Adə, bir az diri oynayın da!

Rəşad Ergün

Qəribə bir tendensiya yaranıb Azərbaycan futbolunda. Daha doğrusu, Azərbaycan futbolundan yazan, fikir bildirən, söz deyən, deməyə cəhd edənlər arasında. Hansısa komanda avrokuboklarda uduzur, “nooldu, legionerlər oynasın daa” səs-küyü sosial medianı başına götürür. Azərbaycan Premyer Liqasında nisbətən az büdcəyə malik komanda özündən daha imkanlı, daha yaxşı legionerlərə sahib kluba qalib gəlir, yenə o səslər eşidilir: “Nooldu, limit götürüldü, oynasın da legioinerlər!”

Bu nə yanaşmadır? Bu nə məntiqdir? Azərbaycan futbolunun problemi legioner limitidir? Azərbaycanlı Amin Seydiyevi “Sabah”da inkişaf etməyə qoymayan legionerlərdir? Azərbaycanlı Elvin Cəfərquliyevi “Ferentsvaroş”la iki oyunda iki qolla nəticələnən, müdafiəçiyə yaraşmayan səhv etməyə məcbur edən Abdullah Zubir, Andrade, ya da Mateus Silva idi? Bəlkə, bir vaxtlar yerə-göyə sığdırmadığınız Araz Abdullayevin İngiltərədə – “Everton”da, Yunanıstanda – “Panionios”da qarşısını da Azərbaycanda oynayan legioner futbolçular kəsdi? O vaxt “Neftçi”nin vitse-prezidenti olan Tahir Süleymanovun da dəstəyi sayəsində, birtəhər çıxmışdı da Avropa arenasına – İngiltərə, Yunanıstan klublarına. Nə oldu axırı? Məlum oldu ki, Araz adlı bu oğlan sizin hamınızla birlikdə, ingilisləri, yunanları da aldadıb, nə istedadı var, nə potensialı. Odur e, gedib “Karvan-Yevlax”a, növbəti klubda, növbəti dəfə gününü keçirməyə. İngilislərin, yunanların tez bir zamanda anladığı, qəbul etdiyi həqiqəti, reallığı siz niyə qəbul etmək istəmirsiz?

Araz Abdullayev bir yana, kimi yetişdirib Azərbaycan futbolu son 10-20 ildə? Mahir Emreli? Azərbaycan futbolunun maksimumu, gücü, potensialı, zorla ortaya çıxardığı Almaniyanın 2-ci Bundesliqasında oynayan BİR futbolçudursa, davanız nəyin davasıdır?

Deyirsiz ki, “nooldu, legionerlər niyə oynamır?” İkinci dəfə “Beşiktaş”ın baş məşqçisi təyin olunan Sərgən Yalçının bir açıqlaması var idi, unutmaq mümkün deyil. Sərgən Yalçın deyirdi:

“İngiltərədən “Beşiktaş”a gələn bir futbolçu var idi. İzləmişdim, potensialı olan oyunçu idi. Amma bizim komandada məşqləri yola verirdi, can yandırmırdı. Bir gün ondan soruşdum ki, niyə belə edirsən? Dedi ki, “mən bura gələndən sonra gördüm ki, hər kəs məşqlərdə aşağı tempdə çalışır, mən də bunların tempinə uyğunlaşdım”.

Türkiyə kimi stadionları, azarkeşləri göz oxşayan ölkəyə gələn əcnəbi futbolçu bunu deyirsə, Azərbaycana gələn legionerdən nə istəyirsiz? Süni örtüklu meydançada, 200-300 azarkeşin qarşısında sizə “abrakadabra” göstərsin?

Axı, həm də, o səviyyədə legionerlər də gəlmir Azərbaycana. Siz azarbaycanlı ola-ola Bakı və paytaxtətrafı qəsəbələrin kanalizasiya iyi verən küçələrindən, məhəllələrindən, tıxaclarından, cərimələrdən, saatı bilinməyən ağır işlərdən Almaniyaya, Fransaya, Niderlanda, ABŞ-a qaçmaq istəmirsiz? Sizin çoxunuzun qaçmaq istədiyi ölkəyə kim gəlsin istəyirsiz? İspaniya La Liqasından, İngiltərə Premyer Liqasından, Almaniya Bundesliqasından oyunçular? Gələnlər də özlərini daha yüksək liqalarda sübut edə bilməyəcəklərini anlayanlardır. Tam sizə, bizə, Azərbaycan futboluna görə olan legionerlər. Nisbətən istisna “Qarabağ”dır ki, onun da daim avrokuboklarda oynamaq kimi əldə etdiyi bir lüksü var. Vəssalam. Legioner limitindən danışmazdan əvvəl yaşadığınız ölkəyə, futbolunuza, süni örtüklü, keyfiyyətsiz meydançaları olan stadionlarınıza, boş tribunalara baxın, sonra mühakimə edin, hökm verin.

Biz yerli futbolçu yetişdirməmişiksə, yetişdirə bilmiriksə, bunun günahı Abdullah Zubirdə, Marko Yankoviçdə, Kadi Borgesdə, hərəsi bir klubda olan Mikels qardaşlarında, hətta Azərbaycandakı ən aşağı səviyyəli legionerdə deyil. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşda da deyil. Bilirəm, milli qarşıdakı oyunlarda uğursuz olan kimi yapışacaqsız yaxasından.

Nə vaxtsa Azərbaycanda yetərincə, normal səviyyədə yerli futbolçu olsa, onlara şans verilməsə, limit qarşılarını kəssə, hamınızdan əvvəl etiraz edəcəm. Amma indi Azərbaycan futbolu araz abdullayevlərdən ibarətdir. Bəlkə, aralarında daha gənc, daha insaflı, daha peşəkar olanları səviyyəsi ilə nisbətən seçilən legionerlərə baxıb, nəsə öyrənmək istəyər. Bu da bir ümiddir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button