“Əminliklə deyirəm, elə rayonlarımız var ki, orda heç top yoxdur” – Müsahibə
5 sual, 5 cavab
Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.
Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Turan” klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanovdur:
- Yaşar müəllim, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
- “Allahın verdiyi həyatı yaşadığım dövrlər ərzində həyatımın, taleyimin formalaşmasında, ailədə, cəmiyyətdə hansı mövqe tutdum” sualına ictimaiyyət cavab versə, daha yaxşı olardı. Yenidən həyata gəlsəydim, daha şüurlu, qətiyyətli olmağa çalışardım, həyat tərzimi saxlayardım. Həyatımda kimisə aşağılamamışam, leksikonumda heç vaxt söyüş olmayıb. Yeni həyatımda Qarabağın işğalını görmək mənəvi sarsıntıya səbəb olardı.
- Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
- Dünyada haqqı və ədaləti bərqərar edərdim. Xəstəliklərə, aclığa, səfalətə son qoyardım. İrqi, dini, milli ədavətin kökünü kəsərdim. Bəşəri, dünyəvi cəmiyyət qurardım.
- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda bu söz özünü doğruldurmu?
- Ferqyuson üçün əsas olan hamı üçün də əsas ola bilməz. Mən tək futbolda deyil, harda çalışmışamsa, işimə vicdanla və sevgiylə yanaşmışam. Bu baxımdan başımın ucalığı ilə qürur duyuram.
- Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
- Azərbaycanı mənim qədər sevən ikinci azərbaycanlı yoxdur. Başqa ölkədə dünyaya gəlməyi yox, Azərbaycanın aparıcı dünya dövlətləriylə eyni sırada dayanmağını istəmişəm. Azərbaycanlı futbolçuların və məşqçilərin xaricdə uğur qazana bilməməsinin başlıca səbəbi ustalıq səviyyələri arasında olan kəskin fərq və əks qütblü futbol mentalitetiylə bağlıdır.
- Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
- Azərbaycanın DÇ və AÇ-nin final mərhələsində oynaması üçün hər bir yaşayış məntəqəsi stadionlar, futbol meydançalarıyla təmin olunmalıdır. İki qonşu kənd arasında əbədi intriqa yaşanmalıdır. Azərbaycanlı məktəbli uşaqların 95 faizi boş vaxtında futbolla məşğul olmalıdır. Ancaq reallıqda Azərbaycanın 65 kənd-rayonunda 15-20 normal stadion ola, ya olmaya. Amma hər kənddə stadion olmalıdır. Əminliklə deyirəm, elə rayonlarımız var ki, orda heç top yoxdur. Futbol titulları lotereya ilə qazanılmır ki…
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin