Ölməkdə olan “Gənclik və… Buzovna sakinlərinin arzusu – Yazı+Fotolar

Azərbaycanda xeyli sayda stadion var ki, baxımsızlıqdan dağılıb gedir. Belə arenalardan biri də Buzovnadakı “Gənclik” stadionudur.

Sizə təqdim etdiyimiz fotolarda “Gənclik” stadionunun son vəziyyətini görmək olar. Şəkillərdən də göründüyü kimi, vaxtı ilə yüksək liqanın oyunlarına ev sahibliyi etmiş arena bərbad durumdadır. Buzovna sakinləri isə stadionun ürək ağrıdan bu vəziyyəti ilə barışmaq istəmirlər. Onlar arenanın bərbası üçün Gənclər və İdman Nazirliyinə müraciət etsələr də, hələ ki, heç bir irəliləyiş yoxdur. Bu barədə Komanda.az-a Buzovnadan İlqar Məmmədov ad-soyadlı bir futbolsevər ürək sözlərini yazaraq, göndərib. Məktubda bildirilir ki, Buzovna sakinləri stadionun təmir edilməsini və vaxtı ilə bu qəsəbəni Azərbaycanın futbol elitasında təmsil etmiş “Xəzri” klubunun ən azı Region Liqasında çıxış etməsini arzulayırlar:

“Buzovna qəsəbəsindəki “Gənclik” stadionu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin balansındadır. Stadion çox bərbad vəziyyətdədir. Dəfələrlə müraciət etmişik. Nazirlik problemin yaxın zamanda öz həllini tapacağını bildirsə də, hələ heç bir işə başlanılmayıb.

Biz isə yaxın zamanda stadionun bərpasını və “Xəzri” futbol klubunun ən azından Region Liqada iştirakını arzulayırıq. Bir neçə quruma, eləcə də AFFA-ya müraciət etsək də, heç kim kluba sponsorluq etmək istəmir”.

“Xəzri” (Buzovna) komandası 1992-ci ildə Bakı şəhərində, Buzovna qəsəbəsində yaranıb. Müxtəlif vaxtlarda “Xəzri”, “Xəzri-Eltac” adları ilə 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Bir dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanıb. Komanda bir dəfə də Azərbaycan kubokunun finalında oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button