Samir Abasov “5 sual, 5 cavab”da: “Mən də düşünmüşəm ki, başqa yerdə olsaydım, uğur qazana bilərdim”
5 sual, 5 cavab
Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.
Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. Növbəti qonağımız “Sumqayıt” və “Zirə” klublarının sabiq baş məşqçisi Samir Abasovdur:
- Samir bəy, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
- Bəli.
- Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
- İlk olaraq müharibələri bitirərdim.
- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu və məşqçi karyeranızı tam əks etdirir?
- Bəli, tamamilə razıyam. Bunu oxuyub, belə olduğunu bilirəm. Ancaq statistikanın hər şeyi həll etdiyini də düşünmürəm. Öz karyerama baxanda da bu söz özünü tamamilə doğruldur.
- Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
- Bu fikirlər tək mənim deyil, bütün insanların hamısının ağlından keçir. Xüsusilə, bacarığı olan insanların. Allah bilir, bizi burda yaradıb. Bəlkə qıraqda olsaydıq, nə olardı… Açığı, mən də düşünmüşəm ki, başqa yerdə olsaydım, uğur qazana bilərdim, daha yaxşı olardı. Bəlkə başqa yerdə olsaydıq, işimizə daha yaxşı qiymət verilərdi. Uğur qazanmamaq məsələsi çox qəlizdir. Uğur üçün gərək burda da nəsə edəsən. Yəqin ki, xaricdəkilərdən zəifik deyə, uğur qazana bilmirik. Ümumiyyətlə, açıq danışaq ki, biz futbol ölkəsi kimi digər Avropa ölkələrinə baxanda o səviyyədə deyilik. Biz o qədər də güclü futbol ölkəsi deyilik. Bəlkə bu səbəbdən bizə maraq yoxdur. Baxmayaraq ki, əvvəl xaricdə olan futbolçularımız var. Uğur qazanmamağın səbəbinin də biri odur ki, özümüz burda nəsə edə bilmirik. Belə səbəbləri saysaq, rubrikadan kənara çıxarıq. Özümüz burada nəsə etməliyik əvvəlcə. Uğursuzluğun səbəbi özümüzdədir.
- Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
- Nə lazımdır? Yəni ki, qeyri-adi bir şey olmalıdır. Məsələn, AÇ və DÇ-nin bütün hər şeyi Azərbaycanda keçirilməlidir ki, avtomatik iştirakçı olaq. Nə bilim, bizim ora düşməyimiz yaxın bir neçə ildə, bəlkə də, yarım əsrdə görünmür. Bilmirəm nə lazımdır. Vallah, çox çətindir. Nələr lazımdır, bilmirəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin