Okan Buruk: “Qələbədən çox birgə olduğumuz üçün xoşbəxtik”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Qarabağ”la keçirilən yoldaşlıq oyunundan sonra (2:1) mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin çalışdırıcısı jurnalistlərə açıqlamasında aşağıdakı fikirləri səsləndirib:

“Buraya gəldiyimiz üçün, azərbaycanlı qardaşlarımızla birlikdə olduğumuz üçün xoşbəxtik. Sanki öz evimizdə idik. Bu matçın əsas məqsədi Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə dəstək olmaq idi. Öncəliklə hər kəsə təşəkkür edirəm. “Qarabağ”a minnətdaram. Çox gözəl futbol gecəsi yaşadıq. Təbii ki, matçın əvvəlindən sonuna qədər rəqib oyuna daha hazır idi. Müxtəlif anlarda diqqətimizi daha da artırdıq. Qələbə qazandığımız üçün xoşbəxtik, lakin sizlərlə birlikdə olduğumuz üçün daha çox xoşbəxtik.

Bu gün başlanğıc oldu. Bundan sonra belə oyunlar davamlı olacaq. Bəzi çətinliklər bizi geri çəkmir. Bu gün oyuna çıxarkən nə nəticə düşündük, nə də başqa şey. Dediyim kimi, “Qarabağ” Türkiyəyə gələcək, biz isə yenidən buraya gələcəyik. Azərbaycanda olan futbol mühiti çox yaxşıdır.

“Qarabağ” çox yaxşı komandadır. Bu gün olan oyunda özünü ön plana çıxaran çox oyunçu gördüm. Onların çox yaxşı baş məşqçiləri var. Digər komandalardan gələn futbolçular da var idi. Rəqibimiz çox yaxşı oynadı. Sanki onlar avrokubok matçında oynayırdılar”.

Xatırladaq ki, bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button