“O sarı forma var e”… və ya, niyə “Vosmoy” olmasın?
Çempionatı maraqlı edən amillərdən biri, bəlkə də birincisi azarkeşdi. Bizim çempionatda isə əsasən Bakı komandaları yarışdığından və onların bir qismi yeni olduğundan, oyunlar azarkeşsiz keçir. Əlbəttə, tək səbəb bu deyil. Səbəblər çoxdu. Amma əsas səbəb komandaların əksərinin Bakını təmsil etməsi və onların müəyyən qisminin yeni yaranmasıdı. Bəs belə şəraitdə azarkeşi necə toplamaq olar?
“Başakşəhər” və Yuri Syomin
Böyük şəhərlərdə komandaya azarkeş yığmağın üç əsas yolu var.
Birincisi, həmin komanda uzun müddət liderlərdən olmalı, daim çempionluq uğrunda mübarizə aparmalıdı.
Bir şəhərdə yüksək nəticə verən və daim lider olan komanda varsa, o zaman həmin şəhəri təmsil edən və nəticələri olmayan, yaxud yeni yaranan digər komanda üçün azarkeş toplamaq çətin olur. Ən yaxşı misalı Türkiyə çempionatından göstərə bilərik. İstanbulun “Başakşəhər” komandası liderdi və ən yaxın izləyicisindən böyük fərqlə irəlidədi. Amma azarkeşi yoxdu. Çünki o qədər də uzaq olmayan keçmişdə yaranıb və “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” kimi titulları olan, çox böyük azarkeş ordusuna sahib həmşəhərliləri var.
Yəqin ki, futbolla maraqlanan hər kəs Moskvanın “Lokomotiv” komandasını tanıyır, ən azı adını eşidib. Bu komanda sovet dövründə digər Moskva klubları – “Spartak”, ÇSKA, “Dinamo”, “Torpedo” kimi populyar deyildi. Aşağı dəstələrdə gün keçirirdi və təbii olaraq, azarkeşi yox idi. Çempionluğa oynayan bir çox paytaxt nəhəngləri qala-qala kim idi birinci dəstə komandasına azarkeşlik edən? “Lokomotiv”in yüksəlişi əsasən Yuri Syominin adı ilə bağlıdı və bu, 90-cı illərdən üzü bəri baş verdi. Yuri Pavloviç “dəmiryolçular”ı güclülər dəstəsinə çıxardıqdan sonra komanda burda tədricən liderlər qrupuna yüksəldi və çempionluğa oynamağa başladı. Xatırlayıram ki, 90-cı illərdə bu komandanın demək olar ki, azarkeşi yox idi. Bu gün İstanbulun “Başakşəhər” komandası necə görünürsə, “Lokomotiv” də o zaman elə idi. Ancaq bu komandanın qalibi olduğu Rusiya çempionatının son mövsümündəki ev oyunlarının videoyazılarına baxsaq, tribunaları demək olar ki, dolu görə bilərik. Səbəb isə komandanın daim liderliyə oynaması və bunun nəticəsində də zaman keçdikcə, özünə azarkeş toplaya bilməsidi. Yəqin ki, “Başakşəhər” də belə davam edərsə, bir müddət sonra azarkeş ordusu yığa biləcək. Çünki qələbəni bölüşmək istəyən çoxdu, məğlubiyyət həmişə tənha qalır.
Stadionu “Neftçi”ylə yarı bölən “Bakı”
Daha aydın olması üçün öz nümunəmizdə “Neftçi” və “Bakı” misalına da baxaq. “Neftçi” Azərbaycanın köklü komandasıdı. “Bakı” isə paytaxtın adını daşısa da, çox sonralar yaranıb. “Neftçi”nin azarkeşi var idi. “Bakı” isə yeni yaranan komanda olduğundan, azarkeşi yox idi. Amma “zolaqlılar” qazandıqları nəticələrin hesabına tədricən azarkeş toplaya bilirdi, Moskva “Lokomotiv”i kimi, liderliyə oynayaraq, tədricən pərəstişkarlarının sayını artırırdı. 2012-ci ildə son titulu olan Azərbaycan kubokunun qalibi olduğu “Neftçi” ilə oynadığı final matçında, stadionu “neftçilər”in fanatları ilə demək olar ki, yarı bölürdü. Bu klub yaşaya bilsəydi və yaxşı nəticələrini davam etdirsəydi, yəqin ki, 10 ilə azarkeş baxımından sanballı komandaya çevrilə bilərdi.
“Vosmoy”? Niyə də olmasın?
