“Rəhmətliyin arxasından danışmaq istəmirəm, amma bizə demişdi ki, Avropaya çıxın, nə istəsəz, onu da edəcəm” – Müsahibə+Foto

“Unuda bilmədiyimiz oyun”

Komanda.az saytında “Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.

Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq. Növbəti qonağımız 1996/97 mövsümündə UEFA Kubokunun 1-ci mərhələsində Polşanın “Qutnik” klubuna 0:9 hesabıyla məğlub olan Buzovna “Xəzri”sinin keçmiş baş məşqçisi Nadir Qasımovdur.

  • Nadir bəy, “Xəzri” komandasıyla UEFA Kubokunun ilk mərhələsində səfərdə “Qutnik”ə (Polşa) 0:9 hesabıyla məğlub olduğunuz oyun yaddaşınızda necə qalıb?
  • Yaddaşımda qalıb, niyə qalmayıb? Elə şey yaddan çıxmaz, bəlkə, ömrümün ən ağır günü idi. 70 yaşımda heç vaxt əzab çəkməmişəm, amma həmin oyun elə bir şey verdi ki mənə… Buna baxmayaraq, özümü topladım və ev oyununa hazırlaşa bildik. İlk dəfə idi avrokuboklara çıxmışdıq, o vaxt internet də yox idi, rəqibi təhlil etmək çətin olurdu. 28-29 dəqiqə komanda tamam başqa cür görünürdü. Orda olmayanlara desən hesab 0:9-dur, heç bunu düşünməz, bunu da anlayışla qarşılayıram. Amma “Xəzri” ilk dəfə idi Avropaya çıxırdı. 30 dəqiqə mübarizə apara bildik, gücümüz buna çatdı.
  • Niyə elə hesabla uduzduz ki? Əvvəlki müsahibələrinizdə demisiz ki, yağış yağdı, futbolçuların butsları oynamağa imkan vermirdi. Yağış olmasaydı, nəticə fərqli olacaqdı?
  • Birdən-birə elə bir yağış başlamışdı ki… Klubun prezidentinə də demişdim ki, yağış yağa bilər, futbolçuların əksəriyyətinin də butsları ona uyğun deyildi. Amma o dedi, “əşi orda gün çıxıb, nə yağış?” Bizim futbolçularımızın butsları yağışlı havaya yaramırdı və ona görə də, çoxlu səhvlər buraxdıq, qollar da ard-arda gəlirdi. Sanki 30 dəqiqədən sonra yağış ağ divar olub qabağımızda dayanmışdı. İnandırım ki, inanılmaz vəziyyət idi. Oyundan sonra bizi banketə dəvət etdilər, “Qutnik”in prezidenti böyük bir zavodda direktor idi. Bizim komanda haqda dedi ki, “siz 29 dəqiqə bizim başımıza oyun açdız, lakin köməyimizə yağış çatdı”.
  • Bakıya qayıdanda sizə olan münasibət necə idi?
  • Belə bir məğlubiyyətlə Bakıya qayıdanda çox sözlər eşidirsən. Buna baxmayaraq, özümüzü toparlaya bildik. Uşaqları daha da mehriban olmağa çağırırdım. Onlarla müntəzəm danışıqlar apardım. Bu komandaya qarşı tamamilə fərqli oynamalı idik və belə oldu. “Qutnik”lə Bakıdakı oyun 2:2 hesabıyla bitdi. Bəziləri başladı ki, bunlar ikinci heyətlə gəlib. Olsun da, qardaş, nə olar ki? Onların heyətində dörd legioner var idi, Avropa görmüş futbolçular idi.
“Qutnik” Bakıda
  • Komandanın ilk dəfə iştirak etdiyi UEFA Kubokundakı belə məğlubiyyətini təcrübəsizliklə əlaqələndirmək olar?
