“Bizi o oyundan sonra heç hava limanına da yola salan olmamışdı” – Müsahibə
“Unuda bilmədiyimiz oyun”
Komanda.az saytında “Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.
Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq. Növbəti qonağımız AÇ-2000-in seçmə mərhələsi çərçivəsində, 1998-cı ildə səfərdə Lixtenşteyn yığmasına 1:2 hesabıyla uduzmuş Azərbaycan millisinin sabiq hücumçusu Nazim Süleymanovdur. Bu həmin oyundur ki, Azərbaycan millisinin məğlubiyyəti hər kəsi şoka salmışdı. Düzdür, indi olduğu kimi, o vaxtlar da yığma komanda uğurlu çıxış etmirdi. Amma həvəskar futbolçulardan təşkil olunmuş Lixtenşteyn millisinə məğlubiyyət həzm olunacaq məğlubiyyət deyildi. Əslində, biz həmin görüşdə millinin “sükanı arxasında” olmuş Vaqif Sadıqovu danışdırmaq istəyirdik. Ancaq Vaqif bəy həmin oyunla bağlı danışmaq istəmədiyini bildirəndən sonra Süleymanovla söhbətləşmək qərarına gəldik:
- Nazim bəy, Azərbaycan milli komandasının 1998-ci ildə səfərdə Lixtenşteyn yığmasına 1:2 hesabıyla uduzduğu matçın iştirakçısı olmusuz. Oyunla bağlı nələri xatırlayırsız?
- Yadıma gəlir, gərək, yaddaşımı təzələyim. Oyunda uduzduq da, özü də 1:2 hesabıyla. Sadəcə zəif oynadıq və rəqib də bizdən daha istəkli idi. Onda rəqib bizdən güclü oldu və qələbə qazandı.
- Həmin dövrdə Azərbaycan millisinin heyəti elə də zəif deyildi. Lixtenşteyn kimi həvəskar komandaya məğlubiyyətə səbəb nə olmuşdu ki?
- Təəssüflər olsun ki, nəticə elə oldu. Oyunu uduzduq, çox zəif oynadıq. Rəqib bizi üstələyərək, tarix yazdı, nə deyim? Təəssüflər olsun ki, belə oyunda məğlubiyyətlə üzləşdik. Futboldur da, belə şeylər olur.
- Həmin dövrdə Rusiyada legioner həyatı yaşayırdız. Klubunuza qayıdanda futbolçuların bu məğlubiyyətlə bağlı reaksiyaları necə olmuşdu?
- Futbolçularla bir-birimiz arasında zarafat edirdik ki, belə komandaya məğlub olmaq olmaz. Məğlubiyyətdən də başqa, sözün düzü, bizi o oyundan sonra heç hava limanına da yola salan olmamışdı, öz hesabımıza getmişdik.
- Rəhbərliyin belə addım atmasına səbəb 1:2 hesablı məğlubiyyət idi?
- Təkcə mən yox, mənimlə yanaşı bir neçə futbolçu da var idi, öz vəsaitimizlə hava limanına getdik, təəssüflər olsun… Belə şeylər çox olub. Məğlubiyyətdən sonra görürsən ki, kimsə qane olmur, kimsə əsəbiləşir, belə şeylər olur. Mən deyərdim ki, bu yaşananlar peşəkarlığa yaraşan şeylər deyildi.
- Sizdən başqa, hansı futbolçular hava limanına öz hesabına getdi?
- Tam xatırlamıram, səhv etmirəmsə, Vəli Qasımov da var idi. Nə bilim, hansı ki, legioner həyatı yaşayan oyunçulardan idi.
- Lixtenşteynlə matça ehtiyat oyunçular skamyasında başlamışdız, ancaq 25-ci dəqiqədə meydana daxil olmuşduz. Nə üçün ehtiyatda qalmışdız?
