Okan Buruk: “Məqsədimiz Avropada kubok qazanmaqdır”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandasının Çempionlar Liqasında mübarizəni dayandırması və yoluna Avroliqada davam etməsi barədə danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis rəqibə çoxlu qol şansı vermədiklərini bildirib: 

“Rəqibimizin gözləyəcəyini bilirdik. “Kopenhagen” xüsusilə də meydanın mərkəzini qapadan bir komandadır. Ön xətdə Mauro İkardi və Kərəm Aktürkoğlu ilə qol şansları yaratmaq istəyirdik. Ümumilikdə rəqibə çoxlu qol şansları verməsək də, pis bir qol buraxdıq. Biz isə epizodları qola çevirə bilmədik. Rəqib vurduğu sürpriz qolla qalib gəldi. Biz isə yolumuza Avropa Liqasında davam edəcəyik. Məqsədimiz Avropada kubok qazanmaqdır. Təbii ki, məyusuq. Çempionlar Liqasında 1/8 finala çıxmaq istəyirdik. Təəssüf ki, bu olmadı. Super Liqada da bizi çempionluq yolu gözləyir. Futbolçularım sıx qrafikdə əllərindən gələni edirlər”.

İstanbul təmsilçisi ötən gecə ÇL-in qrup mərhələsinin 6-cı turunda “Kopenhagen”ə uduzub (0:1) və turnirlə vidalaşıb. “Aslanlar” qrupda 3-cü yeri tutduqları üçün mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button