  • İndiki dövrdə komandalar hazırlıq prosesini Antalyada keçirir, yaxşı rəqiblərlə yoxlama oyunları keçirirlər. Lakin bizim vaxtımızda belə şeylər yox idi, təkcə respublika daxilində bir komandayla oynaya bilərdik. O vaxt da komandamız güclü idi, hər komanda bizimlə başabaş oynaya bilmirdi. Hələ “Neftçi” də onlar kimi idi. Biz “Xəzri” olaraq ölkə çempionatını ikinci sırada tamamladıq, öz futbolumuzda lider idik. Oyunlarımızda rəqiblər bizə 15-20 dəqiqə tab gətirirdi, ondan sonra biz öz sözümüzü deyirdik. Amma Avropa bizim üçün uğursuz idi. 90-cı illərdə Avropa futbolundan çox uzaq idik, rəqibləri təhlil etmək imkanımız olmurdu. İndi nə var? İstənilən komanda haqda məlumat tapmaq üçün bir dəqiqə vaxt lazımdır. Respublikada da vəziyyət yaxşı deyildi, müharibə dövrü idi və hamının da başı Qarabağa qarışmışdı. Komandanın yaxşı nəticə göstərməyinə əngəl olan nüanslar olurdu.
  • Belə bir lətifə var ki, siz 0:9-dan sonra Bakıdakı oyuna hazırlaşanda komandanı penaltilər seriyasına məşq elətdirirmişsiz…
  • Ümumiyyətlə, məşqin sonuna 15-20 dəqiqə qalmış penaltilərə hazırlıq olur. Futbolçular özlərini yoxlayır, bu da həm qapıçı, həm də digər oyunçular üçün faydalıdır. Ancaq sırf bu 0:9-un cavab oyununda penaltilərə hazırlaşmaq, hesabı bərabərləşdirmək ümidi gülüncdür.
  • 0:9-dan sonra komandanı oyuna kökləmək çox çətin olar yəqin.
  • Doğrudan, çox çətin olmuşdu. Həmin kollektivin uşaqları seçmə idi, onları 4-5 aya yığıb yaxşı formaya gətirmişdim. Onlarla müntəzəm söhbətlər aparırdım, dəniz qırağında piknik edirdik. Bunların hamısını da ona görə edirdim ki, daha da mehribanlaşdırıb, ailə yaratmaq istəyirdim. Bunu da bacardığımı düşünürəm. İndi də uşaqlar görəndə deyir ki, “Nadir müəllim, yaxşı komandamız var idi”. Əsas istəyim bir ailə qurmaq idi. Bir dəfə uşaqlara sual verdim ki, baxın, 11 qardaşsız, gedirsiz və qarşısınıza 20 nəfər çıxır, kim döyər? Onlar da qayıtdı ki, çoxluq qalib gələr. Amma bu, belə deyil. Qardaşlar elədir ki, onları kimsə vuranda qaçmayacaqlar, ancaq digər 20 nəfərin birini vursan, artıq dağılmağa başlayacaqlar. Əfsuslar olsun ki, bu komandanın dağılmasında rəhmətlik prezidentimiz Malik Atakişiyevin də rolu olub. Rəhmətliyin arxasından danışmaq istəmirəm, amma bizə demişdi ki, Avropaya çıxın, nə istəsəz, onu da edəcəm. Deyirdim, məvacibləri vaxtında verin, yaxşı şəraitimiz olsun. Bir dəfə dedim Malik müəllim, futbolçulara toplanış lazımdır, formadan düşürlər. O, dərhal razılıq vermişdi. Bəlkə də, həmin dövrdə bizdə olan şərait onlarda yox idi.
  • Malik Atakişiyevin klubun dağılmasında rolu olduğunu qeyd elədiz. Nə etmişdi ki?