- Nə bilim, səbəbi nə ola bilər ki? Azərbaycanda oynayanda biz elə fikirləşirik ki, “məni oynatmadısa, deməli, nəsə başqa şey var”. Məni meydana buraxmaması baş məşqçinin fikridir və mən bunda qəbahət görmürəm. Futbolçu əsas heyətdə meydana da çıxar, ehtiyatda da olar. Ehtiyatda qalanda da, futbolçu meydana çıxanda oyununu göstərməlidir. Ehtiyatda olmaq o demək deyil ki, uduzanda sən uduzmursan. Komanda uduzursa, buna hamı cavabdehdir və təəssüflər olsun ki, uduzduq və tarixdə də bu qaldı.
- Bəs sonradan vətənə qayıdanda sizə olan münasibət necə idi?
- Səhv etmirəmsə, elə Lixtenşteynlə matç bizim üçün son oldu. Bizi yığmaya dəvət edirlər və oynamayacağıqsa, bizə nə ehtiyac var? Danışdıq və dedik ki, qoyun elə cavanlar oynasın da. Biz gəliriksə, deməli, bizim gediş-gəliş xərclərimiz var. Oynamırıqsa, belə xərcə nə ehtiyac var ki? Ondansa, elə cavanlar oynasın da. Deyəsən, yığmada elə son oyunumuz oldu.
- Məğlubiyyət sizin üçün baha başa gəldi və milli karyeranız sonlandı, sizə dəvət gəlmədi daha?
- O danışıqlardan, elə şeylərdən sonra niyə milliyə çağırsınlar ki? Yəqin bizə ehtiyac duymadılar da…
- Yığmanın məğlub olmasının günahı sizdə idi?
- Məğlubiyyətin günahkarı bütün komanda olur. Orda baş məşqçi var, komanda var və cavab verən başqa şəxslər var… Biz sadəcə futbolçuyuq, meydana çıxıb xalqımızı, dövlətimizi təmsil edirik.
- Səfərdə Lixtenşteynə 1:2 hesablı məğlubiyyət, Bakıdakı cavab oyununda da 4:0 hesablı qələbə. Sizcə, millidə dəyişən nə olmuşdu?
- Nə bilim, oyun idi də, futbolda belə şeylər olur və normaldır. Bu məğlubiyyətə görə məni tapdız, yoxsa necə?
- Oyunun iştirakçılarından biri idiz və həmin dövr üçün də Azərbaycan futbolunun öndə gedən simalarından sayılırdız…
- Yəqin ki, hər şeyə məşqçi cavabdehdir də, düzdür? Təkcə Lixteynşteynə deyil, başqa yığmalara da uduzmaq istəməzdik. Ancaq nə etməli? Təəssüflər olsun ki, məğlub olduq və rəqibin tarixinə düşdük.
- Həmin vaxt yığmanı Vaqif Sadıqov çalışdırırdı. Belə çıxır ki, əsas günahkar da o idi?
- Belə deyim də, oyunun nəticəsinə cavabdeh baş məşqçi olur da, kim olur ki?
- Vaqif Sadıqov nəyi səhv etmişdi? Düzgün taktika qurulmamışdımmı?
- Yox, düzgün taktikada deyil məsələ, bu, məşqçiyə aiddir. Bizə verilən tapşırıqlar olur və meydana çıxanda bunu yerinə yetiririk. Belə deyim də, uduzanda məşqçi cavabdeh olur, udanda komanda? Yox, sadəcə bütün nəticəyə komanda cavabdehdir. Bu, milli komandadır, yığma təkcə Vaqif Sadıqovun deyildi ki. Məsələn, bundan əvvəl baş məşqçi Nikola Yurçeviç idi, deməli, milli onun idi? Milli komanda hamımızındır, hamımımız ona cavabdeh olmalıyıq, nə baş verirsə – udanda da, uduzanda da hamımız cavab verməliyik. Hərə öz vəzifəsinə görə cavab verməlidir.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin