“O futbolçuya 500, bu futbolçuya 1000, beləcə, 17 min dollar pulum getdi” MÜSAHİBƏ
Bir neçə gün əvvəl Komanda.az saytında futbol üzrə Azərbaycan milli komandasının sabiq kapitanı, “Neftçi”nin, “Keşlə”nin keçmiş baş məşqçisi Tərlan Əhmədovun müsahibəsinin ilk hissəsi yayımlanmışdı. Bu dəfə müsahibənin qalan hissəsini təqdim edirik (müsahibənin ilk hissəsini bu linkdən oxuya bilərsiz):
“Əsgər Abdullayev mərkəz müdafiəçisi idi, həm də, boyu hündür deyildi”
– Siz müdafiəçi olmusuz. Hansı xüsusiyyətinə görə müdafiəçiyə istedadlı demək olar?
– Müdafiəçi ilk növbədə oyunu oxumağı bacarmalıdır. Birinci şərt odur.
– Oyunu oxumaq sürətdən də əhəmiyyətlidir?
– Baxın, dünyada sürəti ən zəif olan futbolçu Serxio Busketsdir. Amma eyni zamanda, dünyada ən sürətli, ən tez fikirləşən futbolçu da Busketsdir. Qərarı o qədər tez verib, mövqeyini o qədər tez seçir ki, onu keçmək çox çətin olur. Bu, Tərlan Əhmədovun fikri deyil. Bu, dünyada mütəxəssislərin, ekspertlərin apardığı araşdırmanın nəticəsidir. Sənin sürətin ola bilər, amma qərarı düzgün verməyəndən sonra, istəyirsən işıq sürətiylə qaç, artıq o sürətə ehtiyac yoxdur.
– Bəzən sürət lazım olur. Məsələn, komanda hücuma gedib, bütün komanda irəlidədir. Ən arxadakı meydan oyunçuları olan müdafiəçilər də mərkəz xəttə qədər gəlib çıxıblar. Bu zaman top rəqibə keçir və müdafiəçilərlə qapıçının arasındakı boşluğa atılır. Burda hücumçu müdafiəçidən sürətlidirsə, topa ondan tez çatacaq və qapıçı ilə təkbətəkə gedəcək…
– O müdafiəçi o zaman uduzur ki, əvvəldən qərarı düzgün verməmiş olsun. Dünyanın ən güclü müdafiəçilərinin əsas üstünlükləri oyunu oxumaqlarına görədir. Əksər müdafiəçilərin sürəti olmur…
– Sürəti olanlar da var. Məsələn, Almaniya millisində Jerom Boatenq.
– Boatenqin oyun zamanı xeyli səhvləri olur və komanda yoldaşları onu sığortalayır.
– Ola bilməz ki, bir oyunçuda həm sürət, həm də oyunu oxumaq bacarığı cəmləşsin?
– Bu, çox nadir hallarda olur. Məsələn, Frants Bekkenbauerdə olub, həm sürəti olub, həm də oyunu oxumaq qabiliyyəti. Cinah müdafiəçisi üçün bəlkə də, birinci tələb olunan keyfiyyət sürət ola bilər, çünki cinahdan keçidləri olur. Amma mərkəz müdafiəçisi üçün birinci tələb olunan keyfiyyət oyunu oxumaq qabiliyyətidir.
– Müdafiəçidə daha hansı keyfiyyətlər olmalıdır? Məsələn, ardıcıllıqla sıralasaq.
– Birinci, oyunu oxumaq, ikinci, birə-bir mübarizələrdən qalib çıxmaq – on mübarizədən ən azı yeddisində qalib çıxmalısan, əlli faizlik göstərici, yəni on mübarizədən beşində qalib ayrılmaq müdafiəçi üçün qəbulolunmazdır. Ən azı yetmiş faiz qalib ayrılmalısan. Üçüncüsü, hava toplarında məğlub olmamalısan. Dördüncü vacib keyfiyyət mövqe seçimidir. Bunu oyunu oxumağa da aid etmək olar, amma müəyyən qədər fərqlər var. Beşincisi, hücumu başlamağı, topla oyunu qurmağı bacarmalıdır, indiki dövrdə bunlar hamısı şərtdir.
– Boy göstəriciləri necə?
– Müdafiəçinin daha hündür boyu olanda koordinasiyalarda zəif olur. Boyu 1.88 metrdən yüksək olan oyunçularda koordinasiya olmur. Başla yaxşı oynaya bilər. Amma bütün klublar hava ilə oynamır ki? Yerdən də oynayır. Belə oyunlarda o hündürboyluların koordinasiyası olmur. Boyun hava toplarında üstünlük qazandırması fikrini o qədər də qəbul etmirəm. Əsgər Abdullayev mərkəz müdafiəçisi idi, həm də, boyu hündür deyildi. Amma o, bir dəfə də olsun hava toplarında uduzmayıb.
– Müdafiəçi üçün liderlik keyfiyyəti vacibdirmi?
– Əlbəttə. Ən çox liderlik keyfiyyəti son müdafiəçilərdə olmalıdır. Çünki komanda arxadan idarə olunur. Hücumçular heç vaxt arxanı görmür. Orta xətt də arxanı çox görmür. Müdafiəçilər isə meydanı rahat görür. Ona görə də, onlar üçün liderlik keyfiyyəti vacibdir.
“Bəhlul hərdən həyəcanlanır”
– Bu saydığınız keyfiyyətlərin hansı nə qədər sizdə olub?
– Topla rəftarım, başla oyunum yaxşı olub. Oyunu oxumaq mənim əsas üstünlüyüm olub. 36 yaşımda futbolu buraxdım. 34-35 yaşımda artıq sürətə yox, təcrübə və oyunu oxumaq hesabına oynayırdım. Futbolçu daim öz üzərində işləməlidir. Məsələn, mən həftələrlə uzun “paslar”ın üzərində işləmişəm, buna görə 60 metrdən dəqiq “pas” verə bilirdim.
– Bugünkü futbolçular arasında Tərlan Əhmədova oxşayan müdafiəçi varmı?
– Məndən sonra Rəşad Sadıqov gəldi. Hazırda…
– Bəhlul Mustafazadə?
– Hələlik Bəhlulda bəzi problemlər qalır. Bəlkə də, o daha yaxşı futbolçu olardı, amma təriflər ki var, ay “Reyncers”ə gedir, ora gedir, bura gedir… Bu səbəbdən, o uşağın konsentrasiyası işinə, oyununa deyil. Amma özəllikləri, keyfiyyətləri var. Mən Ruslan Abışovun adını qeyd edərdim. Onda oyun oxumaq qabiliyyəti yüksək səviyyədədir. Yığmada, “Neftçi”də oynayanda da belə idi, hazırda “Sabah”da da bu cürdür. “Sumqayıt”la oyunda meydanda idi, qalib gəldilər. Ruslan yüksək səviyyədə oyun keçirdi. Ruslanın sürəti olmasa da, oyun oxumağı var. Bəhlulun sürəti var, amma fikrimcə, oyunu oxumaqda da problemləri var, birə-bir mübarizələrdə də bəzən uduzur. Müdafiəçinin əsas üstünlüklərindən biri də hər bir hadisədə soyuqqanlılığını qorumasıdır. Bəhlul hərdən həyəcanlanır. Düşünürəm ki, öz üzərində işləyib, müəyyən keyfiyyətləri düzəltsə, hə, yaxşı futbolçu çıxar. Onunla xarici klublar maraqlanırsa, deməli, güclü futbolçu ola bilər. İstedadı var, fiziki keyfiyyətləri də var. Amma onun hələ ki, yanında təcrübəli futbolçuya ehtiyacı var. “Tərlan Əhmədova oxşayan futbolçu varmı” sualına qayıtsaq, Rəşad olub, ondan sonra da Ruslan Abışov. Son illər bu iki futbolçu olub. Ruslan hazırda oynamaq gücündədir. İspan məşqçi onu vaxtında mütəmadi oynatsaydı, indi bəlkə, yığmada da görərdik. Hazırda yığmada müdafiənin mərkəzində Elvin Bədəlovla Bədavi Hüseynov oynayır. Bədavi Rəşadın gedişindən sonra yığmada da, “Qarabağ”da da çətinlik çəkir. Bədavi “qara işlər”i görürdü, Rəşad daha çox oyunu oxuyub, “təmizlik işləri” aparırdı. Bu gün Kevin Medina o işi tam görə bilmir. Rəşadın funksiyasını tam yerinə yetirə bilmir. Eyni problem yığmada da yaşanır.
– “Qarabağ”ın problemləri bununla əlaqəlidir?
– Məncə, problemlərdən biri bununla əlaqəlidir. Görürsən ki, Qurban Qurbanov gah dəyişib Rahili qoyur, bəzən Maksimi qoyur, bu da onu göstərir ki, o, sistemi hələ oturda bilməyib. Müdafiədəki problemlər yığmada da var. Bədavi vuruşandır, Elvin Bədəlov bir az ləngdir. Elvin bir az “sumburnı” oyun oynayır. Sanki bu dəqiqə nə isə edəcək, ya faul edəcək, ya “qırmızı” alacaq, adamı gərginlikdə saxlayır. Mən düşünürəm ki, Ruslan gəlsə, bəlkə də, Bədavi ilə ikisi yığmada daha yaxşı anlaşar. Ruslanın sürəti aşağıdır, o dərəcədə sürətli deyil, amma oyun oxumaq keyfiyyəti yaxşıdır. Oyun quruculuğu da var, qol duyumu da. Standart vəziyyətlərdən qol vurmaq, uzun “pas” vermək, oyunu müdafiədən qurmaq keyfiyyətləri, dəqiq ötürmələri var.