  • UEFA Kubokuna çıxacağımız halda bizə “premya” veriləcəyini demişdi. Bakıdakı 2:2 hesablı oyundan sonra dedim, Malik müəllim, demişdiz ki, 2000 manat pul verəcəyik. Özü də o vaxt bu məbləğ çox yaxşı idi və mən də bunu futbolçulara çatdırmışdım. Dedim yaxşı oynayın, mükafat var. Malik müəllim verdiyi sözə əməl etmədi və pulu vermədi. Mən də uşaqların yanında başıaşağı oldum, uşaqlar da məndən incidi ki, bəs pul veriləcəkdi. Mən dövlətli məşqçi deyildim ki, öz cibimdən onlara 2000 manat verim. Sonra rəhbərliklə danışdım və ərizəmi yazıb, işdən çıxdım. Bakıdakı oyundan sonra dedi ki, “əşi, bu nə komandadır axı uda bilmirsiz?” Bilirsiz, mən işlədiyim vaxtlarda klub prezidentləri futbolda nəyin necə olduğunu yaxşı bilmirdilər. Komandadır da, udar da, uduzar da. Ölkə çempionatımızın səviyyəsi Avropadan çox uzaq idi, indi də bu vəziyyətdir. Bir “Qarabağ”dır ki, görürsən Avropada sabit çıxış edir. Onların heyətində də legionerlər var. Ancaq bizim vaxtımızda belə şeylər yox idi.
  • Pulun verilməməsi 0:9 hesablı nəticəyə görə ola bilər?
  • Yox, bizə deyilməmişdi axı mərhələ keçin, gedin Polşada qalib gəlin. Söhbət Avropaya düşməkdə idi və biz də bunu bacarmışdıq. Bizim azarkeşimiz var idi, buzovnalı Ağalar, Avropaya düşdüyümüzü bildikdən sonra bizim üçün yaxşı ziyafət vermişdi. Buzovnada bayram idi, bizə hörmət edirdilər. Rayonun icra nümayəndələri bizə forma alırdılar. Ancaq görürsüz, bu qədər əzəmətli bir komanda erkən dağıldı. Qısa müddətdə komandanı formalaşdıra bilmişdik. Az müddətdə bunu bacarmaq asan məsələ deyildi. O vaxt hakimlərimiz də sağ olsun, kömək etmişdilər.
“Xəzri”
  • Hakimlər nə edirdilər ki? Uğur qazanmağınızda onların nə kimi rolu olub?
  • Bilirsiz necədir? O vaxtlar güclü iş olmurdu. Bu gün hakimlərə güclü nəzarət var, inspektorlara da. İndi Avropada bizi yaxşı tanıyırlar, “Qarabağ” kimi komandamız var. Amma bizim dövrümüzdə belə qətiyyətli hakimlik yox idi. “Xəzri” bir ilin içində adını Azərbaycan futboluna yazdırmağı bacarmışdı. Özü də heyətimiz yerli futbolçulardan ibarət idi. Rəhmətlik Malik müəllimin də yaxşı komandanın qurulmasında çox əməyi olmuşdu. Yəqin ki, 0:9 hesablı məğlubiyyət onu futboldan küsdürdü, marağını azaltdı. Ancaq yenə də deyirəm, biz Avropa futbolu ilə ayaqlaşa bilmirdik. Düzdür, çempionatda 26 komanda var idi, amma səviyyə o səviyyə deyildi. Biz bişməmiş komanda idik və Avropaya çıxanda nəticə belə olurdu. Biz orda mübarizə aparmağa hazır deyildik, indi də elə də hazır deyilik. Bir “Qarabağ”dır ki, görürsən, yaxşı çıxış edir. Sabit komanda, heyət yaranıb və məşqçi də oxuyub, işini yaxşı bilir. İndi rahatlıqla Avropada qarşılaşacağın rəqibləri də araşdıra bilərsən.
  • 0:9 hesablı məğlubiyyəti məşqçi karyeranızın ən uğursuz nəticəsi hesab edirsiz?
