Obradoviçdən darmadağına şərh: “Azlıqda qalmağımız öz sözünü dedi”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis Bakıda 0:3 hesabıyla uduzduqları qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk topu birinci hissənin son saniyəsində buraxdıq və qoldan dərhal sonra komandalar fasiləyə yollandılar. İkinci hissədə planımız hücum etmək idi. Xüsusilə, cinahlarda sürəti artırmalıydıq. Ancaq başlayan kimi qırmızı vərəqə almaqla azlıqda qaldıq. Onların “ikinci mərtəbə”də və standart vəziyyətlərdə yaxşı oynadıqlarını bilirdik. Rəqibin daha bir üstünlüyü sürətli əks-hücumlarda təhlükəli olmaqları idi. Buna baxmayaraq, hesabda geri olduğumuza görə, irəli atıldıq. Bu da müdafiədə azalmağımızı şərtləndirdi. Nəticədə, 2 dəfə əks-hücumda yaxalandıq. Zənnimcə, belə diskomfortun səbəbi çoxsaylı sarı vərəqələr idi. Hesab edirəm ki, Hacıağaya göstərilən ilk sarı vərəqə düzgün deyildi.
Uşaqlar öz komandalarında elə də çox oynamırlar. Bu gün meydandakı aqressiyaya görə isə onlara ancaq təsəkkur edə bilərəm. Çünki bu, Azərbaycan, bu forma, bu Vətən uğrunda döyüşmək üçün böyük istəkdən irəli gəlirdi. Futbolçularım ardıcıl ikinci qələbəni bayram etməyi çox istəyirdilər.
Son iki oyunu ümumiləşdirsək, keçirdiyimiz 4 hissənin 3-dən razı qaldım. Bu görüşün 2-ci hissəsində də istəkli idik. Amma azlıqda qalmağımız öz sözünü dedi. Məqsədimiz hər oyunda futbol oynamaq və rəqibdən ən azı 1 top artıq vurmaqdı. Çox işləməliyik ki, sizin də, mənim də arzuladığımız nəticəyə qovuşaq”.
Bizi Facebook-da izləyin