“Qarşıma Avropada oynamağı məqsəd qoysaydım…”
– Niyə bizdən güclü, Avropa səviyyəli futbolçu çıxmır? Bəlkə də, bu sual daha çox uşaq məşqçilərinə verilməlidir. Amma hər halda, sizin də bir cavabınız olar.
– Bu bir az geniş mövzudur. Bəlkə də, bu, bizim mentalitetlə əlaqədardır. Əziyyətlərə qatlaşmaq istəmirik. Avropa səviyyəli futbolçu olmaq böyük şərtlər tələb edir. Məsələn, biz mətbuatda oxuyuruq ki, Ronaldo gecə saat ikidə məşq edir. Dünyanın ən yaxşı oyunçularındandır, gecə oyundan gəlir, trenajor zalında məşq edir. Bu məlumatı oxuyub sonra da fikirləşirsən ki, Azərbaycanda belə bir istedadlı futbolçu olsa, o, bu işləri görəsən, edər? Mən uşaq vaxtı Bakıya gələndə qarşıma məqsəd qoymuşdum ki, böyük futbol oynayacam. Qaldığım idman təmayüllü internat məktəbindən gecələr çıxırdım, üç kilometrədək məsafə qaçırdım. Bəzən itlər düşürdü dalımca, qaçıb zeytun ağacına çıxırdım, bəzən qaçıb binaların bloklarında gizlənirdim. Yəni qabağıma məqsəd qoymuşdum. Mənə hərdən uşaqlar deyirdi ki, sən dəlisən, gecəni yat da, səhər dərsin, məşqin var. Deyirdim yox e, qabağıma məqsəd qoymuşam. “Neftçi”də oynayanda, cavan vaxtı, məşqdən sonra qalıb öz üzərimdə işləyirdim – uzun “paslar”ı, cərimə zərbələrini. Mən qarşıma Avropada oynamağı məqsəd qoysaydım, bəlkə də, çox şeydən imtina edərdim. Məsələn, tez ailə qurmazdım. Həm də, bizdə mentalitetdən, gendən gəlir ki, daha çox özümüzə bağlıyıq, daha çox ağır iş görməklə aramız yoxdur. İndiki zamanda futbolçuya ağır iş verirsən, görürsən çoxunda şikayət var ki, yoruluruq. Amma biz gündə dörd dəfə məşq keçirdik. 24 gün dörd məşq, sonra 24 gün üç məşq, daha sonra dekabrda, yanvarda və fevralda olmaqla üç təlim-məşq toplanışı keçirdik. Martda da çempionat başlayırdı. İndi o prosesi verə bilmirsən. 2008-2009-cu illər arası biz fedarasiya tərəfindən Norveçə, seminara göndərilmişdik, həmin seminarın da rəhbəri mən idim. Seminarda UEFA-nın tərkibində olan dövlətlərdə futbolun inkişafı müzakirə edilirdi. Hansı işlər görülür və s. Biz də durduq dedik ki, stadion tikilir, bəziləri təmir olunur, təlim-məşq bazaları tikilir, uşaq akademiyaları yaradılır. Orda Norveçin futbol federasiyasının prezidenti gəldi, çıxış elədi, daha sonra onların nümayəndəsi danışdı. O dedi ki, soyuq yer olduğuna görə ölkənin şimal tərəflərində süni meydançalar salıblar, cənubunda isə təbii. Uşaq seçiminə gəldikdə isə, daha çox iki fəsildə dünyaya gələn uşaqlara üstünlük verirlər – yaz və payız. Bunu da belə izah etdi ki, qışla yayda təbiət durur. Bu fəsillərdə dünyaya gələn uşaqlarda fiziki durum, ağır iş görmək qabiliyyəti aşağı olur. Amma payızla yazda təbiətdə dəyişiklik baş verir, hərəkətlilik olur, ona görə də, bu fəsillərdə doğulan uşaqlar həm dözümlü olur, həm cüssəli olur, həm də fiziki durumları güclü olur. Yəni bu baxımdan görürsən ki, insanlar tamamilə başqa cür iş görür.
– Mentalitetdən danışdız. Amma götürək Portuqaliyanı. Mətbuatdan da oxumuşam ki, PRO lisenziyasının şərtlərinə uyğun bu ölkədə təcrübə keçmisiz. Portuqaliya istər əhali, istər ərazi, istərsə də iqlim sarıdan aşağı-yuxarı Azərbaycana yaxın yerdir. İsti iqlimli yerlərdə istiqanlı olmaq, çox da qayda-qanuna meyl etməmək və buna bənzər bir çox hallar olur. Yəni bu baxımdan Portuqaliyanın mentalitetini də eyni hesab etmək olar. Amma Portuqaliya futbolu harda, bizim futbol harda…
– Mentalitet eyni ola bilər, amma yanaşma tamamilə başqadır.
– Din fərqliliyi səbəb ola bilər?
– Ola bilər. Amma gəlin dini qatmayaq bu işlərə. 2016-da mən “Pakuş Fereyra” klubunda təcrübə keçməyə gedəndə həmin vaxt baş məşqçi Paulo Fonseka idi. Bu yaxınlaradək “Roma”da işləyirdi, təzəlikcə ayrılıb. Deməli, onların yanaşması var. Məsələn, deyək ki, biz səhər oyuna hazırlaşırıq, fiutbolçulara deyirsən ki, gedin evə, sabah axşam 6-da oyundur, gündüz 11-də yığışırıq bazaya, üç saat dincəlirik və axşam oyuna çıxırıq. Mən orda olanda “Pakuş Fereyra”nın Gimarayeşdə oyunları var idi, yəni səfərdə. Gəldilər məşq etdilər və sonra hamısı getdi evə. Səhəri günü tezdən yığışdılar, avtobusa minib getdilər oyuna. Bu onu göstərir ki, peşəkarlıq yüksək səviyyədədir. Amma biz buraxaq evə, deyək ki, sabah oyundur, gedin evə, hamınız dincəlin. Bilirsiz nə olacaq? Hər bir futbolçunun gecə saat birdə, on ikidə başqa-başqa yerlərdən səsi gələcək. Yəni yanaşmamız fərqlidir. Orda olarkən bir gün baxdım ki, ehtiyat meydanda məşq var. Yaxınlaşdım, gördüm akademiyanın uşaqlarıdır, oyun gedir. Valideynlər sakit oturub, nə qışqıran var, nə bir söz deyən. Hansı komanda qol vurur, ona sevinirlər. Görürsən ki, uşaq futbolunda hər şey nizamı ilə gedir. Məşqçilər sakitcə oyunu izləyir. Bax, uşaq futbolunda nizam-intizam necədirsə, yuxarıya da gəlib bu şəkildə çatır. Amma biz uşaq futbolunda o nizam-intizamı tənzimləyə bilmirik axı. Bizdə uşaqların oyunu gedəndə valideynlər məşqçilərdən daha çox oyunu idarə edirlər. Bəzən görürsən valideyn deyir ki, mənim uşağım yaxşı idi, müəllim gözümçıxdıya saldı. Niyə müəllim sənin uşağını gözümçıxıdıya salmalıdır, yaxşı olandan sonra?
Sözümün canı odur ki, problem bizim yanaşmamızdadır. Adını demirəm, işlədiyim klublardan birində istedadlı uşaq var idi, 17 yaşında. Gedib müxtəlif yaş qruplarını izləyirdim ki, istedadı olanlardan əsas heyətə çəkim. Bu uşağı göstərdilər, dedilər ki, 17 yaşlıların yığmasına da düşür. İzlədim, gördüm ki, həqiqətən uşağın potensialı var. Onu həftəlik məşqə dəvət etdim ki, həvəsi daha da artsın. Həm də, komanda yoldaşları da görsün ki, o əsas komandaya keçib, onlar da həvəslə çalışsınlar. Mövsüm qurtaranda valideyni gəldi ki, mən uşağımı aparıram. Soruşdum “hara, qardaş?” Dedi “mənim uşağımı başqa klubdan istəyirlər, ona yaxşı maaş verirlər”. Dedim “etmə-eləmə. Uşağını bədbəxt eləmə, qoy qalsın oynasın, xahiş edərik rəhbərlikdən, gücümüz çatandan 100-200 manat pul yazarıq ki, gəliş-gedişinə problem yaranmasın. Amma sən oğlunu başqa yerə aparmaqla bədbəxt edəcəksən”. İnanın ki, eşitmədi, uşağı çıxardıb apardılar. Altı aydan sonra gəldilər ki, uşağı qaytaraq da. Dedim artıq o uşağın yerinə futbolçu götürmüşük. Söhbət tək məndən getmir, məşqçisi də dedi ki, ona da lazım deyil. Həmin uşaq itdi-batdı.
Yəni valideynlər bu prosesi gətirib o mərhələyə çatdırırlar. Bunun üçün də artıq klublarda sistem olmalıdır. Oyunçunu bir klub yetişdirir, 17-18 yaşa çatanda valideynlər gəlir ki, mən uşağımı başqa yerə aparıram. Çıxırlar federasiyaya, o da qanuna müvafiq olaraq icazə verir. Əvvəl kompensasiya var idi. Klub zəhmət çəkib uşağı yetişdirib, forma verib, təlim-məşq toplanışı təşkil edib, məşqçisinin zəhməti var. Sonda çıxıb gedir, federasiya da futbolçunun qabağına sədd qoymur. Amma bu tərəfdən klubun zəhməti itir. Futbolçu da gedir, o biri komandada adaptasiya ola bilmir, o mühitə uyğunlaşa bilmir və itir-batır. Bu yöndə artıq federasiya qanun qəbul etməlidir ki, məsələn, futbolçu 20 yaşa qədər öz klubunu tərk edə bilməz. Tərk edəcəksə, onu istəyən klub kompensasiya ödəməlidir. Gənc futbolçu başqa kluba gedəndə adaptasiya olmaq üçün zaman lazım olur. O məşqçinin də zamanı yoxdur. Burda öyrəşdiyi ab-havaya, məşqçisinə orda öyrəşə bilmir. İllərlə ona dərs keçən məşqçisinin tələbi, yanaşması tamamilə başqaydı. Gedir ora, tamamilə başqa məşqçinin yanaşmasını görür. Belə-belə biz istedadları itiririk. Baxın, bayaq bizdən gedən bir futbolçudan misal çəkdim. O futbolçunun getməsi ilə həm mən itirdim, həm klub itirdi, həm də onun özü itirdi. Burda nə olmalıdır? Klubların hüquqları qorunmalıdır. Əvvəl 23 yaşa qədər futbolçu öz klubunu tərk edə bilməzdi. Artıq bu qanun yoxdur. Uşağın bir balaca istedadı olanda valideynlər klubları öldürür: “Mənim oğluma filan yerdə pul verirlər, mən oğlumu Türkiyəyə aparıram”. Ay qardaş, bir yetişsin də… Bu işdə biz nə qədər itirmişik… Hələ mən sizə birini dedim.
– Siz bir müsahibədə demisiz: “Bəzi mütəxəssislər uşaqları iki hissəyə bölürlər: imkanlıların və imkansızların balaları. İmkanlının uşağı ilə əlavə məşqlər olur, valideynləri ilə oturulur-durulur. İmkansızın balası 40-45 dəqiqəlik məşqdən sonra evə buraxılır. Amma hər zaman istedadlar imkansız ailələrdən çıxıb”. Burda bir məsələ var, axı həmin uşaq məşqçisi lazımi səviyyədə məvacib alsa, valideynin əlinə baxmaz.
– Bilirsiz, işsiz qalanda deyirlər ki, nə maaş olsa işləyərəm, təki iş olsun. Amma işə girəndən sonra tamamilə başqa yol seçirlər. Mən sizin fikrinizlə də razıyam. Ümumiyyətlə, futbolumuzda çox şeylər öz həllini tapmalıdır. Sualınıza qayıtsaq, yenə də vurğulayım ki, bizim uşaq akademiyalarında çatışmayan problemlər həddindən artıq çoxdur. Məşqçilərin aldıqları maliyyə yaşam üçün əlverişli deyil. Amma işsiz qalanda deyirlər ki, 500-600 manatlıq iş olsun, gələndə isə tamamilə başqa cür olurlar.
“Mənim səhvim nədirsə, onu tənqid edin”
– Tənqidə münasibətiniz necədir?
– Əla. İnsan özündə çox şeyi görə bilmir. Mən də özümdə çox şeyi görə bilmirəm. Amma tənqid, tənqid formasında olmalıdır. Düzgün tənqid olunmalıdır. Yalandan yazılan, əsassız fikirlər tənqid yox, qərəzdir. Məsələn, mən meydançanın kənarında durmuşam, futbolçum da meydanın o biri başındadır. Burdan qışqırıram: “Filankəs, arxaya düş”. Səhəri gün görürəm mətbuatda yazılıb ki, Tərlan Əhmədov filankəsin üstünə bir aqressiv qışqırdı, az qaldı onu təhqir etsin. Halbuki belə şey olmayıb. Bir də var ki, mən ehtiyatdan oyunçu buraxıram, bəlkə də, heç onu buraxmalı deyildim. Nəticədə mənim komandam məğlub olur. Bax, onda o tənqid yazılmalıdır. Ki, Tərlan Əhmədov, əvəzetməni düzgün etmədin. Yaxud oyun gedir, mən oyuna baxmıram, tamaşaçılarla gülüşürəm. Bax, bu tənqid olunmalıdır. Belə tənqidlər olsa – işim barəsində, heyət barəsində, narazılığım olmaz. Yenə deyirəm, insan hər şeyi görə bilməz. Gördüyü də hələ hər şey demək deyil. Mənim səhvim nədirsə, onu tənqid edin. Belə ola bilər ki, mən hansısa jurnalistlə görüşəndə aqressiv danışım. Bunu yazmaq olar ki, Tərlan Əhmədov bizimlə aqressiv danışıb. Daha onu şişirdib başqa cür təhqirə çevirmək, yaxud Tərlanın üstünə şər atmaqla etmək olmaz. İşimdə nə səhvlər var, bunlar olmalıdır. Yoxsa şəxsi həyatda Tərlan…
– Məşqçi öz yanaşmasında futbolçunu daha çox tənqid etməlidir, yoxsa tərifləməlidir?
– Futbolçuların səhvi varsa, bunu mən onlara iclaslarda deyirəm. Mətbuatda isə demişəm ki, məğlubiyyət varsa, mənim günahımdır. Görsəm ki, futbolçunu tərifləyəndə uçuruma gedə bilər, onda hərdənbir tənqidi ifadələr işlətmişəm ki, özünü yığışdırsın. Məqsəd onun inkişafı üçün olub. Fikrimcə, çox tərif də bir şey deyil. Çünki belədə futbolçunun özündə bir arxayınlıq, şişmə, özündənrazılıq ola bilər. Belədə də həmin futbolçunu itirmiş olarıq ki, bu da kluba dəyən ziyandır.
– Ümumiyyətlə, məşq prosesində, iclaslarda fokus əsasən tənqidə yönəlməlidir, yoxsa tərifə?
– Orda nə tənqidə yönəlməməlidir, nə də tərifə. Əsas odur ki, səhvləri düzgün təhlil etməlisən. Tutalım, oyunçun qapında təhlükəyə (məsələn, penaltiyə) səbəb olacaq qayda pozuntusuna yol verib. Bu halda təkcə həmin epizod araşdırılmamalıdır. Həm də, həmin səhvə gətirib çıxaran proseslər araşdırılmalıdır. Bu futbolçunun səhv edəcəyi ana qədər o biri futbolçular nə ilə məşğul idi ki, gəldi həmin futbolçuya çatdı, o da səhv etdi. Komandada bir nəfər səhv etmir, komandanın məğlubiyyətində hamı səhv edir. Həmin qayda pozuntusuna qədər bunları bir-bir təhlil edirsən ki, ikinci oyunda bu səhv olmasın. Axı həmin epizoda qədər yeddi-səkkiz futbolçudan top keçib. Tənqid olmalıdır, amma bir nəfəri öldürüm ki, “sənə görə uduzdum”, “komandanın zəhmətini yerə vurdun”, belə olmaz. Sadəcə, səhvləri düzgün başa salmalısan ki, gələn oyunda təkrarlanmasın. Onsuz da səhvsiz iş yoxdur. Bu səhvi düzəldirsən, sabahı günü başqa bir səhv çıxır. Bu oyunda standart vəziyyətdən qol buraxırsan, onu işləyib düzəldirsən, gələn oyunda uzun “pas”dan sonra sənə qol vururlar. Sən bu səhvləri aradan qaldırdıqca inkişaf edirsən.
– İstedadlı futbolçular adətən intizamsız olur. Niyə belədir?
– Bəlkə də, istedadlıdır deyə, komandanın ondan asılı olduğunu düşünüb o cür addım atır. Özündən razılıq yaranır ki, mənim hər bacarığım var, yeri gələndə komandanın oyununu tək həll edirəm. Məsələn, yadınızdadır, braziliyalı Ronaldo var idi, “Yekədiş” deyirdilər. Nə qədər intizamsızlığı var idi. Yaxud Ronaldinyo olsun. Maradonanın özünü götürün, nə qədər intizamsızlıqları olub. “Məndən asılıdır”, “talant”ım var”, “istədiyim vaxt qol vuraram”. “Mən olmasam, mən olmasam, mən olmasam…” Bax, həmin “mən” onların belə xarakterli olmasına gətirib çıxarır.
– Sizdə bu cür xasiyyət olmayıb?
– Yox! Heç vaxt.
– Adətən güclü futbolçu güclü məşqçi ola bilmir – Maradona, Pele… Güclü məşqçi də adətən tanınmamış futbolçulardan çıxır – Mourinyo, Klopp, Löv, Tomas Tuxel. Bunun niyə belə olma səbəbi sizə bəlkə də, aydındır. Çünki hər iki sahədə uğurunuz var. Sizə həm uğurlu futbolçu, həm də uğurlu məşqçi demək olar, ən azı Azərbaycan səviyyəsində. Sual, niyə güclü futbolçudan adətən güclü məşqçi çıxmır?
– Bu sualın cavabını verməkdə çox adam çətinlik çəkir. Belə fikir tez-tez səslənir ki, güclü futbolçudan güclü məşqçi çıxmır. Amma son zamanlar göstərir ki, bu, mümkündür və insanın özünün xarakterindən asılıdır. Bayaqkı “niyə istedadlı futbolçular intizamsız olurlar” sualına qayıtsaq, bəlkə də, “niyə güclü futbolçu güclü məşqçi ola bilmir” sualının cavabını orda axtarmalıyıq. İstedadlı futbolçuda olan mənəm-mənəmlik onunla davam edir. Şəxsən məndə o mənəm-mənəmlik olmayıb. Komanda səhər 9-da yığılardısa, mən saat 7-dən bazada olardım. Bunu keçmiş komanda yoldaşlarımdan Fərrux İsmayılov bilir. O deyirdi ki, hər dəfə çalışıram ki, səndən tez bazaya gəlim, amma hər dəfə gəlib səni burda görürəm. Gələrdim tezdən bazaya, paltarlarımı, formalarımı səliqəyə salardım, butsılarımı təmizləyərdim, müəyyən çalışmalar edərdim, sonra bir “çaşka” kofe içərdim, hamıdan tez düşərdim trenajora, komanda gələnə qədər bir az trenajorda işləyərdim, gələrdim bəzi hərəkətlər var, onları edərdim, bundan sonra komanda gələrdi. Yəni qarşıma məqsəd qoymuşdum. Bundan başqa, indiyədək deməmişəm, Əhməd Ələsgərovla işlədiyim dövrdən, 1999-cu ildən onun bütün məşqlərini yazırdım. Ümumiyyətlə, işlədiyim məşqçilərin hamısının məşqlərini yazmışam. Ağasəlim Mircavadovla “Xəzər Lənkəran”da işlədiyim dövrdəki bütün konspektləri məndə var. Əsgər Abdullayevin də konspekti var məndə. Ukraynada oynadığım dövrdəki konspektlərim var, yazmışam, nələr var idi, nələr keçilirdi. Yəni qarşıma məqsəd qoymuşdum ki, futbolçuluqdan sonra məşqçi olacam. Bunun üçün də bu istiqamətdə hər zaman çalışmışam. Oynadığım dövrdə komanda yoldaşlarıma yuxarıdan aşağı baxmamışam, əksinə, onları yuxarıda görmüşəm. Amma sizin o talantlı dediyiniz futbolçulardan niyə məşqçi çıxmır, çünki oynadıqları dövrdə hamıya yuxarıdan aşağı baxıblar. Düşünürdülər ki, hər şeyi tək edirlər. Hamı bazada yatdığı vaxtda, oyuna hazırlaşanda onlar öz aləmlərində olurdular. Məhz o xarakterə görə sonra gəlib məşqçi də ola bilmirdilər. Məsələn, Maradona niyə işlədiyi komandalarda bir şey edə bilmədi? Çünki Maradona adı ona imkan vermirdi ki, daha tələbkar olsun və yaxud daha incə məqamlarda futbolçuya kömək etsin. Onun özündəki o təkəbbür, mənəm-mənəmlik var idi ki, mən Maradonayam, o imkan vermirdi. Belə səbəblərə görə istedadlı futbolçuların əksərində məşqçilik alınmır. Zidan dünya və Avropa çempionu olub, dünyada və Avropada birinci seçilib, Çempionlar Liqasının ən yaxşı qollarını vurub, oynadığı zaman da özündə hansısa bir liderlik keyfiyyətləri olub. Onun oyunlarına baxmısızsa, heç vaxt komanda yoldaşlarına yuxarıdan aşağı baxmayıb. Bax, buna görə də uğurlu məşqçidir. Adam üç il ardıcıl məşqçi kimi Çempionlar Liqasının qalibi olursa, demək onda hansısa keyfiyyətlər var.
“Onun haqqında deyirlər ki, məşqçinin işinə qarışır”
– “Neftçi”dən ayrılmağınızın səbəbi nə oldu? Nəticə yaxşı idi axı: üçüncü yer…
– Bilirsiz, müqaviləm mayın 31-də qurtarırdı. Kluba yeni rəhbərlik gəlmişdi. Yeni mövsümə mənimlə davam etmək istəmədilər. “Neftçi” mənim gəlişimədək, son iki mövsümdə 6-cı, 7-ci yerləri tuturdu. Məni də çağırdılar, istəkləri bu oldu ki, komanda yaxşı futbol göstərsin, bir də, “Neftçi” adına baxımlı futbol olsun, heç olmasa, 4-5-ci yerləri tutsun. Hər məşqçinin də öz tələbi var. İşlədikcə gördüm ki, komandanın potensialı böyükdür, hər halda, nəticə vermək olar. Biz üçüncü yeri tutduq. Məşqçi kimi qarşıma qoyduğum hədəfim üçüncü yeri tutmaq idi. Mən gələndə komandanın beş turdan sonra bir xalı var idi. Cəmi bir top vurmuşdu, onu da komandanın öz oyunçusu yox, rəqib öz qapısına vurmuşdu. Biz sonrakı mərhələdə bir neçə futbolçu cəlb etdik, komanda yavaş-yavaş öz oyununu oynamağa başladı. Onlardan sürətli futbol, kompakt oyun tələb olundu. Əsas o idi ki, komandada birlik olmalı idi, komandanın qalib ruhu olmalı idi, “Neftçi” adına bir komanda formalaşmalı idi, biz buna çalışdıq, müəyyən nəticəyə nail olduq. Amma yeni gələn rəhbərlik davam etmək istəmədi. İstəmədilərsə, nə etmək olar? Artıq müqavilə də yox idi. Müqavilə olsaydı, onun şərtlərini tələb etmək olardı. Ancaq mənim müqaviləm 31 mayda bitmişdi. Gedişat bunu göstərdi ki, getməliyəm.
– “Keşlə”yə gəldiyiniz mövsümdə Azərbaycan kubokunu qazanan komanda ilə sonuncu yeri tutduz. Soruşmaq istədiyim budur ki, komanda kuboku qazanıbsa, ona zəif demək olmaz. Niyə əlinizə aldığınız kuboku qazanan komanda ilk mövsümdə sonuncu oldu, amma bir sonrakı mövsümdə üçüncü yeri tutdu?
– Kubok ukraynalı məşqçi Yuri Maksimovla qazanılmışdı. Sonra serb məşqçi (Mladen Milinkoviç) bir müddət işlədi. Mən gələndə komandanın psixoloji baxımdan böyük bir problemi var idi. Avropa turnirində Malta klubunu keçə bilməmişdilər. Bu məğlubiyyətdən sonra çempionatda da məğlub ola-ola gedirdiər, futbolçuların da çoxu bununla barışmışdı. Yəni bu məğlubiyyət ab-havasını komandadan yığışdıra bilmədik. Yeni futbolçular da gəlirdi, həmin o atmosferə düşürdü. Amma rəhbərlik, başda Zaur Axundov olmaqla, sağ olsun ki, yeni mövsümdə də etimad göstərdi və biz yeni komanda qurduq. 16 futbolçunu komandadan azad etdik. Həmin futbolçular uzun müddət futbol oynamadı, yalnız biri indi-indi oynamağa başlayıb. Bu da addımımızın doğruluğunu isbatlayır. Yeni futbolçular dəvət etdik, komandanı yenidən formalaşdırdıq. Oyundan-oyuna komanda öz qalib ruhunu göstərməyə başladı. Biz nə tələb edirdik? Az səhv olmalıdır, daha çox hücum etməliyik, hücum bitdisə, təzyiq edə bilmiriksə, artıq müdafiədə daha çox diqqətli olmalıyıq, müdafiədə səhvlər minimuma enməlidir, bacardığımız qədər kompakt, top rəqibdədirsə, sıx, top bizdədirsə, geniş oynamalıyıq. Bunu biz yavaş-yavaş komandada həyata keçirdik. Üçüncü yerə gəlib çıxmaq mənim özüm üçün də gözlənilməz idi. Fikirləşirdim ki, həmin il dördüncü, beşinci yeri tutarıq, sonrakı illərdə daha yuxarı yerlər uğrunda mübarizə apararıq. Hər halda, görünür ki, işimiz rəhbərliklə bir yerdə düzgün istiqamətdə, düzgün sistemlə qurulmuşdu ki, gəldik üçüncü yeri tutduq.
– “Keşlə”dən ayrılmağınızın da səbəbi eyni oldu?
– “Keşlə”də də “Neftçi”də olduğu kimi, müqaviləm 31 maya kimi idi. Rəhbərlik müqaviləni uzatmamaq qərarına gəldi.
– Bəs Zaur Axundov amili bunda nə qədər rol oynadı?
– Zaur Axundovun futbola baxışı belədir ki, o heç vaxt məğlub olmaq istəmir. Onun haqqında deyirlər ki, məşqçinin işinə qarışır. Mən işlədiyim dövrdə görməmişəm. Hər zaman dəstəyini görmüşəm. Bu gün elə bir cəmiyyətdə yaşayırıq ki, bir adam bir yerdən uzaqlaşanda, çox şayiələr gəzir, hərə bir söz danışır. Müqaviləm niyə artırılmadı? Bəlkə, klubun rəhbəri düşünüb ki, məndən sonrakılar daha yaxşı nəticə verəcəklər, Avroliqada daha yaxşı olacaq?
– Siz istefaya göndərildikdən sonra mətbuatda belə bir xəbər gedib: “Tərlan Əhmədovun “Keşlə”dən müəmmalı gedişinin səbəbi məlum olub. Əhmədov klubun müşahidə şurasının sədri Zaur Axundova görə klubdan ayrılıb. Bir müddətdir bu iki şəxs arasında ciddi soyuqluq var. Axundov ciddi şəkildə baş məşqçinin işlərinə müdaxilə edir. Xüsusilə, transferlərlə bağlı məsələdə. Hətta deyilənə görə, Axundov Kamal Quliyevin “Keşlə”yə gəlişini istəmirdi və bunun üstündə də baş məşqçi ilə aralarında narazılıq olmuşdu. Bir sözlə, bu narazılıqlar səbəbindən Əhmədovla hələ də müqavilə imzalanmırdı. Yekunda, Axundov Əhmədovla yola davam edə bilməyəcəklərini deyib və bildirib ki, onunla yeni müqavilə imzalanmayacaq”.
– İndi baxın: bütün transferləri bir yerdə etmişik – Zaur Axundov və məşqçi heyəti. Deyilib, baxmışıq, təlimatı yazmışam, heç vaxt Zaur Axundov deməyib ki, bunu götürmə, onu götür. Mən transferlərdə pul məsələlərinə qarışmamışam, amma Axundov deyib ki, hansı transferi istəyirsən, gətirək. O ki qaldı Kamal Quliyev məsələsinə, Zaur Axundova demişəm ki, onu gətirmək istəyirəm, deyib çox gözəl. Yaxşı, Axundovla Əhmədov arasında Kamala görə narazılıq var idisə, mən gedəndən sonra Kamal hələ də işləyir axı orda. Belə bir şey olsaydı, qala bilərdi?
– Zaur Axundovun məşqçinin işinə qarışması sirr deyil. Əvvəlki məşqçilərlə də (Maksimov və s.) eyni problemin olduğunu mətbuat yazıb. Bundan başqa, müsahibələrini oxuyanda görürsən ki, Fuad Musayevsayağı, oyunçuların səviyyəsindən, taktikadan danışır. Bu sahə isə daha çox baş məşqçinin danışmalı olduğu məsələlərdir. Söhbət ondan gedir ki, sizin ən azı Fuad Musayevlə bağlı təcrübəniz var idi. Doğrudanmı yola gedə bilmədiz?
– Yenə deyirəm, mən hər zaman ağa ağ, qaraya qara deyirəm. Mənim işimə qarışılsaydı, deyərdim ki, hə, olub. Mən işlədiyim müddətdə adam bir dəfə də olsun nə heyəti müəyyənləşdirib, nə də paltardəyişmə otağına girib qışqırıb. Belə şey olmayıb. Bizim aramızda dostluq, eyni zamanda işgüzar münasibət olub. Birlikdə komandanı formalaşdırmışıq. Məndən qabaqkı məşqçilərlə necə olub, orda olmamışam, buna görə də, bir söz deyə bilmərəm. O barədə mən də mətbuatda oxumuşam. Amma mən gördüyümü deyə bilərəm. Olmayan şeyi imanımı yandırıb necə danışım? Sabah mən Allah qarşısında cavab verəcəm.
– “Neftçi”ni “diriltdiz” uzaqlaşdırdılar, “Keşlə”ni yaxşı hala gətirdiz, yenə də müqaviləni uzatmadılar. Bayaq baxdıq ki, sizin səviyyədə bir futbolçu Azərbaycan çempionu da ola bilməyib. Ümumiyyətlə, karyeranız boyunca haqsızlıqlar da gördüyünüzü deyirsiz. Niyə sizin başınıza belə, xoş olmayan işlər gəlir? Burda nəsə mistik bir şey var? Özünüz üçün təhlil etmisiz bunu? Naxışdır, karmadır, Mörfi qanunudur, nədir?
– Bəlkə də, qismətdir. Həyatda nə baş verə biləcəyini biz bilə bilmərik ki. Kim deyə bilərdi ki, “Keşlə”də sonuncu yeri tutub qalacam, amma üçüncü yeri tutub gedəcəm? Futbolçu kimi çempion ola bilməmişəmsə, bəlkə, məşqçi kimi də belə prosesləri keçməliyəm, bunları görməliyəm. Bəlkə, Allahın bir sınağıdır, məni daha da möhkəmləndirir? Bəlkə, mənim iradəmi yoxlayır? Deyim ki, mən zəif məşqçiyəm, nəticəm yoxdur, bunu demək olmaz, çünki nəticəm ortadadır. Müqaviləm artırılmayıbsa, bunu da təbii qarşılamışam. Çempionluq olmamaq qismətim idisə, üçüncü yeri tutub işdən getmək də qismətimdir. Qarşıda məni nələr gözləyəcək? Nə bilim, vallah. Hansı hadisə baş verəcək? Bəlkə, heç ümumiyyətlə, məşqçi olmayacam?
“Razıyam ki, “Qarabağ” birmənalı olaraq hamıdan seçilir”
– Sizin futbola hansısa özəl baxışınız, sisteminiz, yəni oyun fəlsəfəniz var, yoxsa nəticə gətirən istənilən modelə üstünlük verirsiz?
– Bir neçə oyun bir sistemdə oynayırsan. Bəzən rəqibə baxırsan, bəzən oyunun əhəmiyyətinə, bu oyun sənə nə verə bilər, bir çox amili analiz edəndən sonra rəqibə uyğun sistem seçib, rəqibə uyğun da taktika qururuq. Amma daha çox bir taktiki sistemin üzərində dayanıram ki, komanda daha çox birində təkmilləşsin. Bəzi oyunlarda isə biz məcburiyyətdən dəyişiklik edirik. Futbolçu da bir sistemə uyğunlaşanda boşluq əmələ gəlir, arxayınçılıq olur. Sistemi, taktikanı dəyişəndə futbolçunun ciddiyyəti daha çoxalır. Çünki yeni bir model gələndə futbolçu təkmilləşmək üçün ona daha çox fikir verir, diqqət yetirir. Bu cür səbəblərdən, bir sistemlə uzun müddət oynamaq çətindir, boşluğu daha çox verirsən.
– Azərbaycan məşqçiləri arasında Əhməd Ələsgərovun oyun fəlsəfəsi olub, Ruslan Abdullayevin olub, yəqin ki, Mircavadovda da var idi, Beskovun oyun fəlsəfəsinə bənzər. Müasir məşqçilərdən özünəməxsus model yalnız Qurban Qurbanovda görünür.
– Razıyam ki, “Qarabağ” birmənalı olaraq hamıdan seçilir. Çünki 12 ildir Qurban Qurbanov ordadır. 2008-cı ildən bəri. Ona görə də, sistemini oturdub, bu günə kimi gedir. Məşqçiyə verilən vaxt amili vacibdir. Sənə vaxt verirlər ki, altı ildən sonra çempionluq yaşayasan. Altı ilə qədər çempion olmursan, dəymirlər. Ona görə, Qurban bu komandaya oyun sistemini, oyun fəlsəfəsini yeridə bilib. Komandadan gedənlər olsa belə, özəyi qalır. Bu gün baxımlı futbol göstərməsi də tamamilə təbiidir.
– Məşqçinin öz fəlsəfəsi, öz yanaşması olmasa, ondan böyük məşqçi ola bilər?
– Yəqin ki, yox. Müasir futbol daha çox özəl yanaşma, sistem, fəlsəfə tələb edir.
– Məşqçi üçün ən vacib cəhət hansıdır? Yəni olmazsa olmaz.
– Məşqçidə tələb olunan bütün kriteriyalar olmalıdır. Amma yenə də, hər nə olur olsun, insan olmalıdır. İnsanlıq birinci yerdə gəlir. Qarşı tərəfdəki də, futbolçu da, tamaşaçı da, hakim də insandır. Əsas budur, sonra da qalan meyarların da hamısı olması vacibdir. Məşqçilər var ki, insanlığı, adamlığı yoxdur, amma məşqçi kimi güclüdür. Düşünürəm ki, bütün kriteriyalarla bərabər insanlıq da vacib amildir.
“Almeydanı oynatdıq, nəyəsə nail ola bildik?”
– Müsahibələrinizdən başa düşürük ki, istər yığmada, istərsə də klubda legionerdənsə, yerliyə üstünlük verirsiz. Bir növ millətçisiz. Millətçi nə mənada? Yəni Azərbaycançı. Məsələn, yığmanın oyunu barədə danışarkən demisiz: “Bəh-bəhlə gətirdiklərimizin heç biri koronavirus pandemiyası vaxtı gəlmədi. İstər Dmitri Nazarov, istərsə də Eddi İsrafilov. Yəni ürəyi burda olmayanlar gəlmədi. Yığmaya kənardan kimisə gətirmək istəyiriksə, onun damarlarından azərbaycanlı qanı axmalıdır”.
