“Öz oyun keyfiyyətlərimə və çox çalışdığıma görə burdayam” – “Çelsi”nin futbolçusu
İngiltərənin “Çelsi” klubunun futbolçusu Jorjinyo açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, cari mövsümdə göstərdikləri oyundan və azarkeşlərin dəstəyindən danışıb:
“Keçən mövsüm azarkeşlərdən adımı eşitmək mümkün olmadı, amma onların mənə qarşı fikirlərinin dəyişməsi məni xoşbəxt edir. Bu barədə heç vaxt heç nə deməmişəm, sadəcə öz üzərimdə çalışıram. Bu mövsüm, komandada baş məşqçi amilinə görə olmadığımı göstərmək fürsətim var. Keçmiş baş məşqçimiz Mauritsio Sarri ilə 4 il birlikdə çalışdıq, ondan çox şey öyrəndim. Amma mən öz oyun keyfiyyətlərimə və çox çalışdığıma görə burdayam”.
Braziliya əsilli italiyalı futbolçu, Çempionlar Liqası haqqında da danışıb:
“Bu turnir çox çətindir, amma oynadığımız hər stadionda qalib gəlməyə çalışırıq. Buna ehtiyacımız olduğu üçün turnirdə qalib gəlməyə çalışacağıq. Bu, heyətimizdəki gənc futbolçular üçün yeni təcrübədir. Çempionlar Liqasında hər komanda çox yaxşı çıxış edir və sən meydanda hər şeyə hazır olmalısan”.
“Çelsi” ÇL-in qrup mərhələsinin ikinci turunda “Lill”lə qarşılaşacaq.
Bizi Facebook-da izləyin