
Nunyes İspaniya klubunda oynamaq istəyir
“Atletiko”nun “radar”ında olan “Liverpul”un hücumçusu Darvin Nunyes yay transfer dönəmində komandasını tərk etmək niyyətindədir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, uruqvaylı futbolçunun əsas məqsədi Dieqo Simeonenin rəhbərliyi altında oynamaqdır.
Nunyes hesab edir ki, argentinalı baş məşqçi onu əvvəlki formasına qaytara bilər. Madrid təmsilçisinin də 25 yaşlı hücumçunu transfer etməkdə ciddi maraqlı olduğu bildirilir.
Həmçinin, Nunyesin meneceri artıq bir neçə kluba onun xidmətini təklif edib. Ən böyük maraq isə Səudiyyə Ərəbistanı klublarından gəlib. “Liverpul” futbolçunun satışına açıqdır və 2022-ci ildə onun “Benfika”dan transferinə xərclənmiş 75 milyon avronun bir qismini geri qaytarmaq istəyir.
Daha əvvəl “Atletiko”nun argentinalı hücumçusu Anxel Korrea mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. Madrid klubu onun yerinə yeni hücumçu transfer etməyi planlaşdırır.
Nunyes bu mövsüm bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin



