Ölkə kubokunda ikinci mərhələ keçirildi
Aprelin 2-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan Kubokunun ikinci mərhələsi keçirilib.
Komanda.az xəbər verir ki, Bakıda yerləşən “Dreamland” Qolf Klubun yaxınlığında baş tutan yarışda idmançılar fərdi ötüşmə növündə mübarizə aparıblar.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 15 km, yeniyetmə oğlanlar və qadınlar isə 10 km məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda ümumilikdə 43 velosipedçi medallar uğrunda mübarizə aparıblar.
Elit/U23 yaş kateqoriyasında kişilər arasında Elçin Əsədov (Sakarya BB Pro Team, 19:22.38) hamıdan yaxşı nəticə göstərərək birinci, Samir Cəbrayılov (MSN, 19:23.40) ikinci, Kamran Mirzəxanov (Sərhədçi, 20:33.20) üçüncü yerə layiq görülüblər.
Gənc oğlanların yarışında Tural İsrafilov (ROEQİUGVM, 19:59.29) bütün rəqiblərindən sürətli olub. Ömər Musayev (ROEQİUGVM, 20:48.11) ikinci, Hüseyn Nərimanov (ROEQİUGVM, 22:16.34) üçüncü yerlə kifayətləniblər.
Yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 15:21.83) qızıl, Turqut Qurbanlı (ROEQİUGVM, 16:29.63) gümüş, Artyom Proskuryakov (Təhsil RİM, 16:50.26) bürünc medal qazanıblar.
Qadınlar arasında isə Lalə Əbdürəhmanova (ROEQİUGVM, 17:28.75) hamını qabaqlayaraq birinci olub. Məryəm Əfqanzadə (ROEQİUGVM, 17:38.60) ikinci, Diana Sidorenko (ROEQİUGVM, 18:19.30) üçüncü yerdə qərarlaşıblar.
Bizi Facebook-da izləyin