“O fikrimdən dönməyəcəm” – MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradovun Komanda.az saytına müsahibəsi:

  • Azərbaycan Premyer Liqasının 29-cu turunda “Zirə”ni məğlub etdiz və nəticədə, 4-cü pilləyə yüksəldiz. Mövsümün sonuna qədər bu mövqeni qoruyub-saxlaya biləcəksizmi?
  • Düşünürəm ki, həmin oyunda layiqli qələbə qazandıq. Bizim üçün çox çətin oyun keçdi. Ümid edirəm ki, 4-cü pillədəki mövqeyimizi mövsümün sonuna qədər qoruyub-saxlayacağıq. Bundan sonra hər bir oyuna final görüşü kimi baxmalıyıq.
  • 2022/23 mövsümündə “Qəbələ”nin heyətində 28 oyunda 2 qol vurmusuz və 4 məhsuldar ötürmə ilə yadda qalmısız. Daha çox fərqlənmək üçün sizə mane olan nədir?
  • Doğrudur, bu nəticə mənim üçün çox azdır. Artıq müdafiənin sağ cinahında da oynayıram. Baş məşqçinin məni hansı mövqedə oynatmağından asılı olmayaraq, meydanda əlimdən gələnin daha artığını etməyə çalışıram ki, komanda qələbə qazansın. Bilirsiz, meydanın 4-5 yerində oynamağı bacarıram.
  • Yayda klubla müqaviləniz başa çatacaq. Sözləşməni yeniləmək fikrindəsiz?
  • Məncə, bunu düşünmək üçün hələ tezdir. Çünki qarşıda ölkə çempionatının və kubokun oyunları var. Bütün fikrimi həmin qarşılaşmalara yönəltmişəm. Zamanı gələndə oturub düşünəcəyəm və qərar verəcəyəm.
  • Müsahibələrinizin birində legioner həyatı yaşamaq istədiyinizi bildirmisiz. Hələ də bu fikirdəsiz? Ümumiyyətlə, xarici klublardan təklif almısız?
  • Düzü, real təklif almasam da, şifahi təklif almışam. Əlbəttə, yenə də həmin fikirdəyəm. O fikrimdən də dönməyəcəm. Çünki ən böyük istəyim ölkə xaricində çıxış etməkdir. Xeyirlisi!
  • Azərbaycan kubokunun yarımfinal oyunları yaxınlaşır. Kubok matçına hazırlıqlar necə gedir?
  • Ondan öncə qarşıda bizi “Nefti” ilə ağır oyun gözləyir. Həmin matça hazırlaşırıq.
  • Ölkə kubokdakı rəqibiniz “Səbail” həm Premyer Liqanın 29-cu turunda, həm də kubokun 1/4 finalında “Sabah”ı məğlub edib. Bu barədə nə düşünürsüz? “Dənizçilər” finala gedən yolda sizə ciddi çətinlik törədə bilər?
  • Yarımfinal mərhələsində mübarizə aparırlarsa, təbii ki, çətin rəqibdir. Ölkə çempionatında sonuncu yerdə gedən komanda olsa belə, “Səbail” ciddi rəqibdir. Ağır və çətin oyunların olacağını düşünürəm.
  • Mövsümü titulla başa vurmaq üçün şansınız var…
  • Hər bir komanda və futbolçu istəyər ki, mövsümü titulla başa vursun. Bunun üçün şansımız var. Əlimizdən gələni edəcəyik ki, finala vəsiqə qazanaq.
  • Necə düşünürsüz, avrokubokların təsnifat mərhələsində çıxış etmək üçün heyətdə dəyişikliklərə ehtiyac var?
  • Buna klub rəhbərliyi və məşqçilər qərar verə bilər.
  • Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələ matçlarında ardıcıl iki oyunda böyükhesablı məğlubiyyət yaşadı. Sizcə, buna səbəb nə idi?
  • Bilirsiz, rəqiblərimizin heyətində adlı-sanlı oyunçular var. Onlar TOP-5 liqalarda çıxış edirlər. Xırda səhvi də bağışlamırlar. Mübarizə apardıq, döyüşdük. Lakin rəqiblər yaranan səhvlərdən maksimum istifadə edə bildilər.
  • Millinin baş məşqçisi Canni De Byazi çox tənqid olunur. Siz bu barədə nə deyə bilərsiz?
  • Mənim işim meydançadadır. Bu sualı cavablamaq istəmirəm. Bu qədər.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button