Böyük şəhərdə azarkeş yığmağın ikinci yolu isə, komandanın həmin şəhərdə tarixi olan hansısa məhəlləni, qəsəbəni və ya kəndi təmsil etməsidi. Məsələn, Bakı kimi böyük şəhəri nümunə kimi götürsək, onda bu, hansısa tarixi olan məhəllə və ya onun kəndlərinin adı ilə ola bilər. Komanda şəhərin hansısa məhəlləsini və ya kəndini təmsil edərsə, onda avtomatik həmin ərazi komandaya azarkeşlik edəcək. Londonun xeyli komandası onun məhəllələrini təmsil edir və təbii ki, xeyli azarkeşi də var. Məsələn, “Fulhem”, “Tottenhem”, “Çelsi”, “Vest Hem”, “Çarlton”, KPR, “Uimbldon” və s.
Biz də bu şəkildə, Bakı şəhərində komandaları məhəllələrə və kəndlərə ayırıb, adlandıra bilərik. Məsələn, “Binəqədi”, “Zabrat”, “Maştağa”, “İçərişəhər”, “Əhmədli”, “Vosmoy” və s. Sonuncu ad sizi təəccübləndirməsin. Bəli, bəli, “Vosmoy”. Sən “Vosmoy” adında bir komanda yarat, sonra da burax çempionata, gör nə qədər azarkeş yığır. Bütün 8-ci kilometr qəsəbəsi stadionda olacaq. Deyəcəksiz ki, bu ad ruscadı axı, bəlkə “Səkkizinci kilometr” düzgündü? Bilirsiz, danışıq dilində bu ərazi “Vosmoy” kimi gedir, bu səbəbdən də, “səkkizinci kilometr” sözünün danışıq dilindəki “vosmoy” qədər emosiya oyatmadığı ilə yəqin ki, razılaşarsız. Söhbət adın başqa dildə olmasından gedirsə, onda zəhmət olmasa, “Zirə”, “Keşlə”, “Səbail” sözlərinin Azərbaycan mənşəli olmasını biri mənə isbatlasın.
Mən bircə “Səbail” sözündə onu başa düşürəm ki, “sə” farsca üç deməkdi. Yaxşı, dilimizdə farsca, ərəbcə sözlər varsa, niyə rusca olmasın? Yeri gəlmişkən, biz yazılarımızda hansısa jarqonlardan istifadə edəndə, bunlardan ruscası olanda, dırnaq içində yazırıq. Niyə? O zaman farsca, ərəbcə, ingiliscə olan ifadələr də dırnaqla yazılsın da. Ruslar da, türklər də başqa dillərdən alınma xeyli sözdən istifadə edirlər, həm də dırnaqsız. Görünür, onlar üçün sözün necə səslənməsi deyil, fikrin düzgün çatdırılması, tam emosiyası ilə ötürülməsi vacibdi.
Bir dildə sinonimlərin çox olması, həmin dil üçün çox faydalıdı. Bizim dilimizdə də kifayət qədər sinonimlər var. Amma sinonimlər kitabına baxsaq, görərik ki, əksər halda bu sinonim sözlər alınma sözlərdi, əksəri də ərəb və fars mənşəlidi. Məsələn, mən Azərbaycan dilinin sinonimlər lüğətini açdım, gözümə ilk dəyən “abdal” sözünün sinonimlərinə baxdım. Bunlar avara, dərbədər, sərsəri sözləridi və hər üçü fars mənşəlidi. “Abdal” sözü isə ərəb mənşəli. Göründüyü kimi, nəinki sözün sinonimləri, hətta əsas söz də alınmadı. “Vosmoy” sözünün Azərbaycan dilindəki qarşılığı səkkiz(inci) sözünün isə sinonimi yoxdu. Rəqəmlərdən “bir” sözünün sinonimlərini tapa bildim. Bunlar tək, yeganə və vahiddi. Yeganə fars mənşəli, vahid isə ərəb mənşəlidi. Bu cür misallar çoxdu. Özünüz də yoxlaya bilərsiz. Dilimiz belə alınma sözlərlə doludu. Olsun, problem deyil. Hər bir dildə alınma sözlər var, o cümlədən də bizdə. Onda deməli, komandanın adının hansısa başqa dildə səslənməsi ilə dilimizə bir şey olan deyil.
Lakin digər tərəfdən, kimsə deyə bilər, bu sözlər ərəb və fars mənşəli olsa da, dilimizə qəbul olunub və artıq Azərbaycan dilinin sözü hesab olunur, amma dilimizdə “vosmoy” adında söz yoxdu. Lap yaxşı. Onda gəlin, biz bu məsələyə başqa tərəfdən baxaq: Bakıda xeyli restoranlar, supermarketlər var ki, adları xarici dildədi. Məsələn, restoranlardan “Passage”, “Malacannes”, “Art Club Restaurant” və s. Supermarketlərdən “Fresco”, “Vanessa mebel”, “Premium market”, “Armostore” və s. Bu adların hər birinin Azərbaycan dilində qarşılığı var. Amma göründüyü kimi, adların nəinki səslənməsi, hətta yazılışı belə, xarici dildədi . Buna nə deyirsiz?
