“Ölülər”in oyunu

Azərbaycan Premyer Liqasında 23-cü tura aprelin 6-da start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.

“Neftçi”nin məcburiyyəti, “Zirə”nin müqaviməti

“Qarabağ”la liderliyi bölüşən “Neftçi” bu tur “Zirə”ni qəbul edəcək. Zirə təmsilçisi “ağ-qaralar” üçün həmişə arzuolunmaz rəqiblərdən sayılıb. Amma Roberto Bordinin komandası bu görüşdən qələbə ilə ayrılmağa məcburdur. Çünki bu tur “Neftçi”nin əsas rəqibi “Qarabağ” “Qəbələ”nin qonağı olacaq və “köhlən atlar”ın bu səfərdə xal itirmək ehtimalı var. “Neftçilər” elə bu ehtimaldan yapışıb, “Zirə” ilə qarşılaşmadan 3 xalla ayrılmaqla, vahid lider ola bilər. Samir Abasovun komandası isə rəqibinə mümkün qədər müqavimət göstərməyə çalışacaq. Bir müddət əvvəl Abasov avrokuboklara vəsiqə qazanmaq arzusunda olduqlarını demişdi. Ancaq ötən turda “Səbail”ə məğlubiyyət göstərdi ki, avrokuboklara getmək “Zirə”nin boyuna-posuna yaraşmır. “Zirə” olsa-olsa, “Neftçi”, “Qarabağ” kimi iddialı komandalara müqavimət göstərə bilər. Müqavimət göstərməyə görə isə Avropanın qapılarını adamın üzünə açmırlar.

Statistika nə deyir?
“Zirə” 5 oyundur qələbə qazanmır. Son iki görüş heç-heçə başa çatıb. “Neftçi” evdə keçirdiyi matçlarda qalib gəlməyib.
Neftçi – Zirə: 15 oyun, 2 qələbə, 5 heç-heçə, 8 məğlubiyyət, top fərqi 11-18

“Ölülər”in oyunu

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin haqqında “Sumqayıt” yeganə klubdur ki, onun oyununa gedəndə bilirəm ki, görəcəyim bütün futbolçuları milliyə dəvət edə bilərəm” dediyi “kimyaçılar” son turda “Qarabağ”a 0:6 hesabı ilə məğlub oldu. Adətən, belə rüsvayçı məğlubiyyətlərdən sonra komandanın baş məşqçisi istefa verir. Amma nə “Sumqayıt”ın prezidenti Riad Rəfiyevdə, nə də baş məşqçi Ayxan Abbasovda ar-abır qalıb. Qalsaydı, 22 turdan sonra toplanan cəmi 17 xala, sonuncu yerə, biabırçı nəticələrə və rüsvayçı oyuna görə çoxdan istefa verərdilər.

Elə “Keşlə” də “Sumqayıt”ın günündədir. Keşlə təmsilçisinin prezidenti Zaur Axundovun, baş məşqçi Tərlan Əhmədovun gücü və potensialı bu komandanı komanda etməyə yetmir. Və bu tur AFFA-nın cibinə baxan bu iki komanda üz-üzə gələcək. Kimin qələbə qazanmasının elə də önəmi yoxdur, “Smqayıt” da, “Keşlə” də çoxdan “ölüb”, basdıranı tapılmır.

Statistika nə deyir?
“Keşlə” 16 oyundur meydanı qolsuz tərk eləmir. Son 7 matçda hər iki komanda qol vurub. Paytaxt klubu son iki qarşılaşmada qələbə qazanıb.
Sumqayıt – Keşlə: 27 oyun, 6 qələbə, 7 heç-heçə, 14 məğlubiyyət, top fərqi 26-43

Hacıyev Essyeni yenə meydana buraxmayacaq?

İkinci oyun günündə keçiriləcək qarşılaşmalardan biri “Sabah”la “Səbail” arasında olacaq. Premyer Liqada debüt ili olmasına baxmayaraq, “Sabah” “Zirə”, “Keşlə”, “Sumqayıt” kimi “köhnələr”dən daha yaxşı təsir bağışlayır. Amma… “Səbail” “Sabah”ın əməlli-başlı qəniminə çevrilib. Bu mövsüm baş tutan oyunlarda “Səbail”in bu rəqibi üzərində açıq-aşkar üstünlüyü var. Hələ “Sabah”ın unutmayacağı 0:4 hesablı bir məğlubiyyət də var rəqibi ilə duellərdə. Elşad Əhmədovun komandası həmin böyükhesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq, bu, şübhəsizdir. “Səbail” isə hazırda qərarlaşdığı 3-cü yeri əldən verməmək üçün mübarizə aparır.
Bu arada, Masazırda keçiriləcək oyunda “Səbail”in yeni transferi Maykl Essyeni də meydanda görə bilərik. Bundan əvvəlki turda – “Zirə” ilə görüşdə baş məşqçi Aftandil Hacıyev məşhur futbolçunu əvvəldən-axıradək ehtiyatda saxladı və onun tam hazır olmadığını bildirdi. Bu dəfə isə Hacıyev ola bilsin, Essyeni oyuna saldı. Hər halda, “Səbail” rəhbərliyi “Real”, “Milan”, “Çelsi” kimi klublarda forma geyinmiş qanalını ehtiyat oyunçular oturacağını bəzəmək üçün transfer etməyib.

Statistika nə deyir?
“Səbail” əvvəlki üç oyunda uduzmayıb. “Sabah” indiyədək rəqibinin qapısına qol vura bilməyib.
Sabah – Səbail: 3 oyun, 0 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi 0-5

Qurbanov üçün şans

Turun mərkəzi oyunu Qəbələdə keçiriləcək. “Neftçi”ylə zirvəni paylaşan “Qarabağ” yerli komandanın qonağı olacaq. Komandalar bundan əvvəlki turda fərqli nəticələr əldə ediblər. “Köhlən atlar” “Sumqayıt”ı rüsvayçı hesabla (6:0) məğlub edibsə, “qırmızı-qaralar” doğma meydanda “Sabah”la qolsuz heç-heçəyə razılaşmalı olub. “Qarabağ” çempionluq mübarizəsində büdrəməmək üçün Qəbələdən qələbə ilə ayrılmağa çalışacaq, bu, aydındır. Bəs “Qəbələ” son illərin dəyişməz çempionundan xal almaq gücündədirmi? Əslində, sualın cavabı “hə” olardı. Ancaq… Baş məşqçi Sənan Qurbanovun “Qəbələ”dəki işi son vaxtlar narazılığa və müzakirələrə səbəb olub. Xüsusilə, “Qəbələ”nin autsayder statusunda olan komandalarla görüşlərdə xallar itirməsi Qurbanova olan inam və güvəni azaldıb. “Qarabağ”la görüş Sənan Qurbanov üçün özünü sübut etmək üçün bir şans ola bilər.

Statistika nə deyir?
“Qəbələ” son 4 oyunda uduzub. “Qarabağ” 5 matçdır məğlub olmur.
Qəbələ – Qarabağ: 43 oyun, 10 qələbə, 12 heç-heçə, 21 məğlubiyyət, top fərqi 39-58

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button