“Bu, bizə inanmayanlara cavab oldu” – Rauf Əliyev
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında Rusiyanın “Arsenal” klubuna 3:0 hesabı ilə qalib gələn “Neftçi”nin futbolçusu Rauf Əliyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, oyunda ilk qolun müəllifi olan futbolçu, bunları deyib:
- Oyunun əvvəlində sanki bir az çətinlik yaşadız. İlk qolun müəllifi də sizsiz. Bunun günahını yumuş sayılırsız, yoxsa öz üzərinizdə daha çox işləməlisiz?
- Təbii ki, belə oyunlarda həyəcan olur. Əsas odur ki, qol vurmuşam. Komandam qalib gəlibsə, düşünürəm ki, hər şey yaxşıdır.
- İsrail klubları ilə görüşdə Azərbaycan təmsilçiləri uğurlu nəticə əldə edə bilmirlər. Sizin də növbəti mərhələdə rəqibiniz bu ölkənin təmsilçisidir. Necə düşünürsən, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıra biləcək?
- Bu oyuna kimi İsrail klubu haqqında düşünmürdük. Əsas fikrimiz “Arsenal”la oyunda idi. Yalnız bundan sonra növbəti rəqibimiz haqqında məlumatımız olacaq və əsas fikrimiz də bu rəqibi keçmək olacaq. Ümid edirik ki, yaxşı nəticə əldə edərək mərhələni keçərik.
- Artıq qrup mərhələsini düşünmək olar, yoxsa tezdir?
- Hələ ki, o haqda fikirləşmirik. Əsas İsrail klubunu keçmək haqqında düşünək. İnanıram ki, hər şey yaxşı olacaq.
- 3:0 hesablı qələbə gözlənilməz olmadı?
- Gözlənilməz olmadı. Müəyyən gözləntilərimiz vardı. Əsas odur mərhələni keçdik. Bu, bizə inanmayanlara cavab oldu.
- Oyunda komanda hansı hesab üçün oynayırdı?
- Hesab vacib deyildi. Nə olur olsun, əsas o idi ki, mərhələni keçək. Hər şey istədiyimiz kimi də oldu.
- İlk dəqiqələrdə oyun hər kəsdə bir az inamsızlıq yaratdı. Bu nə ilə bağlı idi?
- Biz rəqibin ilk dəqiqələrdən təzyiq edəcəyini gözləyirdik və buna hazır idik. Rəqib oyuna gözlədiyimiz kimi başladı. Ola bilər ki, azarkeşlərin qarşısında oynamaq bir az həyəcan yaratdı, müəyyən top itkiləri oldu. Əsas odur hər şey bizim xeyrimizə bitdi.
- Bəzi epizodlarda sanki həyəcanlanırdız…
- 20 yaşımız yoxdur ki, hansısa epizodda həyəcan keçirək. Qolu vurdum, komanda üstünlük qazandı, yaxşı nəticə əldə etdik.
- Qol vura bilməmək sizi sıxırdı?
- Əlbəttə, bunun bir az həyəcanı olur. Təzyiq olur üzərimizdə. Hücumçusan deyə, hər kəs qol gözləyir.
- “Bney Yehuda” ilə oyunlarda şansları necə qiymətləndirirsiz? Çoxu “Arsenal”ın İsrail təmsilçisindən daha güclü olduğunu düşünür.
- Hər kəs bu oyuna köklənmişdi deyə, növbəti rəqibimiz haqqında çox məlumatımız yox idi. Sabahdan bu rəqib üçün hazırlaşmağa başlayacağıq. Hər halda, bu rəqiblə 3-cü mərhələdə qarşılaşacağıqsa, bu, komandanın gücündən xəbər verir.
- “Neftçi”nin “Arsenal” üzərindəki qələbəsini Azərbaycan Premyer Liqasının Rusiya çempionatı üzərindəki qələbəsi kimi qiymətləndirmək olarmı?
- Xeyr, bu müqayisə düzgün olmaz. Rusiya çempionatı çox güclüdür. “Arsenal” isə Rusiyanın orta səviyyəli klublarındandır. Bu gün qalib gəlmişiksə, bu, o demək deyil ki, “Neftçi” Rusiya çempionatında yüksək pillələrdə olar. Əlimizdən gələni etdik, mərhələni keçdik. Əsas budur.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin