandırır. Vaxtımız az olub hazırlaşmağa, bununla belə, sabah yaxşı qarşılaşma olacağına inanıram”.
Sadıqov “Şerif”lə oyunda qırmızı vərəqə almış Salifu Sumanın cəzasıyla bağlı suala da cavab verib. O, cəza yöntəminin onun xarakterinə uyğun olmadığını söyləyib:
“Onu cəzalandırmaq mənim üçün o qədər də önəmli deyil. UEFA futbolçunu cəzalandıracaq, bu cəza yetərli olmasa, o zaman biz də hansısa tədbir görə bilərik. Amma yenə də deyirəm, istənilən halda, bu, heç nəyi dəyişmir. Avropa Liqasından kənarlaşdırıldıq, bundan sonra hansı cəzanı versən belə, bunun heç bir önəmi yoxdur. Çalışacağıq ki, sabah qələbə qazanaq, rəqibin üzərində üstünlük əldə edək”.
Sadıqov “Şerif”lə ev oyunundakı hakimlikdən də söz açıb:
“Öz hakimlərimizin səviyyəsindən həmişə razılığımı bildirmişəm. Bizim hakimlərimiz qazaxıstanlı referilərdən daha səviyyəlidir. O ki qaldı qazaxıstanlı hakimə, oyunun təkrarına baxmışam və orda hakimin səhvləri daha qabarıq görünür. Həddindən artıq çox səhvlər olub. Amma məğlub olmağımızın səbəbi kimi bunu demək istəməzdim, azlıqda qalmağımız bizi növbəti mərhələdən ayırdı”.
İyulun 25-də keçiriləcək oyun saat 20:30-da start götürəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin