Rahid Əmirquliyev “5 sual, 5 cavab”da: “Gərək möcüzə olsun”
5 sual, 5 cavab
Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.
Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Səbail” klubunun kapitanı Rahid Əmirquliyevdir:
- Rahid, həyata yenidən gəlsəydin, bu günə kimi yaşadığın həyatı yaşamaq istərdinmi?
- Həyatımdan razıyam. Yenidən dünyaya gəlsəydim də, bu həyatı yaşamaq istərdim. Hər şeydən razıyam.
- Dünyanın taleyi sənin əlində olsaydı, ilk nəyi dəyişərdin?
- Əlbəttə, dünyanın taleyi bizim əlimizdə deyil. Belə bir imkanım olsaydı, onu dəyişmək istərdim ki, bütün xalqlar, insanlar eyni səviyyədə yaşasın – nə müharibə olsun, nə kasıb olsun, nə də varlı.
- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyerana baxdıqda bu söz özünü doğruldurmu?
- Düzdür, Ferqyuson belə bir söz deyib. Ancaq o, statistikanı nəzərə alıb deyib. Bir şey də var ki, tarixdə qalan statistikadır. Ona görə, düşünürəm ki, statistika hər şeyi göstərir.
- Heç olubmu ağlından “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və səncə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
- Ağlımdan başqa yerdə dünyaya gəlməklə bağlı nəsə keçməyib. Futbolçu və məşqçilərin uğur qazanmamaq məsələsinə gəldikdə isə, düşünürəm ki, bizim futbolçular ailəni, vətəni qoyub, qırağa çıxmağı sevmirlər. Belə düşünürəm ki, bu səbəbə görə gedib qıraqda qala bilmirlər. Darıxırlar və buna görə də, Azərbaycanda oynamağı üstün tuturlar, xaricə getmirlər.
- Səncə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
- İndiki vəziyyətdə Azərbaycan milli komandasının DÇ və AÇ-yə getməsi çox çətin məsələdir. Gərək möcüzə olsun. Ev sahibi kimi DÇ-ni qəbul edib, düşə bilərik. Bu da bir variantdır. İndiki halda başqa cür çətin görünür.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin