“Nə zaman bizdə də addımbaşı şadlıq sarayları yox, meydançalar olsa, məşqçilər də, futbolçular da uğurlu olar” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. Növbəti qonağımız “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyevdir:

  • Aftandil bəy, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Bəli, şükür bu həyatıma. Şikayətçi deyiləm.
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • Dünyanın taleyi bir qədər ağır məsələdir. Açığı, olan şey deyil də (gülür). Gücüm çatsaydı, dünyanın problemlərini həll edərdim. İlk növbədə də, yoxsulluğu aradan qaldırardım.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu və məşqçi karyeranızı tam əks etdirir?
  • Tamamilə razıyam. Statistika heç də hər şey deyil. Həqiqətən, özüm də bunun şahidi olmuşam. Düşünürəm ki, doğru fikirdir. Statistika vacib bir şey sayılmır. Ondan da önəmli amillər var.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Yenidən dünyaya gəlsəydim, yəqin ki, yenidən futbolçu, məşqçi olardım, futbol həyatımı yaşayardım. Ümumiyyətlə, bizim ölkəmizi xarici ölkələrlə futbol baxımından müqayisə etmək çətindir. Nə zaman bizdə də addımbaşı şadlıq sarayları yox, meydançalar olsa, məşqçilər də, futbolçular da uğurlu olar. Bizdə hər 200 metrdən bir şadlıq saraylarıdır. Ancaq Niderlanda gedin, orda 200 metrdən bir meydançalardır.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Təbii ki, işləmək, çox çalışmaq. Uzun müddətdir ki, “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi klublar avrokuboklarda iştirak edir. Bu müsbətdir, çempionatımızda da rəqabət artsa, inkişaf da olar. Yerli futbolçular yetişər və yığmaya fayda verər. Bunun üçün də vacib olan çox çalışmaqdır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button