Tahir Süleymanov “5 sual, 5 cavab”da: “Ölkədən getməyə çox şansımız olub, getməmişik”

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Neftçi”nin sabiq vitse-prezidenti, keçmiş FİFA referisi Tahir Süleymanovdur:

  • Tahir bəy, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Yaşadığımız həyata insan bir dəfə gəlir. Bu dünya keçid, sınaq dünyasıdır. Ona görə də, insan ölmür, dünyasını dəyişir. İnsanların həyata baxışları fərqlidir, biri maddiyyatı düşünür, digəri mənəviyyatı, bir başqası heç birini… Dərk edənlər üçün mənəvi zənginlik, toxluq insana rahatlıq gətirir. Hər bir insan düşdüyü mühitdən asılı olmayaraq yolunu özü seçir. Səhvsiz insan olmur və qalan ömrümüzdə çalışırıq onları düzəldək. Tanrı günahlarımızı bağışlasın! İmtahan hələ qabaqdadır…
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • Dünyanın öz yaradanı, öz sahibi var. İnsanların ən böyük bəlalarından biri elə dünyanın taleyini həll etmək istəmələridir. Hər birimiz bu dünyada müvəqqəti kirayədə yaşayırıq. Dünya zərgər dəqiqliyi ilə milyon illərdir öz yolunu davam edir və möhkəm əllərdədir. Möhkəm olmayan bəşər aləminin beyin dərinliyinin mənəvi çalarlarıdır. Dünyanı yox, insan hər an özü-özünü yaxşılığa doğru dəyişməlidir. Yaxşılar çox olduqca dünya daha da yaxşılaşır, gözəlləşir.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Bununla razısızmı?
  • Aleks Ferqyuson öz sahəsinin dahilərindəndir. Bir qədər təvazökarlıq edib. İşini bacaranlar “mini yubka”sız da hər şeyi, əsas olanı da görürlər. Elə statistikanın necə olmasını da müəyyənləşdirən öz işinin sahibləridir.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Bu torpaqda dünyaya gəlmişik və xalqımızla fəxr edirik. Azərbaycanda çox vaxt hər şeyi qara fonda görürlər, pozitivlər kənara qoyulur, neqativlər axtarılır. Azərbaycan futbolunun ən böyük problemlərindən biri böyük futbol təhlillələrinin olmaması, aparılmamasıdır. Ən böyük sərvət zəkadır. Ölkə futbolunun zəka, dərin düşüncə, təfəkkür problemi var. Xaricdə uğur qazanmaq üçün ilk olaraq daxildə futbol sistemi müasir tələblərə cavab verməlidir. Bu təkcə futbola aid deyil, bütün sahələrdə belədir. Çiy məhsulu ixrac edə bilməzsən, heç kim almaz. Ən yaxşı halda xammal ilk gündən xaricdə olmalıdır ki, yetişə bilsin. Almaniyada türk futbolçular üst səviyyədə göbələk kimi üzə çıxır, Türkiyədə isə o səviyyədə deyil. Səbəb birdir: sistem fərqliliyi, futbol təhsili keyfiyyəti, yerli mental dəyərlər, emosiyalar, pafoslar. Məşqçilərə isə tələbat yoxdur. Çünki məşqçi pedaqoqdur və sistemin bir parçasıdır. Azərbaycanda da eyni, daha fəsadlıdır. İnkişafa aparan, təmin edən işlək mexanizm olmadan nə futbolçu yetişər, nə də məşqçi. Problem onlarda deyil, futbol idarəçiliyinin yararsızlığındadır. Ölkədən getməyə çox şansımız olub, getməmişik. Fərdi olaraq özümüzə ziyan etmişik. Ümumi futbol adına isə hamı birləşib, Azərbaycan futbolunu düşünməlidir. Ölkə futbolunun potensialı kifayət qədərdir. Nə yazıq ki, səriştəsizlərin əlində qalıb.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • İndiki şəraitlə Azərbaycan futbolunu qısa müddətdə dirçəltmək olar. Son 10-15 ildəki fantastik vəsaitlə ölkə futbolu çoxdan finallarda olmalı idi. Nə baş verməlidir? Azərbaycan futbolunda ilk olaraq zəka “zəlzələ”si baş verməlidir. Millini dünya, Avropa çempionatının finallarına daşımaq asan məsələ olmasa da, əlçatmaz da deyil. Vaxtilə avrokubokların qrupları da xəyal görünürdü. İnam, bacarıq, istək, qalibiyyət ruhu olan yerdə, reallığı nəzərə almaqla nəticə qazanmaq mümkündür.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button