Bəs niyə onlar bu cür əcaib adlar qoyurlar? Cavab: adın yaratdığı emosiyaya görə! Bunlar hamısı marketinq gedişləridi. Adın düzgün qoyuluşu müştərilərin cəlb edilməsində böyük rol oynayır. Dünyaca məşhur “Mcdonalds” restoranlar şəbəkəsini quran Rey Krokun bu adın qalmasına görə Makdonalds qardaşlarına bir milyon üç yüz əlli min dollar ödədiyini bilirdizmi? Məsləhət görürəm ki, “Təsisçi” filminə baxasız. O zaman nə demək istədiyimi başa düşərsiz.
Yəni sözümün canı odu ki, restoranın, supermarketin, yaxud başqa fiziki və hüquqi şəxsin adı xarici dildə ola bilirsə, səslənirsə, klubun adının səslənməsi niyə xarici dildə ola bilməz? Klub üçün azarkeş cəlb etmək baxımından adın düzgün qoyuluşu çox vacibdi. Bu baxımdan, düşünürəm ki, adın hansısa dildə olması deyil, onun düzgün seçimi əhəmiyyətlidi. Buna başqa bir misalla da baxaq. “Səbail” klubunun adının önündən “Sə” götürülsəydi, “Bayıl” qalardı. Bu komanda Bayıl qəsəbəsinin stadionunda oynamaqla, azarkeşlərinin sayını dəfələrlə artıra bilərdi. Bayıl qəsəbəsi çoxdan var və yerli əhali burda çoxdan kök salıb, yaşayır. Köklü yerlərdə isə həmin yerin adına ehtiram olur. Yəni komanda da həmin yerin adını daşıyarsa, o yerin əhalisi təkcə ada görə bu komandanın arxasında dayanar. Səbail isə Bakının rayonuna o qədər də uzaq keçmişdə olmayan verilən addı. Ona görə, bu, kimdəsə hansısa həyəcan, emosiya, ehtiras oyatmır.
“Kaş elə olaydı ki, o komanda bərpa olunaydı”
Böyük şəhərdə azarkeş yığmağın daha bir yolu tarixi keçmişi, azarkeşi olan dağılmış komandanın bərpasıdı. Nisbətən yaşlı futbol azarkeşləri Buzovnanın “Xəzri” komandasını xatırlayar. Bu yaxınlarda çəkilmiş “Xəzridən xəzriyə” filmində, keçirilən oyunlardan bəhs edən süjetlərdə görünür ki, matçlar dolu meydanda oynanılır. Həmin yerin əhalisinin söhbətlərindən də görünür ki, onlar “Xəzri”ni unutmayıblar və bu komandanı dərin nisgil, nostalji ilə xatırlayırlar. Bax, belə bir komanda yenidən öz rəngləri ilə bərpa olsa, ona azarkeş yığmağa ehtiyac qalmayacaq. Əvvəlki azarkeşləri stadionu dolduracaq. Gündə bir komanda yaratmaqdansa, bu cür komandaları bərpa etmək daha doğru olardı. Çünki tamaşaçısı olmayan oyun heç kimə lazım deyil. Qoy, lap bu oyun növü idmanın şahı olsun.
Düzdü, ola bilər ki, dağılmış komandanın təsisçisi onun yenidən bərpasına razılıq vermək üçün müəyyən məbləğ istəsin. Bu da başadüşüləndi. Adam vaxtilə xərc çəkib komanda yaradıb, indi də istəyir ki, onu satıb, xərcinin müəyyən qismini bərpa etsin. Amma yeni komanda yaradıb azarkeşsiz oynamaqdansa, azarkeşi olan komandanı alaraq, bərpa etmək həm futbol adına ən düzgün addım olar, həm də, bəlkə də maddi cəhətdən əlverişli olar. Çünki bilet satmaq mümkündü, azarkeş toplamaq üçün əlavə xərcə gərək olmur və s.
Bu yazını haqqında söz açdığım “Xəzridən xəzriyə” filmindən, Buzovna sakini olan “Xəzri” azarkeşlərindən biri, Vüqar Sadıqovun sözləri ilə bitirmək istəyirəm:
“O sarı forma var e, sarı-yaşıl (“Xəzri”nin formasının rəngləri), hansısa bir komanda oynayanda, görürsən ki, əynində sarı forma var, inanırsan, “Xəzri” adamın yadına düşür, adamın “prosta” gözləri dolur. Kaş elə olaydı ki, o komanda bərpa olunaydı”.
Vüqar Məmmədov
Bizi Facebook-da izləyin