“Onun üçün çox əziyyətli yollardan keçmək lazımdır” – Müsahibə
5 sual, 5 cavab
Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.
Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Sumqayıt” klubunun futbolçusu Vüqar Mustafayevdir:
- Vüqar, həyata yenidən gəlsəydin, bu günə kimi yaşadığın həyatı yaşamaq istərdinmi?
- Hər şeyin sahibi olan Allaha şükürlər olsun ki, həyatımdan şikayətim yoxdur.
- Dünyanın taleyi sənin əlində olsaydı, ilk nəyi dəyişərdin?
- Hər bir işdə düzgünlüyü, dürüstlüyü təmin etmək istəyərdim.
- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyerana baxdıqda bu fikirlər özünü doğruldurmu?
- Mənim üçün statistika önəmli deyil. Bəzən oyunda statistikam çox yaxşı olur, ancaq sonra oyunu təhlil etdikdə görürəm ki, bəzi səhvlərim olub. “Burda bunu edə bilsəydim, daha yaxşı olardı” deyə, düşünürəm. Belə fikirləşirəm ki, statistika çox önəmli deyil.
- Heç olubmu ağlından “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və səncə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
- Xeyr, elə bir fikrim olmayıb ki, başqa yerdə dünyaya gəlsəydim, necə olardı. Məncə, xaricdə uğur qazana biləcək futbolçularımız və məşqçilərimiz var. Əvvəlcə onları xaricə çıxarmaq və ora getdikdən sonra da dəstək olmaq lazımdır. Əlbəttə, hər şey insanın özünün xarakterindən də asılıdır.
- Səncə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
- DÇ və AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq asan iş deyil. Onun üçün çox əziyyətli yollardan keçmək lazımdır. Biz inşallah, ilk olaraq seçmə mərhələləri keçək, daha sonra finallar haqda düşünərik. İnanıram ki, nə vaxtsa bunun şahidi olacağıq. Bunun üçün də düzgün planlar qurulmalıdır ki, aşağıdan yetişən uşaqlar milli komanda üçün fayda verə bilsin.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin