“Növbəti matçlarda da ona çoxlu qol həsr edəcəm” – Kadi
“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Premyer Liqanın 8-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“İstənilən oyuna bu istəklə çıxırıq. “Neftçi”yə qarşı oynadığımızı nəzərə alsaq, matçın bu cür olacağını gözləyirdik. Birinci hissədə çatışmayan tək şey əldə etdiyimiz qol fürsətlərindən yararlana bilməmək idi. Fasilədə baş məşqçi bizə təmkinli olmağımızı, topun qapıdan keçəcəyini dedi. Elə də oldu. İkinci hissədə də fürsətlər əldə etdik. Və bu dəfə onlardan istifadə edə bildik”.
Vurduğu qolu övladına həsr edən braziliyalı vinger hisslərini ifadə etməkdə çətinlik çəkdiyini söyləyib: “Övladım bir ay öncə dünyaya gəlib. İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da ona çoxlu qol həsr edəcəyəm”.
Kadi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri oyuna da toxunub: “Avropa turnirlərində səviyyə hər kəsə bəllidir. Yunanıstan təmsilçisi ilə oyun çətin olacaq. Əsas olan tezliklə həmin matça hazır olmağımızdır”.
Bizi Facebook-da izləyin