Nuriyevli “Kolos” Əhmədzadənin komandasını məğlub yola saldı

Futbol üzrə Ukrayna çempionatında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv millimizin digər futbolçusu Rüstəm Əhmədzadənin komandası – “Minay”la qarşılaşıb. “Kolos” doğma meydanda baş tutan bu oyundan 2:1 hesablı əzmkar qələbə ilə ayrılıb. Hesabı 11-ci dəqiqədə qonaqlar açıblar. Amma Kovalivka təmsilçisi 88 və 90-cı dəqiqələrdə vurduğu qollarla matçda dönüş etməyi bacarıb.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana çıxıb və sabiq komandası üzərində əzmkar qələbədə pay sahiblərindən birinə çevrilib. Belə ki, “Kolos” 90-cı dəqiqədə məhz onun məhsuldar ötürməsindən sonra qələbə qolunu vura bilib.

Rüstəm isə bu görüşdə forma geyinməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. Əvəzində “Minay”ın digər azərbaycanlı futbolçusu Eldar Quliyev ilk dəqiqələrdən oynamaq şansı qazanıb. 65-ci dəqiqədə sarı vərəqə alan yarımmüdafiəçi, 82-ci dəqiqədə də əvəzlənib.

18 oyuna 24 xal toplamış “Kolos” hazırda 16 iştirakçı arasında 8-ci, 10 xala malik “Minay” isə 15-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button