Noldu, Sərxan?
Hüseyn Cəbrayıloğlu
Türkiyənin Demokrat Partiyası başqan yardımçısı, siyasət aləmində obyektiv, açıqsözlü çıxışları ilə daim gündəmə gələn millət vəkili Cemal Enginyurtun “Noldu, Eyüp” sualı sosial platformalarda izlənmə rekordları qırır. Qardaş ölkədə keçirilən bələdiyyə seçkiləri öncəsi İstanbul Taksiçilər Odası başqanı Eyüp Aksunun hakim AK partiyasının İstanbul Bələdiyyəsi namizədi Murat Kuruma işarə ilə seçkidən öncə “taksimetrelerinizi kurun, geliyor Murat Kurum” sloqanına seçkidən sonra Enginyurtun televiziya proqramlarının birində istehzalı baxışı ilə kameralara dönüb “Noldu, Eyüp?” deməsi videosu milyona yaxın baxış toplayıb.
Mənim başlığa çıxardığım sual isə AFFA-nın baş katibi, lap təzə vəzifəsi icraçı vitse-prezident olan Sərxan Hacıyevə ünvanlanıb.
Yadınıza gələr, cari mövsümün əvvəlində Azərbaycan futbolunda ilk dəfə yeni liqalar yaradıldı. Əksər rayonlara, bölgələrə bu liqalarda iştirak imkanı yaradıldı, az qala 30 ildə futbol üzü görməyən rayonlarımız belə, yarışa buraxıldı. Bu münasibətlə nə qədər papaq sevincdən göyə atıldı, Sərxan Hacıyev üçün tərifin biri iki qəpiyə idi və Elxan Məmmədovun aşağı-yuxarı, bir az obraz olaraq kiçik variantı inqilabçı, futbolumuzu irəli aparacaq kadr kimi göylərə qaldırılmışdı. İndi sevincdən göyə atılan papaqlar, Sərxan Hacıyev üçün təriflər göydə qalsın, həmin dövrün ən məşhur sual-cavabını bir daha yadınıza salım. Obyektiv, heç bir maraq güdməyib futbolumuzu düşünən, adını bilmədiyim jurnalist Hacıyevə sual ünvanlamışdı ki, “bu qədər komanda sırasında niyə Lənkəran təmsilçisi yoxdur”. Ağır-ağır düşünən, başını gah aşağı salan, gah göyə qaldıran baş katibimiz məşhur cavabını vermişdi: “Komandalar liqalara buraxılarkən infrastruktur, onların maliyyə dayanıqlığı və kimliyi ətraflı araşdırılıb qərar verilib”.
İndi isə məlum olub ki, bizim bu bəy tərifi liqalarımız əməlli-başlı qumar meydanına çevrilib, UEFA az qala hər həftə bir oyun barədə şübhələrin yer aldığı qalaq-qalaq məktublar göndərir. Heç UEFA-nın məktubları gəlməsə belə, hər həftə sosial şəbəkədə qoyulan oyunlardan kiçik-kiçik videolar bizim ölkə futbolunda nəinki qumar, mərc oyunlarının bütün detallarını əhatə edən əməlli-başlı qumarxana açıldığı qənaətini açıq-aşkar ortaya qoyurdu. Nəyi necə istəyirlər, oynayırlar. Bir oyuna iki penaltı, üç avtoqol, vərəqə sayı, nə istəyirsən, var.
Lənkəran kimi futbol şəhərini heç ikinci liqaya belə yaxın buraxmayan Sərxan Hacıyev görəsən, indi nə düşünür? Mövsümün əvvəlində sevincdən göyə atılan və hələ də yerə düşməyən papaqlara, ona ünvanlanan bəy təriflərinə baxmayaraq, qumar liqalarına dönən birinci və ikinci liqaya tamaşa edib, əynindən çıxmayan ütülu pencəyinin altında xəcalət təri tökürmü? Bəs deyirdi komandaları yarışa buraxanda hər şey nəzərə alınıb, yoxlanılıb. Hə, noldu, Sərxan?!
Bizi Facebook-da izləyin