– Biz Azərbaycan milli komandasından danışırıqsa, hətta ağır şərtlər olsa, öz cibinin pulu ilə olsa belə, gəlib yığmanın şərəfini qorumalısan. Deyim ki, mən millətçiyəm, millətpərəstəm, yox. Daha çox insanlığa önəm verirəm. Amma bir futbolçu pandemiya dövründə gəlib komandanın şərəfini qorumaq istəmirsə, hansısa bəhanələr gətirirsə… Məsələn, baxaq Türkiyə yığmasına. Əksər hallarda ora Avropa doğumlu futbolçu gətirəndə, anası da, atası da türk olanlar olur. Bunlar hamısı şərtdir. Mən bu gün milliləşmənin də əleyhinəyəm. Bu günlərdə eşitmişik ki, Ozobiç milliləşdirilir. Mən onun da tərəfdarı deyiləm. Deyiriksə ki, yığma cavanlaşdırılır, Ozobiç artıq 31 yaşa keçir. Almeydanı oynatdıq, nəyəsə nail ola bildik?
– Ozobiçin 21 yaşı olsa idi razı olardız?
– Yox. Yenə deyirəm ki, mən onun tərəfdarı deyiləm. Mən deyirəm ki, uduzuruqsa, yerliləri yetişdirək. Bizim akademiyalar nə üçündür? 30, 31, 25 yaşında əcnəbini gətirib milliləşdirib uduzacağıqsa, ondansa özümüzünküləri yetişdirək də.
– Tutaq ki, yığmada bir gəlmə oynayır, işini də meydanda yaxşı görür, amma milli hissi yoxdur. Bir də milli hissi olub, canını qoymaq istəyən futbolçu var. Çıxıb meydanda canını qoymaq istəyir, amma istedadı azdır, bir şey edə bilmir, buna görə də oyunu zəif alınır. Bunlardan hansını seçərdiz?
– Tutalım, Almeyda yaxşı oynayırsa, amma milli məğlub olursa, iki-üç ildən sonra onu yola salıb, yenə başqasını gətirib, yenə məğlub olacağıqsa, elə mən özümünkünü yetişdirərəm də.
– Eyni sualı kluba aid etsək, onda necə?
– Klubda futbolçu peşəkar futbolunu oynayır. Mən burda üstünlüyü milli məsələdən çox, peşəkarlığa verərəm. Klubda legionerlə yerlinin vəhdəti var. Nisbətən səviyyəli əcnəbi futbolçuları gətirirsən ki, yerliləri inkişaf etdirəsən. Həm klubun qurulsun, həm yerlilər inkişaf eləsin. Yığmada isə məsələn, Almeyda bir neçə il oynadı. Onun klubundakı uğurlu çıxışını, uğurlarında pay sahibi olmasını kimsə dana bilməz. Amma yığmada görünmürdü. Nəticə necə oldu? Yenə həmin nəticədir də, dəyişiklik olmadı ki? Deməli, bunun bir faydası yoxdursa, yanaşmamızı başqa cür etməliyik. Düşünürəm ki, daha çox yerli futbolçuları inkişaf etdirməliyik.
– Yəni klubda futbolçunun peşəkarlığına üstünlük verirsiz, yığmada vətənpərvərliyinə?
– Yığmada həm vətənpərvərlik olmalıdır, həm də peşəkarlıq. Vətənpərvərliyi olan azərbaycanlı bilir ki, öz ölkəsinin komandasında oynayıb. Sabah zədə alsa belə, hesab edir ki, bu zədəni öz ölkəsi üçün vuruşanda alıb. Bunda bir məna görür. Əcnəbi fikirləşir ki, yığmaya gəlmişəm, birdən zədə alaram, klubdakı işimi də itirərəm, yaxud maliyyəm azalar. Bu səbəbdən, millidə peşəkarlıqla yanaşı, vətənpərvərlik də olmalıdır. Amma klubda sırf peşəkarlıq vacibdir. Çünki peşəkar bir il burda oynayır, gələn il gedir başqa kluba. İşinə, müqavilə bağladığı kluba işləməlidir. Yığma isə şərəfdir, ləyaqətdir, qürur hissi yeridir. Buna görə də, orda vətənpərvərlik hissi daha önəmlidir.
– Legioner – məsələn, Almeyda, yaxud Ozobiç Azərbaycanı sevə bilməz?
– Yenə deyirəm, ola bilər, rəğbəti, sevgisi var xalqımıza, vətənimizə, şəhərimizə… Amma söhbət ümumi faydadan gedir. Onun orda olduğu müddətdə nəticə var? Yoxdur. Bir neçə ildən sonra Almeyda, yaxud Ozobiç çıxıb getdi. Nə oldu? Biz artıq itirdik axı hər şeyi. Həmin mövqeyə biz yerlini də itirdik.
“İnanmıram ki, De Byazi özünü bu şəkildə nüfuzdan salsın”
– Azərbaycanda elə bir futbolçu varmı ki, yüksək səviyyəli sayılsın, hansı ki, Avropada oynaya bilər? Konkret ad. Yoxdursa, ən bəyəndiyiniz futbolçu.
– Mahir Emreli, Qara Qarayev oynaya bilər, Namik Ələskərov Rusiya, Ukrayna, Türkiyə çempionatında oynaya bilər.
– Futbolumuzun bugünkü vəziyyəti sizi qane edir?
– Heç kimi qane eləmir. O cümlədən bizi. Birincisi, səkkiz komanda azdır. Oyunçu seçimi olmalıdır. Hər klubda 5 yerli var, 6 gəlmə. 5 yerlini komanda sayı olan 8-ə vursaq, bu da 40 futbolçu edir. Lap olsun ehtiyatla birlikdə 60 futbolçu. Qalanları Premyer Liqa klublarına düşə bilmir, birinci diviziona, region liqasına gedirlər, o inkişafdan, imkanlardan məhrum olurlar. Çünki ordakı məşqlər, hazırlıq prosesləri Premyer Liqadakı kimi olmur. Ona görə də, çoxu itir-batır. “Xəzər Lənkəran, “Bakı”, “Zaqatala”, “Kəpəz”, “Turan” kimi komandalarla birlikdə 16 komanda olsaydı, xeyli futbolçu oynayardı. Yadınızdadırsa, Yurçeviç Azərbaycana gələndə ilk cümləsi bu olmuşdu ki, Azərbaycan istedadlılar məkanıdır. Amma gedəndə dedi ki, yığmaya futbolçu tapa bilmir. De Byazi gələndə demişdi ki, üç aydır Azərbaycan futbolunu izləyir, yaxşıdır, əladır. Amma indi deyir ki, səkkiz komanda azdır, futbolçu seçimi yoxdur. Onlar indi deyirsə, biz illərdir deyirik ki, səkkiz komanda azdır. Niyə “Qalatasaray”, “Fənərbaxça” gəlib Bakıda, Azərbaycanda futbol məktəbi açır, biz – “Qarabağ”, “Neftçi” regionda öz akademiyalarımızı açmırıq?
– Səbəbimi deyək, günahımı deyək, kimdədir? Suala cavab verməyə də bilərsiz.
– Yox, niyə ki? Cavab versəm, deyəcəm ki, səbəbini nə mən bilirəm, nə siz bilirsiz.
– Əslində, siz də bilirsiz, biz də bilirik.
– (pauza) Bizim əlimizdən bir şey gəlmir. Biz deyirik, danışırıq, amma hələ ki, olan budur. Biz fikirlərimizi, təkliflərimizi səsləndiririk: klub sayı artırılmalıdır, məşq bazalarında meydançalar artırılmalıdır, turnirlər keçirilməlidir, hər klubun özünün 21 yaşlı komandası olmalıdır, əvəzedici heyəti olmalıdır, bir klubdan digərinə 21 yaşadək futbolçu keçməməlidir, bunlar şərtdir. Yəni bizim hazırda edə biləcəyimiz budur, belə təkliflərlə çıxış etmək. Əlimizdən gələn budur.
– Elxan Məmmədovla şəxsən tanışsız?
– Bəli.
– Söhbət etmisizmi? Həm futbol haqqında, həm də ümumiyyətlə.
– Sonuncu dəfə görüşdüyüm iki il olar. Salamlaşıb hal-əhval tutduq, vəssalam. Mətbuatda da getmişdi ki, Tərlan Əhmədov Elxan Məmmədovla görüşüb, iş istəyib. Halbuki yenə deyirəm, son görüşdüyüm iki il əvvəl olub. Onda “Keşlə”də işləyirdim. Təsadüfi görüş idi. Görüşdük, hal-əhval tutduq.
– Milli komanda haqqında fikriniz necədir? Məşqçi və çağırılan futbolçular barədə.
– Milli komandaya artıq klubda yetişən futbolçular çağırılır. Bəli, biz də bilirik ki, boşluqlar var. Yazılır, deyilir ki, sifarişli çağırışlar da var.
– İnanırsız buna?
– Yox, mən inanmıram. İnanmıram ki, De Byazi özünü bu şəkildə nüfuzdan salsın. Bildiyim qədəriylə baş məşqçi oyunlara gedir, baxır. Getmədiyi oyunlara köməkçiləri gedir. Bütün bunları nəzərə alaraq deyirəm ki, sifarişlə çağırılma məsələsinə mən də inanmıram. Ancaq sadəcə olaraq deyirəm ki, məsələn, niyə “Zirə”də oynayan Ağabala Ramazanov çağırılmır? Niyə Aqil Məmmədov çağırılmır? Niyə çempionatın bombardiri Namiq Ələsgərov çağırıldığı halda demək olar ki, oynamır? Mən tapşırıq məsələsinə inanmıram. Amma düşünürəm ki, boşluqlar da var. Ona görə böyük narazılıqlar yaranır.
“Maşınım yoxdur, fikirləşirəm ki, yaxşı ki, yoxdur”
– Maddi durumunuz necədir?
– Şükür Allaha. Bəzi sıxıntılar ola bilər, amma hələ ki, ayaq üstündəyik.
– Gördüm ki, avtomobiliniz yoxdur. Bu, maddi vəziyyətlə bağlıdır?
– Bəli.
– Sərgən Yalçının bir neçə il əvvələ, televiziya yorumçusu işlədiyi vaxtlara aid bir videosu var. Həmin videoda futbolçulara möhkəm-möhkəm tapşırır ki, futboldan sonrakı dövrü düşünün, pulunuzu sağa-sola xərcləməyin. Özündən də jurnalist soruşur ki, sən neynəmisən pulunu? Cavab verir ki, gəlin bu barədə danışmayaq. Yəni hətta danışmağa utandı. Futbolçu kimi ən yaxşılardan olduğunuzdan, yəqin ki, ən ödənişli olmusuz. Karyeranıza baxıram, demək olar ki, boşluq olmayıb: futbolçu, ardınca məşqçi. Sərgən gecə həyatına, bəzi şeylərə meylli olub, pulunu sovurub. Sizdə axı niyə belə? Mətbuatda maddi durumunuzla bağlı oxuyanda, düzü, qəribə gəldi.
– Atamın bir sözü var idi: kişi olan kəs yalan danışmaz, ikincisi, qumarbaz olmaz, üçuncüsü, narkoman olmaz, dördüncüsü, şər-xəta atan olmaz, bir də ki, oğru olmaz. Kişi dürüst olar. Mənim öz ailəmdən başqa, rayonda qardaşım, anamgil yaşayırdı. Yəni xərclərim həddən artıq çoxdur. Atam 1998-ci ildə dünyasını dəyişib. İndi artıq anam yanımdadır. 12 ildir də xəstədir, dərmanla yaşayır. Üç övladım var, iki oğlan, bir qız. Allah hamının balasını saxlasın. Onların oxumağı, əsgərliyi… Yəni bunlar hamısı xərcdir.
Həm də mənim oynadığım dövr pullu dövrə düşmədi. Futbola pul gələn vaxt yaşımın elə dövrü idi ki… Mənim 25-26 yaşlarda futbolçuların aldıqları 200-300 min manatlıq müqavilələrim olmayıb. Məşqçi kimi də məvacibim elə böyük məbləğ olmayıb. “Neftçi”də Avroliqaya düşəndə və bir də son işimdə normal pul olub. Nə olub əlimdə, artıq bu bir ildə onlar da xərclənib. Çünki üçüncü kursda oxuyan oğul cavan uşaqdır, çölə çıxmağı, getməyi, dost-tanışı var. Böyük oğlum işləyir. Heç kəsin xətrinə dəyməsin, başqa məşqçilər kimi futbolçu transferlərindən, kimdənsə pul almamışam, menecerlik işi görməmişəm. Köməkçi məşqçi işləmişəm, o qədər böyük məvacibim olmayıb. İki-üç dəfə də baş məşqçi işləmişəm. Onda da məvacibim 15-20 min olmayıb. Heç 10 min də olmayıb.
Mənim maşınım var idi, 2015-ci ildə AZAL-da işləyəndə. Həmin vaxt yadınızdadırsa, dünyada iqtisadi böhran baş vermişdi. Bizdə də, klubda böhran yaşanmağa başladı. Fevral ayından sonra maaş almaqda çətinlik yaşanırdı. Həmin vaxt məndə “Toyota Prado” var idi. Satdım, o məqsədlə ki, üstünü düzəldim, daha yenisini alaram. Elə oldu ki, futbolçular pul istədilər. O futbolçuya 500, bu futbolçuya 1000, beləcə, 17 min dollar pulum getdi. Maaş veriləcəkdi, sonra mənə borclarını qaytaracaqdılar. İş belə gətirdi ki, maaşlar da o dərəcədə ödənilmədi, ona görə də, gedən futbolçulara deyəndə ki, “mənim pulum”, dedilər ki, klub nə vaxtsa bizə verər, biz də sənin pulunu qaytararıq. Demək olar ki, həmin pul gedənlərlə getdi. O dövrdən bu dövrədək də problem problem üstünə gəldi. Halal xoşları olsun, biz bir yerdə uzun proses keçmişik. Hər halda, zaman gələr, nə vaxtsa Allah yetirər, qismət edər.
Pul mənim üçün həyatda önəm daşımayıb. Şükür Allaha, oğlum işləyir, ailə dolanır, əlimdə olanlar azalsa da, üstünə gəlməsə də, yenə də, şükür Allaha, ayaq üstəyik. Maşınım yoxdur, fikirləşirəm ki, yaxşı ki, yoxdur. İctimai nəqliyyatla rahat gəzirəm, sağlamlıqdır. Maşında o qədər qəza, bəla var ki… Yəni pulu heç vaxt önəmsəməmişəm. Fikirləşmişəm ki, evimdə sağlamlıq olsun, xoş güzəran olsun və ailəmdə uşaqlarım da çətinlik görsün. Çünki mən hər zaman onların yanında olmayacam, necə atam mənim yanımda olmadı. 14 yaşımdan Bakı şəhərində oldum, mən bütün çətinlikləri gördüm, valideynlərim yanımda olmadı. Xəstə oldum, valideynlərim bilmədi. Qabırğam sındı, valideynim bilmədi. Çiynim sındı, topuğum sındı, valideynlərimin heç biri bilmədi. Ona görə də, istəyirəm ki, övladlarım da çətinlik görsünlər. Çünki mən hər zaman yanlarında olub, onlara dəstək ola bilməyəcəm. Şükür edirəm ki, bəlkə, belə yaxşıdır.
– Uğurun sirri nədədir. Bunun bir resepti var?
– Nə deyim, vallah. Çalışıram insanların qəlbinə toxunmayım, kimsə mənə qarğış etməsin. Çalışdığım qədər insanlara yardım edirəm, əl tuturam. Bunu bilənlər bilir.
– Bəs edir uğur qazanmaq üçün?
– Bəli, onların duası bəs edir.
– Hamısına yaxşılıq edib, otur gözlə. Uğur gələcək?
– Yox, elə deyil. O insana elədiyim yaxşılıqlardır ki, bu gün mənim qarşıma çıxır. Mən rahatam. Mənə var-dövlət lazım deyil. Var-dövləti olan gördüm. Elə insan tanıyıram ki, halal xoşu olsun, sağlığına qismət – var-dövlətinin nə qabağı var, nə arxası. Amma evində xəstəsi var, o pul onun karına çatmır. Evinə gecələr gec gedir ki, filankəsi xəstədir. Həmişə demişəm ki, ay Allah, az yetir, amma həmişə yetir, çox olmasın, amma həmişə olsun, ailəmi dolandıracaq pulum olsun. Onsuz da övladlarımın ruzisini Allah verəcək. Şükür Allaha, biri işləyir, biri də ali təhsil alır. Öz evimdə yaşayıram, kirayədə qalmırım. Hamı necə, mən də elə, ictimai nəqliyyatda gəzirəm. Uğurlu adam kimi bu boyda karyerası olan Tərlan Əhmədovun niyə maşını yoxdur? Ola bilər ki, bu da mənim üçün həyatın bir sınağıdır.
– Söhbət təkcə maşından getmir. Hardasa oxuyanda ki, Tərlan Əhmədov maddi cəhətdən çətinlik çəkir, adama qəribə gəlir. Bu boyda karyeran olsun…
– Həyatdır da. Görünür, başqalarına daha çox önəm vermişəm, bu gün onun acısını yaşayıram. Deməli, daha çox önəm verməməliydim. Əl tutduğum, yardım elədiyim insanlar axırda…
“Hər gün, səhər, günorta, axşam – Könül Xasıyeva”
– Kitab oxumaqla aranız necədir?
– Son zamanlar daha çox məşqlərə aid kitablar oxuyuram. Fiziki və taktiki hazırlıq üzrə.
– Məsələn?
– Mark Qodikin “Futbolçuların fiziki hazırlığı” kitabı. Bir də ki, internetdə bütün məşqçilərin məşq prosesləri, proqramları var ingilis dilində. Uşağa deyirəm kömək edir, hərdən özüm də cəhd edirəm, ingilis dilini öyrənmək məqsədi ilə. Açığı, son üç ildə bədii kitab oxumamışam. “Neftçi”də işlədiyim dönəm ağır idi, o dövrdən vaxt eləməmişəm, bəlkə, indi-indi oxudum.
– Oxuduğunuz bədii əsərlərdən xoşladığınızın adını çəkə bilərsiz?
– “Əli və Nino”.
– Bəs kino?
– Kinolara çox baxmışam. “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “İnsan məskən salır”, “Qara daşlar” “Uzaq sahillərdə”, “Bir cənub şəhərində”, “O qızı tapın”… Sovet dövründə təlim-məşq toplanışı vaxtı daha çox filmə baxırdıq. Əsasən döyüş janrı, Jan Klod van Damm, Silvester Stallonenin çəkildiyi filmlər üstünlük təşkil edib.
– Stolüstü oyunlarla aranız necədir?
– Çox aram yoxdur. Ən çox oynadığım nərd olub.
– Şahmat oynaya bilirsiz?
– Oynaya bilirəm.
– Şahmatı futbolla əlaqələndirmək olar?
– Nəinki futbol, onu həyatla da əlaqələndirmək olar. Bütün gedişlər, hücum necə olmalıdır, müdafiə necə olmalıdır. Necə qorunmalısan? Necə ailəni qorumalısan? Sənin şah əsərin ailəndir. Bunlar hamısı şahmatda var. Həyatın dərsliyi var orda.
– Futbolçu olmağınıza peşman deyilsiz?
– Yox.
– Yenidən həyata gəlsəydiz, futbolu seçərdiz?
– Bəli, seçərdim. Çünki zövq alınası idmandır. Düzdür, oynadığın dövrdən sonrakı vaxt var ki, bu zaman sən sayılıb-seçilmirsən, əzab-əziyyətlərin başlayır, amma oynanılan dövr başqa bir aləmdir. O tamamilə başqa bir hissdir, onu sözlə ifadə etmək olmaz. Sənə olan hörmət, sənə olan diqqət – bunların hamısını görürsən. Ona görə də, yenidən həyata gəlsəydim, yenə də futbolu seçərdim.
– Karyeranızda ən yaddaqalan oyun hansıdır?
– 1999-cu ildə Bakıda “Kəpəz”lə oynadığımız oyun. Həmin oyunda uzaqdan qol vurmuşam, 3:1 hesabı ilə udmuşuq, ən yaxşı oyunlarımdan biri olub. Sonradan “Şəmkir”in qapısına da vurmuşam uzaq məsafədən – cərimə zərbəsindən. Amma “Kəpəz”ə vurduğum qol daha maraqlı idi. “Şəmkir”ə vurduğum qolun videoyazısı qalmayıb, amma “Kəpəz”ə vurduğum qolun videoyazısı var. Hər dəfə oturub baxıram ona. Həm reydim var orda, həm uzaqdan zərbə.
– Hətta Portuqaliya ilə oyundan da yaxşıdır?
– Portuqaliya ilə oyunun da öz yeri var. Amma “Kəpəz”lə oyunu ən yaxşı oyunum hesab edirəm. Bilmirəm, bəlkə də, bu, vurduğum qola görədir.
– 46 yaşınızın tamamında demisiz ki, “Biz yaşa doluruq, qocalmırıq”. Yaşa dolmaqla qocalmaq arasında hansı fərq var?
– Qocalmaq 70 yaşdan sonra olur. Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” komediyasında Məşədi İbadı qoca kimi təsvir edir. Amma özü əlli yaşa çatanda Məşədi İbadı qoca adlandırmaqda səhv etdiyini deyir. Bu il əlli yaşım olacaq. Amma şükür Allaha ki, normal yerişimiz, normal danışığımız var. Qocalıq o vaxtdır ki, artıq sən danışığında, yerişində, duruşunda o problemləri yaşayırsan. Cəmiyyətə xeyir verə bilmirsənsə, artıq qocasan. Bu gün ictimaiyyətə, cəmiyyətə xeyrin varsa, kiməsə dəyər verə bilirsənsə, yetişdirə bilirsənsə, bir nəsihət verə bilirsənsə, demək hələ ki, insan qocalmayıb.
– Yəqin ki, inanclı adamsız.
– Bəli.
– Komandanıza inancsız futbolçu gəlsə, götürərsiz?
– Ümumiyyətlə, dini futbola qarışdırmamışam. Komandamda ateistin olduğunu da bilmişəm. Başqa dinlərdən də olub. Mən Allahımla minacatdayamsa, namazımı qılıramsa, o Allahla mənim aramda olmalıdır, bunun bəndəyə heç bir aidiyyatı yoxdur. Allaha dua edirəmsə, bəndəyə nə aidiyyatı var? Hərdən görürsən, deyirlər ki, mən filan yerə getdim, filan duanı elədim. Artıq bu, Allahla olmadı, bəndə ilə oldu. Mən heç vaxt demirəm. Mənim ibadətim yaradanımladır. Mənim işimdə ateist də olub, onlara demişəm ki, hər kəs özü bildiyi qədər, özü başa düşdüyü qədər, özünün intellektual səviyyəsinə, mədəniyyətinə qədər tanıdığı Allaha ibadət edə bilər. Mən hansı dindəyəm, hansı əqidədəyəm, bunun kimsəyə aidiyyatı yoxdur. Buna görə də, futbolçu seçəndə onun dini ilə, əqidəsi ilə işim olmur. O mənə aid olan məsələ deyil, onu Allah bilir.
– Həyatın mənası nədədir?
– Birinci, Allaha inamdır, ikinci, insanlara verilən dəyər. Sənin insanlığın, düzgünlüyün yoxdursa, yaşamağın nə mənası var?
– Dünyaya gəlirik, sonra da bir gün ölüb gedirik. Doğulandan ölən günəcən, həmin mərhələni yaşamağın nə mənası var?
– Bu elə bir işdir ki, onu izah etmək çətin məsələdir. Hər halda, bu sualın üstündən keçsək, daha yaxşıdır. Musiqidən soruşsaz, hər bir janrından xoşum gəlir.
– Dinə bağlılığınıza görə bu sualı vermədim.
– Dinin, əqidənin öz yeri var. Mən musiqinin hər janrına – estrada musiqisinə də, xalq mahnılarına da qulaq asıram. Bir dənə qulaq asa bilmədiyim muğamdır. Səbəbi? Fərrux İsmayılovla Ukraynada bir yerdə qalırdıq. İkimizin dörd otaqlı evimiz var idi. Kamal Quliyevlə Samir Əliyev də başqa evdə qalırdı. Təsəvvür edin ki, evi aldığımız gündən Fərrux bir dənə musuqi mərkəzi gətirib qoydu evə. Səhər tezdən, saat 7-də gözümü Könül Xasıyevanın ifası ilə açırdım, gecə də yenə Könül Xasıyevanın ifası ilə bağlayırdım. Deyirdim, ay Fərrux, hərdənbir dəyiş ki, adamın beyni yorulmasın. Hər gün, səhər, günorta, axşam – Könül Xasıyeva. İnanın ki, Könül Xasıyevanın bütün ifalarını əzbər bilirəm. O vaxtdan muğama bir balaca fasilə vermişəm. Qalan bütün musiqilərə qulaq asıram. Fərrux isə Könül Xasıyevanın ifası ilə yatıb-dururdu. Özü də Ukraynada, doqquz mərtəbəli binanın ikinci mərtəbəsi, dörd otaqlı ev, səs də yayılır.
– Uşaqlığınızdan bu günə qədər keçən həyatınıza baxsaz, çoxmu maraqlı keçib?
– Hər bir insanın həyatı maraqlı keçir, mənim üçün daha maraqlı olub. Həddindən artıq maraqlı olub. Hərdən oturub öz-özümə fikirləşirəm ki, böyük bir kitab yaza bilərəm. Dost-tanışa da demişəm ki, başıma gələn hadisələr, Bakıya gəlməyim, burda uşaqlıqdan tək yaşamağım, SSRİ yığması, olan haqsızlıqlar, nələr, nələr. Bundan böyük bir kitab yazmaq olar. Hər bir insanın həyatı bir əsərdir. Elə əsərlər var ki, yarımçıq qalır. Ümumiyyətlə, insan həyatı tam yazıla bilməz.
Tərlan Əhmədovla dörd saatdan çox söhbət etdik. Özü də təəccüb etdi ki, bu qədər vaxt necə tez keçdi və əlavə etdi ki, heç vaxt, heç kimə bu cür müsahibə verməyib. Söhbət zamanı oturduğumuz komfortlu məkanda iki çaynik çay içdik. Təbii ki, mürəbbə-filanla. Hesabı istəyəndə, üzündə təbəssüm olan ofisiant qatlanmış kağızın arasında yazılmış məbləği gətirdi. Tərlan bəy kağızdakı rəqəmi oxuyub, pulu ora qoyanda, məbləğin heç də az olmadığı mənə məlum oldu. Heç olmasa, məbləğin yarısına kömək etməyi təklif etsəm də, Tərlan bəy qətiyyətlə etiraz etdi. İsrar etdikdə əsəbiləşdi: “Maddi vəziyyətim nə qədər aşağı olsa da, çay pulunu ödəyə bilməyəcək qədər deyil”. Vəziyyətlə barışmaq və təşəkkür etməkdən başqa, çıxış yolum qalmadı. Həm müsahibəyə, həm çaya görə…
Söhbətləşdi: Vüqar Məmmədov
Bizi Facebook-da izləyin