“Tarixdə ad qalır, qardaş” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Keşlə”nin futbolçusu Ruslan Əmircanovdur:

  • Ruslan, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Konkret cavab verirəm, bəli, qardaş, yaşayardım. Özüm də futbolla məşğul olmuşam. Çox sevinirəm ki, az da – 0,1 faiz də olsa, adımı Azərbaycan futboluna yazdıra bilmişəm. Yəni, şükür Allaha ki, futbolda hər şeyi əldə etmişəm. Firavan yaşayırıq, hər şey var, problemlərdən uzağıq, canım da sağlamdır. Yenidən həyata gəlsəydim, futbolda olardım. Yenidən doğulsaydım, futbolda olan səhv addımlarımı düzəldərdim. Hamı həyatda səhv edir, çalışardım ki, o xırda səhvləri etməyim.
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • İlk olaraq terroru dəyişərdim. Yəni, dünyada terror olmasın, acından heç kim ölməsin. Ölkələrin hamısında firavanlıq olsun, hamı yaxşı yaşasın. Hamı eyni səviyyədə olsun, kasıbı da yaşasın, varlısı da. Bir sözlə, hamı eyni olsun. Bunları edərdim.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?
  • Hər məşqçinin özünün öz psixologiyası var, qardaş. O elə deyir, ola bilər ki, düz deyir. Sözünün harasındasa həqiqət var. Tutaq ki, 20 ildən sonra heç kimin yadına düşməyəndə, statistikanı açıb baxsan, görəcəksən ki, hə, belə futbolçular olub, yaxşı qollar vurub, ya da heç oynamayıb. Tarixdə ad qalır, qardaş. Mən tutaq ki, Ferqyusonun 30 il əvvəlki işinə statistikada baxa bilərəm də. Onun qazandıqlarına necə baxa bilərəm? Ancaq statistikaya baxaraq, bilərəm də. Mənim futbolçu karyeramı kim bilə bilər ki? Kim hardan bilir ki, mən harda oynamışam, necə oynamışam? “Statistika hər şeyi göstərir, amma əsas şeyi göstərmir” fikriylə razılaşmıram.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Arada birdən görürsən ki, elə fikirlər olur. Öz-özünə düşünürsən ki, başqa ölkədə dünyaya gəlsəydim, necə olardı? Bəlkə, sən heç başqa dünyada həyata gəlməyəcəkdin? Harda yaşayırıqsa, şükür etməliyik. Mən azərbaycanlıyam, məndə azərbaycanlı qanı axır. Sevinirəm ki, azərbaycanlıyam, məndə isveçrəli, fransalı qanı axmır. Mən azərbaycanlıyam! Biz başqa cür millətik, qardaş: özümüzdən savayı, necə deyərlər, bir-birimizə dayaq, bir-birimizə pis gündə kömək olan, valideynlərinə dəstək olan. Xaricdə görürsən ki, valideyn uşaqları 18 yaşına kimi böyüdür, sonra deyir get. Görürsən ki, nə valideynin uşağından xəbəri var, nə də uşağın valideyndən. Ona görə də, azərbaycanlı olmağımla fəxr edirəm. Qardaş, Avropa futbolu tamam fərqlidir. Onların 18 yaşlı uşaqları iki 90 dəqiqə oynayır, heç nə olmur. Bəlkə də, məsələn, Almaniyada doğulsaydım, uşaqlıqdan potensialımı görsəydilər, Məsut Özil, Filipp Lam, Bastian Şvaynştaygerlə birgə məşq etsəydim, mən də onlar kimi uğur qazana bilərdim. Onlarda sistem başqadır. Mən Azərbaycanda məşq edirəm, bizdə də yaxşı məşqçilər var. Amma Avropayla Azərbaycan futbolunu müqayisə etmək olmaz. Sən burda nə qədər istedadlı olsan da, xaricə gedəndə görürsən ki, artıq səndən iki baş üstün olanlar var. Uşaq futbolundan gedib xaricdə məşq etsən və səndə doğrudan istedad olsa, məşqçilər də görsə ki, sən qabağa gedə bilərsən, xaricdə lap qəşəng uğur qazana bilərsən. Ancaq ora gedib, məşq etdikdən sonra bura qayıtmaq yox. Görəcəksən ki, bir neçə il sonra artıq adını eşitdirirsən hər kəsə. Məşqçilərlə bağlı nəsə deyə bilmərəm, çünki məşqçi deyiləm. Hər məşqçinin özünün fəlsəfəsi var. Eləsi var ki, gedir yaxşı komandaya, ancaq bəxti gətirmir. Sonra zəif komandaya gedib, elə heyət qurur ki, görürsən hə, başqadır. Ümumilikdə, mən məşqçilərin uğur qazanması haqda danışa bilmərəm. Bunu mənim danışmağım düzgün deyil.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Bizim futbol elə şeydir ki, hamı danışır ki, ay futbolçular oynamır, ay bunlar niyə belə etmir. Futboldan başı çıxmayanlar belə danışır. Ola bilər ki, millinin oyunlarında uşaqlar 90 dəqiqə canını qoyub, ancaq sonda uduzublar. Hamı da baxır ki, uduzdular, ancaq demirlər uşaqlar yaxşı oynadı. Hamı nəticəyə baxır, görür ki, nəticə nə oldu. Demirlər ki, hə, qardaş, halaldı, yaxşı oynadız. Hamı nəticəyə baxır və deyir ki, uduzdular. Gələcəkdə yəqin ki, nə vaxtsa bizim də milli komandamız belə turnirlərdə olacaq. Amma neçə il sonra, bilmirəm, bəlkə 10, bəlkə 15 il. Əsas, daha düzgün layihələrin olmasıdır. İnşallah ki, 3-5 il sonra, ya da növbəti turnirlərdə nəsə edə bilək. Heç kim deyə bilməz ki, bu, alınmayacaq. Yaxın gələcəkdə bu uğuru qazana bilərik, əsas olan özünə inanmaqdır. Hər komandaya qarşı oynamaq olar, ancaq psixoloji cəhətdən uduzmayasan, rəqibi görüb, təşvişə düşməyəsən. Gərək canını qoyasan, rəqibin də futbolçularının iki ayağı, bir başı var. Dalaşmaqla, maykasından tutub dartmaqla, qırmızı vərəqə almaqla, meydanın hər yerində mübarizə aparmaqla oynayıb, uğur qazana bilərsən. İnanıram ki, biz də bu uğuru əldə edə bilək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button