“Normal qrupa düşmüşük, amma işimiz çətin olacaq” – Joze Alesio
Bu gün futzal üzrə AÇ-2022-nin final mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Niderlandın Zeyst şəhərində təşkil olunan püşkatma mərasimində iştirak edən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qrupla bağlı fikrini bölüşüb:
“Final mərhələsinə hər zaman güclü komandalar vəsiqə qazanır. Bunu nəzərə alsaq, burada asan rəqib, komanda axtarmağın mənası yoxdur. Normal qrupa düşmüşük. Bunu deməklə işimizin asan olacağına işarə etmirəm. Əksinə, çətin olacaq. Əslində, İspaniya arzulamadığım rəqibdir. Amma birinci səbətdə yer alan yığmaların biri qrupumuza düşməli idi, payımıza İspaniya düşdü. Yaxşı hazırlaşmalıyıq. Çünki komandalar bura yaxşı hazırlıq keçib gələcəklər və hər bir iştirakçının arzusu ən azı qrupdan növbəti mərhələyə vəsiqə qazanmaq olacaq.
Şans hər zaman var. Hər oyunda meydana çıxan millilərin şansı 50 faizə bərabər olur. Qalır bu göstəricini xeyrinə dəyişmək. Yenə deyirəm, yaxşı nəticə qazanmaq üçün ciddi hazırlaşmalıyıq”.
Bizi Facebook-da izləyin