Almanların Azərbaycana “bəxş etdiyi”, “Qalatasaray”ı məyus edən futbolçu – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Komanda.az saytının “Dünən bizdə, bu gün harda?” adlı rubrikası davam edir.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. Bu dəfə “qonağımız” 6 dəfə 21 yaşlılardan ibarət Azərbaycan millisinin və 18 dəfə əsas yığmanın şərəfini qoruyan Cihan Özkaradır.

Cihan Özkara 2011-ci ilin avqustunda Azərbaycan yığmasında debüt edib. Hazırda AFFA-da texniki direktor kimi çalışan alman Bernhard Lippert U-21 yığmasında baş məşqçilik edərkən Almaniyanın “Ahlen” klubundan milliyə dəvət edilib. Həmin dövrdə təkcə Özkara deyil, onunla yanaşı, Bahəddin Köşə (“Ahlen”), Engin Ekrem (“Borussiya”, Münhenqladbax), Ufuk Budak (“Frayburq”), Əli Gökdəmir (“Hannover”) kimi futbolçular yığmaya dəvət olunmuşdu. O zamanlar U-21-ə dəvət olunan bu futbolçulardan hazırda heç biri yığmaya çağırılmır.

U-21-ə dəvət edildikdən sonra Estoniyadan olan həmyaşıdları ilə yoxlama oyununda iki qol vuran forvard, qısa zamanda Lippertin sevimlisinə çevrilir. U-21-lə ümumilikdə 6 oyunda 3 qol vuran Özkara, 10 ay sonra alman Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycanın əsas yığmasına çağırılır. Onu da qeyd edək ki, Cihan Özkara Lippertin hücumu gücləndirmək üçün Berti Foqtsa məsləhət gördüyü oyunçulardan idi.  

Özkara Azərbaycan yığmasında ümumilikdə 18 oyuna çıxıb. Onun millidə ilk və yeganə qolu Bəhreynlə yoldaşlıq görüşünə təsadüf edib. Həmin oyunda Azərbaycan yığması 3:0 hesabıyla qələbə qazanmışdı, Cihan da ikinci qolun müəllifi olmuşdu.

DÇ-2014-ün qrup mərhələsi çərçivəsində keçirilən Portuqaliya – Azərbaycan görüşündə start heyətdə meydana çıxan Cihan, rəqib komandanın hücumçusu Kriştiano Ronaldo ilə mübarizəsi haqda belə bir fikir bildirmişdi: “Sanki mədəmə ağrılar girmişdi. Bununla belə, Ronaldo ilə meydanda birgə olmaq böyük şərəfdir”. Həmin qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.

https://www.youtube.com/watch?v=iYk7GiLQsHA
Cihan Özkaranın Azərbaycan millisindəki yeganə qolu

Cihan Özkaranın Azərbaycan millisinə çağırılmasında Lippert və Foqtsla yanaşı, həmin dövrdəki performansının da rolu böyük idi.

Özkara 2011-ci ildə Almaniyanın aşağı divizion klublarından olan “Ahlen”dən Türkiyənin “Sivasspor” klubuna keçir. Super Liqa təmsilçisində bir mövsüm forma geyindikdən sonra Türkiyənin digər klubu “Ərciyəsspor”a icarəyə verilən futbolçu, 6 ay sonra əvvəlki komandasına qayıdır. Özkaranın budəfəki Sivas səfəri daha uğurlu alınır və üç il bu komandanın şərəfini qoruyur. “Sivasspor”la ümumilikdə 36 oyuna çıxan forvard, sadəcə üç qol vurmağı bacarır. Bu qollardan biri də “Qalatasaray”ın qapısına vurulub. O, komandasının 2:4 hesabıyla uduzduğu matçın 90-cı dəqiqəsində baxımlı qola imza atmışdı. Bu, komandasının oyunda ikinci qolu olmuşdu. Lakin baş məşqçi Sərgən Yalçının gözünə girə bilməyən Cihan, komandadan ayrılmaq məcburiyyətində qalır.

Cihanın “Qalatasaray”la oyunda vurduğu qol

Cihan Özkara 2011-ci ildə Azərbaycan yığmasında debüt etsə də, bizim ölkəmizin klublarına yolu 2015-ci ildə düşüb. “Simurq” 2015-ci ilin yanvarında hücumçunu 6 aylıq icarəyə götürüb. “Transfermarkt” saytının məlumatına görə, həmin dövrdə Cihan karyerasının ən yüksək bazar dəyərinə çatır. Belə ki, Zaqatala klubuna icarə əsasında keçən hücumçunun dəyəri 900 min avro idi. 2015-ci ilin statistikasına görə, Cihan həmin dövrdə Azərbaycan Premyer Liqası klublarında forma geyinən ən bahalı “azərbaycanlı” futbolçu idi. 

“Simurq”a gəlişi haqda yerli mətbuata müsahibə verən Cihan, bu keçiddə klubun prezidenti Anar Bəkirovun xüsusi rolu olduğunu bildirmişdi.  Özkara, həm də, Azərbaycan millisinin məşqçilər korpusuna daha yaxın olmaq üçün “Simurq”u seçdiyini demişdi. Ancaq hücumçunun “Simurq” karyerası elə də uğurlu alınmadı. Premyer Liqa təmsilçisi ilə 12 oyunda forma geyinən futbolçu qol vura bilmədən Azərbaycanı tərk etməli oldu. Həm icarə müqaviləsinin bitməsi, həm də, “Simurq”un sponsorsuz qalması və klubun dağılma təhlükəsi Cihanın Türkiyəyə dönməsini şərtləndirdi.

Hücumçu daha sonra “Sivasspor”a qayıdaraq, ordan da Almaniyanın “Proyssen” klubuna keçdi. Burda bir mövsümdə 28 oyuna çıxan (1 qol) Azərbaycan millisinin keçmiş üzvü, daha sonra Almaniyanın digər təmsilçisi “Verl”ə keçir və 19 matçda 6 dəfə rəqiblərin qapısına yol tapır. 

Hazırda 28 yaşı olan Cihan Özkara Almaniyanın Regional Liqasında mübarizə aparan “Rot Vayss” (Oberhausen) klubunun şərəfini qoruyur. 2018-ci ildə bu komandaya azad agent kimi keçən hücumçu, bu mövsüm Qərb Liqasında 15 oyunda 7 qol vurmağı bacarıb. Diqqətdən kənarda olan, yada düşməyən Cihan, “Rot Vayss”ın iki gün əvvəl “RSV Meynerhagen”lə keçirdiyi yoxlama oyununda da qol vurmağı bacarıb.

Yaşı çox da olmayan Cihan Özkaranın yenidən Türkiyə və ya Azərbaycan klubuna keçməsi, onun yenidən milli komandaya dəvət almasına səbəb ola bilər. Formada olan hücumçunun hazırkı klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir. Cihanın “transfermarkt”da dəyəri isə cəmi 75 min avrodur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button