Mircavadov “5 sual, 5 cavab”da: “Başqa ölkədə yaşamaq şansım olub, ancaq…”

5 sual, 5 cavab

Komanda.az saytında yeni rubrikaya – “5 sual, 5 cavab”a start vermişik.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. Növbəti qonağımız Azərbaycan milli komandasının keçmiş baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan Ağasəlim Mircavadovdur:

  • Ağasəlim müəllim, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Bəli, əlbəttə, yaşamaq istərdim. Şükür Allaha, hər şey gözəldir, yaxşı yaşayıram.
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • Dünyanın taleyi Allahın əlindədir. Nəyi dəyişərdim? Nə bilim. Hər şeyin sahibi Allahdır. İstəyərdim ki, hər kəs yaxşı olsun, hamı öz işini görsün.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin məşqçi karyeranızı tam əks etdirir?
  • Düzdür, futbolda statistika vacib şeydir. Ancaq mən bu düşüncədə olmamışam. Mənim üçün statistikadan daha vacib oyun idi, komanda qurmaq idi. Məndən nəticə soruşanda da hər zaman demişəm ki, əsas, komandanı qurmaqdır. Yaxşı komanda qurduqdan sonra yaxşı nəticə də olacaq. Məşqçi kimi də hər zaman bu fikirdə olmuşam. Mənim üçün önəmli olan komandanın qurulmasıdır.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçu və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Xeyr, heç vaxt. Mənim üçün hər zaman Azərbaycan fərqli olub. Başqa ölkədə yaşamaq şansım olub, ancaq mən hər zaman Azərbaycanı istəmişəm. Azərbaycanlılar xaricdə niyə uğur qazanmır deyəndə ki, indiki cavan uşaqlar xarici klublara getmək istəmir. Bilmirəm niyə belədir. Amma görünən odur ki, istəmirlər. Belarus çempionatını izləyirəm. Baxıram, klubların maliyyə durumu çox yaxşı olmasa da, legionerləri var. Çünki gənc futbolçular buradan bir tramplin kimi istifadə edə bilər. Düşünürlər ki, ora gedib, özünü göstərib, daha yaxşı klublara keçə bilərlər. Ancaq bizim cavan uşaqlar ölkə xaricinə getmək istəmir. Məncə, əsas olan istəkdir.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • (Gülür) Nə baş verməlidir? Yerlilər yetişməli, inkişaf etməlidir. Uşaq məktəbləri yaxşı çalışmalıdırlar. Mən 1960-70-80-ci illəri görmüşəm. O zaman uşaq məktəbləri çox yaxşı işləyirdi. Yaxşı məşqçilər var idi, özüm də üç il “Spartak”da uşaq məktəbində çalışmışam. O vaxtlar uşaq məktəbləri öz işlərini çox yaxşı görürdülər. Vallah, o dövrdə maliyyə də elə güclü deyildi, özüm 120 manat alırdım. Ancaq işləyirdim, tək düşündüyüm pul deyildi. Futbola istək var idi, çalışırdıq. Bundan əlavə, komanda sayının da önəmi böyükdür. Hər dəfə deyirik ki, komandalar artmalıdır, ancaq necə? Baxırsan ki, aşağı diviziondakı klubda nə infrastruktur var, nə baza var, nə də lazım olan maliyyə. Bu klub güclülər dəstəsində nə edəcək? Əvvəllər Premyer Liqada çempion olan komandalar var idi, indi onlar heç klub kimi də fəaliyyət göstərmir. Avropada baxırsan ki, klublar ən aşağı liqalardan gəlir, oyunçu çıxardır, özü də çempion ola-ola yuxarılara qalxır. Bizdə “Qəbələ” klubu çox yaxşı iş görür. Baxırsan ki, Premyer Liqada olan futbolçuların əksəriyyəti onların yetirməsidir. Amma bir tərəfdən də var ki, alış-verişləri azdır. Bu oyunçunu yetişdirmək üçün vəsait lazımdır, sonra da onu satanda gərək, xərclədiyini az da olsa, qarşılayasan. “Qəbələ”də hər şey qaydasında idi, o vaxtlar Avropa Liqasına da getdilər. Şəxsən onların rəhbərliyini təbrik etmək lazımdır. Komanda qurmağı bacardılar. Ancaq artıq rəhbərlik də çempionluq istəyir. Hazırda “Qəbələ” çox yaxşıdır, lakin mənə görə bir az keyfiyyət çatışmazlığı var.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button