  • Bax, bizi qınayırlar, 0:9 heç kimin yadından çıxmır. Milli komanda da gedib Fransaya 0:10 hesabıyla uduzmuşdu. Ancaq heç kim demir ki, “Nadir müəllim, milli komanda ilə getdiz İtaliya ilə heç-heçə etdiz”. Heç kim demir ki, ermənilərlə oyunumuz olanda bütün məşqçilər qaçıb gizlənmişdi, amma Nadir getdi, heç-heçə edib gəldi. Baxmayaraq, ermənilərin heyətində legionerlər var idi. Ondan sonra 3-cü Olimpiya Oyunlarında 4-cü yeri gətirən Nadirdir. Kimsə Nadirin bu gün 0:9-a görə biabır olacağını düşünür? Yox, nə biabır olacam? Mən böyük yol keçmişəm, mənə qiymət verən rəhmətlik Anatoli Banişevski idi. Mənə demişdi ki, “sən yaxşı məşqçi olacaqsan”. Ancaq gərək rəqibin oyununu görüb təhlil edəsən də, görməmiş nə edə bilərəm? Bax, belə, nədirsə, bu 0:9 hesabı heç vaxt yaddan çıxmır. Portuqaliya gəlib bizi 5:0 hesabıyla uddu, heç kim də bunu danışmır. Getdiyim yollara baxıram, hər zaman da ən pis nəticələri tutub çıxarırlar. Bilmirəm mənim bəxtimdəndir, nədəndir, elə həmişə pisi danışırlar, pisi yada salırlar. Oturmuşam bağda, görürəm ki, Nadir kimi məşqçilər lazım deyil, artıq Pro kateqoriyalı məşqçilər var. Heç onları da çağıran yoxdur, gedib xaricdən gətirirlər. Bu qədər məşqçimiz var, amma yenə xaricilərə müraciət edirik, niyə? Sual verin də AFFA-ya, niyə məşqçini xaricdən gətirməliyik? Milyonlar gedir, o pulları uşaqlara xərcləməliyik, akademiyalar açmalıyıq. Gətirin güclü xarici məşqçi, onun da yanına yerli məşqçiləri qoyun, nəsə öyrənsin, futbolçular yetişdirsinlər. İndi Azərbaycanda futbolçu yoxdur. 8 komandamız var, onlara da yaxşı futbolçu tapmırıq. Ona görə də, indi bütün fikri akademiyalara vermək lazımdır. Rəhmətlik Fuad Musayevin vaxtında Niderlanda getmişdim, “Ayaks”ın akademiyasında oldum. İnandırım sizi, 5 yaşında uşağı qəbul edib, ona futbolu sevdirirlər. Uşaq 6 yaşından məktəbə başlayır, futbolun sirlərini öyrənir. Orda 9 yaşlı bir uşaq var idi, topla nələr edirdi, Allah bilir. Gözlərimə inanmırdım ki, o, bunu necə bacarır. Onların bütün sistemləri ilə maraqlandım. Sonra gəlib Fuad Musayevlə söhbət etdim, dedim ki, 10 milyon pul verin mənə, məktəb açacam. 10 ildən sonra sizə hər il 100 uşaq verəcəm, lakin razılıq olmadı. İndi “Ayaks”ın yetirmələri bütün dünyadadırlar. Bunları biz edə bilmərik? Edərik, özü də necə lazımdırsa, sadəcə bunu yaratmalıyıq. 26 komandalı çempionatdan 8 komandalıya düşmüşük, nə futboldur bu? Kimə lazımdır? Əyalətlərdə komandaları artırmalıyıq. Baxın görün, regionlarda nə qədər stadionlar boş qalıb? Bu gün bunlar haqda danışmaq, verilişlər hazırlamaq lazımdır. Mənim 70 yaşım var artıq, bundan sonra Nadiri AFFA neynəyir? Amma mənim ürəyim yanır, axı biz bacarıqlı millətik. Vallah, uşaqlara deyirəm ki, verilişdən dəvət gəlsə, ora çıxmağa utanaram. Adama deməzlərmi ki, “məşqçisiz, lakin yetişdirməniz yoxdur”. Ancaq bu gün əfsuslar olsun ki, belə məsələ haqda fikirləşən azdır. Veteranlarla oturub danışırıq ki, o vaxt gör nə qədər futbolçularımız var idi. Bəs indi? Legionerimiz yoxdur, bir komandaya gedib ad alan futbolçumuz yoxdur. Gürcülərdə var, ermənilərdə var, amma bizdə yox? Niyə axı, bizim onlardan nəyimiz əskikdir?
“Qutnik”

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button